Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 19:13

Laçının keçmiş icra başçısı: ‘Abrıma sığınıb 15 min göndərdim…’


Bakı Ağır Cinayətlər Məhkəməsi

2007-2013-cü illərdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ramiz Cəbrayılov yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, bir sıra vəzifəli şəxslərin özlərini və övladlarını, şirkət rəhbərlərini onları rüsvay edən məlumatlar yaymaqla hədələyib pul almaqda suçlanan Habil Vəliyevin məhkəməsində ifadə verib.

“Gündəlik Bakı” qəzetinin baş redaktoru olmuş Vəliyevin şantajla pul aldığı iddia olunan vəzifəlilər arasında sabiq icra başçısı da var. Ona görə də Ramiz Cəbrayılov bu işdə zərərçəkmiş kimi tanınıb. Cinayət işinin materiallarında yazılıb ki, Cəbrayılov icra başçısı olduğu dövrdə - 2012-ci ildə Habil Vəliyevə 15 min manat pul verib. O, pulu həmin vaxt Laçın rayonunun Təhsil Şöbəsinin müdiri olan Malik Vəliyev vasitəsiylə göndərdiyini deyir.

Buna da bax: 2017-ci ildə AzadlıqRadiosu üzərinə ‘amansız təzyiqlər’ edilib

“Bu işə təhrik edənlər indi də öz yerlərindədir”

Sabiq icra başçısı məhkəmədə Habil Vəliyevə hansı səbəbdən pul göndərməsi haqda geniş danışmaq istəməyib. İfadəsi də qısa olub. Deyib ki, Habil Vəliyevdən şikayətçi deyil: “Mənə 15 min manat mənəvi zərər dəyib. Qəpiyinə qədər ödənilib. Heç bir şikayətim yoxdur”.

Amma keçmiş məmur hesab edir ki, Vəliyevi təhrik edənlər olub və onlardan gileylənib: “Onu bu işə təhrik edən şəxslər var. Onlar indi də öz yerlərindədir…”

R.Cəbrayılov bundan sonra məhkəmə iclaslarına da gəlmək istəmədiyini deyib.

“Yazmışdı ki, övladımın toyunda büdcə təşkilatlarının müdirlərindən pul yığmışam”

Buna da bax: Taleh Bağırov: 'Belələrinin qarşısında sınmayın'

Onun istintaqa ifadəsi isə geniş olub. Deyib ki, 2011-ci ildən “Gündəlik Bakı” qəzetində onun özü və ailə üzvləri haqqında rüsvayedici məqalələr dərc olunub. Əvvəlcə əhəmiyyət verməsə də, sonra ailə üzvlərinə görə narahat olub. Məqalələrdən birində yazılıb ki, icra başçısı övladına toy edib, büdcə təşkilatlarının hesabına xeyli pul yığıb: “Yazılmışdı ki, Laçın rayonunun büdcə təşkilatlarının müdirləri pul salmaq üçün toyda növbəyə düzülüblər”.

Onun sözlərinə görə, H.Vəliyev yazıların dayandırılmasından ötrü ondan 40 min manat pul tələb edib: “Habilin çox təhlükəli insan olduğunu görüb, abrıma sığınıb barəmdə yazılan rüsvayedici məlumatlardan yaxa qurtarmaq üçün 2012-ci ildə Laçın rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyev vasitəsilə 15 min manat göndərdim”.

Sabiq icra başçısı məhkəmədə ifadə verərkən təqsirləndirilən H.Vəliyev onun söylədiklərinə heç bir münasibət bildirməyib.

Zərərçəkənlər kimlərdir?

H.Vəliyev 2016-cı ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunub. İttihama görə, H.Vəliyev gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə, başqalarını şəxsi həyatlarına aid materiallarla hədələyib, onlardan pul alıb.

Buna da bax: 'Bir gün Əliyev hakimiyyətinə xidmət edib çöldə olmaqdansa...'

H.Vəliyev hələlik məhkəmədə ifadə verməsə də, ümumilikdə özünü təqsirli bilmədiyini söyləyib.

Bu cinayət işində 12 nəfər zərərçəkmiş arasında sabiq icra başçısı ilə yanaşı, “Qarasu” əməliyyat şirkətinin şöbə rəisi Rasim Bağırov, Neftçala rayon Maliyyə İdarəsinin rəisi Rəşid Mənəfov, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov, bir sıra otellərin icarədarları, restoran sahibləri də var. Zərərçəkmişlərdən indiyədək dördü məhkəmədə ifadə verib, onlardan da üçü zərərin ödənildiyini, ona görə şikayətçi olmadığını deyib. Yalnız Hacıqabul rayonundakı “Çinar” restoranın sahibi Rafiq Rəsulov şikayətçi olub. Onun sözlərinə görə, H.Vəliyev ondan 10 min dollar istəyib, nəticədə 785 manat alıb. Amma təqsirləndirilən Vəliyev məhkəmədə deyib ki, bu adamı tanımır.

Günün bütün mövzuları

XS
SM
MD
LG