«The Atlantic» nəşri kürdlər, onların tarixi və XX əsrdə regionda oynadıqları mühüm rol haqda geniş məqalə dərc edib.
Müəllif Robert Kaplan yazır ki, qədim yunan tarixçisi Ksenofonun yazılarında adı «karduçi» kimi keçən kürdlər hələ eramızdan əvvəl II minillikdə Zaqros və Tavr dağlarında məskunlaşıblar. Kürdlərin arasından çıxan görkəmli sərkərdələr arasında Qüdsü və müqəddəs torpaqların əksər hissəsini səlibçilərin əlindən qurtaran Səlahəddin də var.
Müasir dövrdə kürdlərin ox və yayları sovet AK-47 avtomat silahları və qumbaraatanlarla əvəzlənib. «Peşmərgə» (ölümə hazır olanlar) adlı dəstələrsə son illərdə bütöv türk, İraq və İran hərbi birləşmələrini məhv ediblər.
Dəqiq rəqəmlər olmasa da, hesab edilir ki, hazırda Türkiyə, Suriya, İraq, İran və keçmiş sovet respublikalarında 16 milyondan çox kürd yaşayır. Bundan başqa, Livanda da 70 minlik kürd icması var.
Başqalarından asılılıq
İraq neftini Aralıq dənizinə nəql edən strateji boru kəmərlərinin 70%-dən çoxu Kürdüstan ərazisindən keçir. İranın xam neftini nəql edəcək boru kəməri də kürdlərin yaşadığı ərazidən keçəcək. Türkiyənin cənub-şərqindəki kürd ərazilərində dünyanın ən böyük su elektrik layihələrindən biri tikilməkdədir. Suriyalılar bu layihənin Fəratı daşıra biləcəyindən narahatdırlar. Tarix boyu kürdlərin dövləti olmadığından onlar daim başqalarının strategiyalarından asılı olublar. Suriyada təlim keçdiyi iddia olunan kürd terrorçu qruplaşması hazırda Türkiyənin bir nömrəli daxili təhlükəsizlik probleminə çevrilib. Suriya və İranın dəstəklədiyi kürd partizan dəstələri şimali İraqın əksər hissəsinə nəzarət edir. İraqın yardım etdiyi peşmərgələrsə İrandakı müxalif qüvvələrin hərbi cəhətdən ən güclüsüdür. Bütün bu qruplar vaxtilə bu və ya digər formada SSRİ tərəfindən dəstəklənib. Rəsmi Kürdüstan dövləti mövcud olmasa da, istənilən geosiyasət dərsinə kürdlərdən başlamaq olar. On illərlə kürdlər regionun hər bir dövlətinin daxili sabitliyini müəyyən edən əsas amillərdən biri olub.
Bir əfsanəyə görə, kürdlər Süleyman şahın sarayına aparılan zaman yolda iblislərin zorladığı 400 bakirə qızın övladlarıdır.
İslamı qəbul etməzdən öncə azı 1500 il öz dili və mədəniyyəti olan bu xalqın iranlılar, türklər və ərəblərlə dini bağları o qədər də ciddi amil olmayıb. Hətta din zaman-zaman kürdləri qonşularından ayırmağa xidmət edib. İranda yaşayan kürdlərin bəziləri Tehrandakı şiə teokratiyasına və etnik farslara müxalif olduqlarını öz dünyəvi baxışları ilə sərgiləyirlər. Türkiyədə isə, əksinə, Mustafa Kamal Atatürkün qatı dünyəvi baxışları üzərində qurulmuş dövlətin fonunda kürd üsyançılar fundamentalizmlə millətçiliyi kombinə ediblər. Türkiyədə çoxarvadlılıq rəsmən qadağan olunsa da, bu, kürd kəndlilər arasında geniş yayılmış praktikadır.
«Birləşmiş xalq deyil»
Müəllif daha sonra yazır ki, kürdlər birləşmiş xalq deyil, daha çox tayfa və klanların birləşməsidir. Bu parçalanma və fərqlilik özünü kürd partizan dəstələrinin fərqli məqsədlərində də büruzə verir. Bu isə dövlətçilik arzusunu əlçatmaz edən amillərdəndir.
Birinci Dünya müharibəsinin sonunda kürdlər, nəhayət, öz dövlətlərini qurmağa çox yaxın olublar. 1920-ci ildə Osmanlı imperiyasının ərazilərini parçalayaraq bölüşdürmək məqsədilə bağlanmış Sevr müqaviləsinin şərtlərinə görə, Türkiyənin şərqində kürd dövləti qurulmalı idi. Ancaq 1921-ci ildə M.K.Atatürkün yunan ordusunu məğlub edərək, Anadolu ərazisində yeni, birləşmiş türk dövləti yaratması nəticəsində müqavilənin şərtlərinə yenidən baxılmalı oldu.
İkinci Dünya müharibəsindən sonra isə Şimali İranı işğal edən SSRİ burada, Mahabad şəhəri ətrafında Moskvadan asılı olan marionet kürd dövlətinin yaranmasına yardım etdi. Ancaq ingilis-amerikan təzyiqi nəticəsində onsuz da başı Şərqi Avropa və Balkanlara qarışan Stalin 1946-cı ilin sonunda İranda tutduğu ərazilərdən çıxmalı oldu. Beləliklə, kürdlər sonuncu şahın atası Reza şahın ümidinə qaldılar. Şah marionet rejimi darmadağın edərək, onun lideri Qazi Məhəmmədi edam etdirdi. Bu günədək Q.Məhəmməd İraq və İranda yaşayan kürdlər üçün görkəmli şəxsiyyətlərdən biridir.
İraq kürdləri
Mahabaddan olan başqa bir görkəmli fiqur Molla Mustafa Bərzanidir. O, 10 ildən artıq SSRİ-də mühacirətdə yaşamalı olub. Bərzani sonradan şimali İraqda bir neçə üsyana rəhbərlik etmək üçün qayıdıb. Bu səfər o, ABŞ, İsrail və İran tərəfindən gizli dəstəklənib. Bunların arasında ən güclü üsyan 1974-cü ilin martında baş verib. İraq rejimi Bərzani qüvvələrini dəf etmək üçün tanklardan və təyyarələrdən istifadə etməli olub. 1975-ci ildə İranla İraq arasında bağlanan sazişə əsasən, Şah kürdlərə yardımını dayandırır, nəticədə üsyan yatırılır. Peşmərgələr dağlardakı mağaralarına qayıtmalı olur, Bərzani isə yenidən mühacirətə, ancaq bu dəfə ABŞ-a getməli olur. O, 1979-cu ildə Vaşinqtonda vəfat edir.
1980-ci ildə İranla İraq arasında müharibənin başlaması kürdlərə yeni bir fürsət verir. İraq qoşunları cənub cəbhəsində döyüşlərə cəlb olunduğuna görə üsyançı peşmərgələri dəf etməyə yetərincə qüvvə yox idi. Şimali İraqda kürd separatçılığı çiçəklənirdi. Süleymaniyədən şimalda üzərində İraq prezidenti Səddam Hüseyn ət-Takritinin portreti olan posterlər və İraq əsgərləri qəfildən yoxa çıxırdı. Onların əvəzinə patrontaşlı, başı çalmalı, enli şalvarlı və qurşaqlı peşmərgələri görmək olurdu. Xəritəyə görə isə, bu ərazi hələ də İraq idi. Burada yaşayan 2.5 milyon kürd İraq əhalisinin 1/5-ni təşkil edirdi.
Müəllif yazır ki, bütün regionda Bağdad kürdlər üzərində ən az nəzarətə malik rejimdir: «Hətta İraqın öz qoşunları belə sual doğurur, çünki ölkənin şimalındakı qeyri-nizami əsgərlərin çoxu da etnik kürddür – peşmərgələr onları «coş» (eşşək oğlu) adlandırır, amma İraq rejimi onların sadiqliyinə bel bağlaya bilməz».