Keçid linkləri

2025, 27 Mart, Cümə axşamı, Bakı vaxtı 00:57

'Kubinka'da evinin sökülməsinə etiraz edən qadına cəza verildi


Kubinka sakini: 'Məmurlar bizim malımızdan kəsib özlərinə şərait qurur...'
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00

Kubinka sakini: 'Məmurlar bizim malımızdan kəsib özlərinə şərait qurur...' (Arxiv. 2017)

Bakının "Kubinka" adlanan ərazisində evlərinin sökülməsinə uzun müddətdir etiraz edən sakinlərdən biri - Sevinc Rəhmanova söküntünü aparan şirkət rəhbərliyinin şikayəti əsasında məhkum edilib. "RR Construction" şirkətinin baş direktoru Rəfail Abdullayevin şikayətiylə onun haqqında ittiham hökmü çıxarılıb. S.Rəhmanova Yasamal rayon Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələriylə təqsirli bilinib və ona 1300 manat cərimə cəzası kəsilib.

II qrup əlil olan 62 yaşlı S.Rəhmanova əmlakının sökülməsinə etiraz edən narazı qonşularıyla birgə dəfələrlə müxtəlif dövlət orqanlarına şikayətə gedib, media qurumlarına müsahibələr verib.

R.Abdullayev iddia edir ki, "Kanal 13", "AbzasMedia" və başqa kanallara müsahibələrində S.Rəhmanova onun haqqında təhqir və böhtan xarakterli ifadələr işlədib. Bu da onu və ailəsini sarsıdıb, işgüzar nüfuzuna zərbə vurub. Onun sözlərinə görə, uzun illərdir işləsə də, heç kim ondan şikayətçi olmayıb.

Sakin məhkəmədən bəraət istəyib

S.Rəhmanova isə deyir ki, yalandır, R.Abdullayev "RR Construction"dan öncə icra hakimiyyətində çalışdığı dövrdə də ondan çoxsaylı şikayətlər olub, bu haqda media da yazıb. Təhqir və böhtan ittihamlarıyla razılaşmayan "Kubinka" sakini öz müsahibələrində səsləndirdiyi ifadələrlə bağlı ekspertiza rəyini də qəbul etmir. O, məhkəmədən bəraət istəyib.

Şirkət sakinlərə yeni tikiləcək binalarda onların öz evlərinin sahəsindən 20 faiz çox olmaqla mənzil təklif edir, binalar hazır oluncayadək də onları kirayə pulu ilə təmin edəcəyinə dair müqavilə bağlayır. Mənzil istəməyən sakinlərə isə hər kvadratmetrə görə 2 min manat təklif olunur.

Sakinlər bu təkliflə razılaşmırlar. Onlar indiyədək bir çox tikinti şirkətinin vətəndaşları aldatdığını, minlərlə insanın çarəsiz duruma düşdüyünü əsas gətirərək "RR Construction"ın bir neçə il sonra onlara mənzil verəcəyinə əmin olmadıqlarını deyir, bu üzdən, pul ödənilməsini istəyirlər. Ancaq hər kvadratmetrə 2 min manatın da bazar qiymətləriylə müqayisədə çox aşağı rəqəm olduğunu vurğulayırlar.

Xatırlatma

Bakı şəhəri İcra Hakimiyyəti başçısının 2022-ci ildə imzaladığı sərəncamla şirkətə Yasamal rayonunun Zivərbəy Əhmədbəyov, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahim Əbilov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçivani küçələrinin əhatəsində yerləşən 5.29 hektar torpaq sahəsində yaşayış binalarının tikintisinə icazə verilib. Hazırda bu ərazidə evlərin əksəriyyət sökülüb. Ancaq narazı qalan və "RR Construction"la məhkəmədə çəkişən sakinlər də yetərincədir.

"Kubinka" sakinlərinin AzadlıqRadiosuna bildirdiyinə görə, Yasamal rayon Məhkəməsi bir çox mübahisələrdə "RR Construction"ın xeyrinə qərar verib: "Şirkətin iddiası təmin olunub, qərar verilib ki, mülkiyyət sahibləri evlərini məcburi boşaltsın. Belə qərarlardan apellyasiya şikayəti verilib".

XS
SM
MD
LG