Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:52

Koronavirusun 9 milyard dollarlıq kino bazarına təsiri


Kinoteatr
Kinoteatr

Çin Uhan koronavirusuna görə kinoteatrlarının çoxunu bağlayıb. Bunun kino sənayesinə çox ciddi mənfi təsiri ola bilər.

Çin ABŞ-dan sonra dünyada ikinci ən böyük kino nümayişi bazarı sayılır. Onun kassa bazarı 9.2 milyard dollar dəyərində qiymətləndirilir. Ancaq bu bazarın nəhəng itkilərə məruz qalacağı gözlənilir: ölkədə kinoteatrların xeyli hissəsi Uhan koronavirusunun yayılmasına görə bağlanıb.

Üstəlik, 70 mindən çox ekranın fəaliyyətini dayandırması Çində kino satışlarının pik mövsümünə təsadüf edib. Bu mövsümdə ailələr və dostlar yığışıb birlikdə Çin Yeni ilini qeyd edirlər.

IMAX Çində 600-dən çox kinoteatr işlədir

Ötən ilin bayram həftəsində kino biletlərinin satışı 1 milyard dolları keçmişdi. Bu il də təqribən eyni məbləğdə qazanc əldə ediləcəyi gözlənilirdi. Ancaq virusdan ölənlərin rəsmi sayı 100-ü keçəndə adamların çox olduğu ictimai yerlərin fəaliyyətinin məhdudlaşdırılması yönündə tədbirlər görülməyə başladı. Bunun iqtisadi nəticələri son dərəcə ağır ola bilər. Bu şokun dünya kino gəlirlərini 2 milyard dollar geri sala biləcəyi deyilir.

Distributor və prodüserlər bu ziyanı azaltmaqdan ötrü bəzi tədbirlər görməyə çalışıblar. Məsələn, «Hollywood Reporter» yazır ki, azı altı blokbaster filmin ekranlara çıxarılması təxirə salınıb.

Ən çox itki görən Çin şirkətləridir. Ancaq Kanadanın Çində 600-dən çox kinoteatr işlədən IMAX şirkətinin də filmlərin təxirə salınmasından böyük ziyan görəcəyi gözlənilir. Söhbət ilkin olaraq Çin Yeni ili vaxtı ekranlara çıxarılması planlaşdırılan filmlərdən gedir.

ABŞ-da kassa hitinə çevrilmiş «Dovşan Coco» (Jojo Rabbit) və «Kiçik qadınlar» (Little Women) kimi filmlər Çində fevralda ekranlara çıxmalıdır. «Business Insider» yazır ki, bu filmlərin ekrana daha gec çıxarılması ümumilikdə təqvimdə şok dalğası yarada bilər. Çünki martda Disney-in «Mulan» və yeni James Bond filmi olan «Ölməyə vaxt yoxdur» (No Time To Die) də çıxmalıdır.

«Çin auditoriyalarının təhlükəsizliyi bizim ən böyük prioritetimizdir. IMAX Çin Yeni ili film cədvəlinin təxirə salınmasına dair qərarı dəstəkləyir və bu çətin vəziyyətdə ən uyğun tədbir olduğunu düşünür», – IMAX-ın yaydığı press-relizdə deyilir.

Başqa hansı məkanlar bağlanıb

Uhan koronavirusunun yayılmasını önləmək üçün bağlanan ictimai yerlər təkcə kinoteatrlar deyil. «The New York Times» yazır ki, teatr, muzey, məbəd, bərbərxana və gözəllik salonları, karaoke barları və hətta əksər dükan və restoranlar da bağlanıb.

Turistlərin ən çox getdiyi yerlərdən biri olan Yasaq Şəhər də bağlanıb. Onun yenidən nə vaxt açılacağı da bilinmir. Əhalinin sıx olduğu şəhərlərdən uzaqda, ölkənin şimal-şərqində, küləkli dağlarda yerləşən Böyük Çin Səddinin ən çox ziyarət olunan yeri də qapadılıb.

Paytaxt Pekini, Uhan şəhəri kimi, karantinə bağlamasalar da, yuxarıda göstərilən ictimai yerlərin fəaliyyətinə məhdudiyyət qoyulub. Dükanların vitrinlərinə və yaşayış evlərinin girişinə virusdan qorunmaq, şəxsi gigiyenaya riayət haqda Pekin hökumətinin yaydığı xüsusi təlimatlar vurulub. Bu təlimatlarda vətəndaşlara insanların sıx olduğu yerlərdən və ictimai yığıncaqlardan yayınmaq tövsiyə olunur.

Bir çox dükanlar və ticarət mərkəzləri insanların temperaturunu ölçmək üçün xüsusi cihazlar quraşdırıb. Pekinin prestijli Sanlitun məhəlləsində, «Yves Saint Laurent» də daxil olmaqla, bir neçə dəbdəbəli dükan maskasız insanların girişini yasaqlayıb.

«The New York Times» daha sonra yazır ki, Pekin böyük şəhər və paytaxt olduğundan ölkənin hər yerindən miqrantlar gəlib burada özlərinə güzəran qurmaq istəyirlər. Ancaq virus yayılandan yerli əhali gəlmələrə, xüsusən də Hubey əyalətindən gələnlərə açıq düşmənçilik göstərməyə başlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG