Latviya hakimiyyəti Belarusla sərhədlərinə yığılmış qaçqın və miqrantları zorakılıqla geri qaytarıb. Onlar ağır inşan haqları pozuntularına məruz qalıblar, hətta gizli həbslər və işgəncəylə üzləşiblər. Bu haqda “Amnesty International” insan haqları təşkilatı yeni hesabatında yazır.
“Latviya: Ya evinizə qayıdın, ya da meşədən heç çıxmayın” adlı hesabatda miqrantlar və qaçqınlar, o cümlədən uşaqlarla qəddar rəftardan söz açılır. Onları Latviya meşələrində gizli yerlərdə özbaşına saxlayıb, qanunsuz və zorakılıqla Belarusa qaytarıblar, hesabatda belə deyilir.
“Könüllü” qayıtmağa məcbur ediblər
Çoxları döyülüb, onları elektroşokerlə, hətta cinsiyyət orqanlarından vurublar. Bəzilərini qanunsuz şəkildə məcbur ediblər ki, “könüllü” şəkildə öz ölkələrinə qayıtsınlar.
2021-ci ildə Belarusla sərhədə xeyli qaçqın yığışdığından Latviya avqustun 10-da fövqəladə vəziyyət elan edib. Aİ-nin qaydalarına və beynəlxalq hüquqa, eləcə deportasiya etməmək prinsipinə zidd olaraq, fövqəladə vəziyyətdə dörd sərhəd ərazisində sığınacaq almaq hüququ ləğv olunub. Bu isə Latviya hakimiyyətinə imkan verib ki, adamları zorla və kütləvi şəkildə Belarusa qaytarsın.
Sonradan Latviyada fövqəladə vəziyyət dəfələrlə, sonuncu dəfə bu ilin noyabrınadək uzadılıb. Bu arada sərhədə yığılanlar azalıb, rəsmilər özləri də etiraf ediblər ki, eyni adamlar sərhədi bir neçə dəfə keçdiyindən ölkəyə giriş cəhdləri artıb.
Sərhəddə çadırlarda qalıblar
Amnesty onlarla qaçqının və miqrantın sərhəddə qurulmuş çadırlarda antisanitar vəziyyətdə saxlandığını bildirir. Çox az sayda miqrant Latviyaya buraxılıb, onların da çoxu saxlama mərkəzlərinə yerləşdirilib, onlarla bağlı məhdud sığınacaq prosedurları başlanıb, ya da heç başladılmayıb. Hüququ yardım, müstəqil nəzarətlə bağlı eyni sözləri demək olar.
Bu hesabatdan öncə qurum Belarus, Polşa və Litvada qaçqın və miqrantların üzləşdiyi insan haqları pozuntuları haqda oxşar hesabatlar hazırlamışdı.
Ötən il Avropa ittifaqı Belarus diktatoru Alyaksandr Lukaşenkanı Yaxın Şərq və Afrikadan miqrantları Minskə yığaraq onları blok üzvləri Litva, Latviya və Polşa ilə sərhədlərinə göndərməkdə suçlayırdı. Belarusun müxalifətə divan tutmasına görə Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq buna getdiyi deyilirdi.
Lukaşenka isə ittihamı rədd edib.