Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Maduro vəzifədən bərk yapışıb


Nicolas Maduro tərəfdarları Karakasda onun portretini qaldırır, 1 may, 2019-cu il
Nicolas Maduro tərəfdarları Karakasda onun portretini qaldırır, 1 may, 2019-cu il

Dünən – mayın 1-də venesuelalılar müxalifət lideri Juan Guaido-nun çağırışına səs verərək küçələrə çıxsalar da, Prezident Nicolas Maduro-nu devirmək asan məsələyə oxşamır. “Reuters” agentliyi ölkədəki böhranın getdikcə daha çox siyasi çıxmaza girdiyini yazır.

Guaido Venesuela tarixində “ən böyük yürüş” çağırmışdı, Twitter-də yazırdı ki, Maduronu devirməyin “sonuncu mərhələsində” “milyonlarla venesuelalı” küçələrə axışıb.

Ancaq artıq axşama doğru paytaxt Karakasda etirazçıların çoxu evlərinə çəkilib. Milli Qvardiya küçələrdə qalanların üzərinə gözyaşardıcı qaz buraxıb.

Yerli hüquq müdafiə təşkilatları Karakasda bir gənc qadının başından aldığı güllə yarasından dünyasını dəyişdiyini bildirib. Guaido da bunu Twitter-də təsdiqləyib.

Etirazçılarla hökumət qüvvələrinin toqquşması
Etirazçılarla hökumət qüvvələrinin toqquşması

Venesueladakı qarşıdurma Birləşmiş Ştatlarla Rusiya arasındakı gərginliyi artırıb. Hər ikisi bir-birini OPEC üzvü olan bu ölkənin işlərinə müdaxilədə ittiham edir.

Guaido ordunu onu dəstəkləməyə çağırsa da, silahlı qüvvələrin rəhbərliyi Maduroya sadiqdir. O, keçmiş prezident Hugo Chavez 2013-cü ildə vəfat edəndən sonra hakimiyyətə gəlib.

“Səbirli olmaq lazımdır”

“Reuters” yazır ki, indiki məqamda Guaido-nun küçə etirazlarının təşkilindən savayı nə edə biləcəyi bəlli deyil. İndiyədək müxalifət nəhəng etirazlar təşkil edib, ancaq onu devirmək mümkün olmayıb. Ölkəni isə dərin iqtisadi geriləmə, hiperinflyasiya qoynuna alıb.

Agentliyin söhbətləşdiyi etirazçılar Maduronun devrilməsinin uzun müddət çəkəcəyinə hazır olduqlarını deyiblər. “Davam etməliyik. Son üç ayda Guaido onların 20 ildə etmədiyini görüb və səbirli olmaq lazımdır”, – 52 yaşlı tibb bacısı Laila Amezquita deyib.

Etirazlarda yaranmış media təmsilçisi
Etirazlarda yaranmış media təmsilçisi

Birləşmiş Ştatlar, Avropa İttifaqı və digər ölkələr Guaido-nu Venesuelanın aralıq dövr prezidenti kimi tanıyıb. Maduronu isə Rusiya, Çin, Kuba dəstəkləyir.

ABŞ Prezidenti Donald Trump administrasiyası Maduro hökumətinə sanksiyalar qoyub, hərbi müdaxiləni istisna etməyib, eyni zamana dinc keçidə üstünlük verdiyini bildirib.

“Hərbi addım mümkündür. Tələb olunarsa, Birləşmiş Ştatlar bunu edəcək”, – Dövlət katibi Mike Pompeo “Fox Business Network”ə söyləyib.

Rusiyanın Xarici işlər naziri Sergei Lavrov mayın 1-də Pompeo-ya deyib ki, Venesuelada əlavə “aqressiv addımlar” ağır nəticələr doğuracaq.

Maduro dövlət qurumlarına nəzarəti saxladığından Guaido hökumətin başına keçə bilmir. Guaido dünən deyib ki, işdə fasilələr vermək, bunu ümummilli tətilə çevirməklə bağlı təklifi nəzərdən keçirəcək.

Etirazçılardan 70 yaşlı kiçik sahibkar Carlos Alberto deyib: “Bu rejimdən yorulmuşuq, bizi qəddarcasına var-yoxdan çıxarıb. Övladlarım, demək olar bütün ailəm Venesueladan köçüb... Bilirik ki, bu gün də olmasa, sabah olacaq, çünki bu bitməlidir”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG