Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:43

Çin vətəndaşlarının Rusiyaya səfərləri qadağan olunur


Rusiya bəyan edib ki, Çin vətəndaşlarının ölkəyə gəlməsinə müvəqqəti qadağan qoyur.

Rusiya baş nazirinin səhiyyə üzrə müavini Tatiana Golikova fevralın 18-də bildirib ki, qadağan fevralın 20-dən qüvvəyə minəcək:

"Çin vətəndaşlarının Rusiyanın dövlət sərhədləri üzərindən iş, fərdi, təhsil və turizm məqsədli səfərləri qadağan edilir”.

O əlavə edib ki, qadağan tranzit sərnişinlərə şamil edilməyəcək.

Golikova qadağanın hansı müddətdə qüvvədə olacağını da bildirməyib.

Koronavirusdan ölənlərin sayı 1800-ü keçib

Fevralın 18-də Ukrayna Çindən 49 vətəndaşını və 25 əcnəbini çıxarmaqdan ötrü təyyarə göndərməyi planlaşdırır. Bunu ölkənin səhiyyə naziri Viktor Lyashko bir gün öncə açıqlayıb.

Sərnişinlər koronavirusun episentri sayılan, Hubey vilayətində yerləşən Vuhan şəhərindən çıxarılacaqlar.

Lyashko deyib ki, yalnız COVID-2019 virusunun simptomları olmayan şəxslər təyyarəyə buraxılacaq. Onlar fevralın 19-da Kiyevə çatandan sonra 14 günlük karantində saxlanacaqlar.

“Çaxnaşmaya ehtiyac yoxdur, Ukraynaya yalnız sağlam adamları gətirəcəyik”, – səhiyyə naziri vurğulayıb.

Nazirin sözlərinə görə, Yaponiyada limanda karantin altında olan “Diamond Princess” kruiz gəmisindəki 25 Ukraynalının evakuasiyası ilə bağlı elə bir plan yoxdur.

“Hazırda Çində karantin zonalarında olan vətəndaşların evakuasiyasına fokuslanmışıq. Bu, əsas prioritetdir. Bundan sonra kruiz gəmisindəki vətəndaşların mümkün evakuasiyası məsələsinə təkrar baxacağıq”, – o söyləyib.

Gəminin mətbəxində işləmiş 25 yaşlı kişi və 37 yaşlı qadında və daha 452 sərnişində koronavirus tapılıb.

Fevralın 17-nə olan məlumata görə, Çində 72 min 436 nəfər virusa yoluxub. Xəstəlikdən ölənlərin sayı isə 1868-ə çatıb.

Fevralın 17-də Çin rəsmiləri 45 minədək yoluxma halının ilkin ayrıntılarını dərc ediblər, onlardan 80 faizdən çoxunun yumşaq keçdiyini bildiriblər.

Virusa yoluxma hallarının 14 faizi pnevmoniya, 5 faizi isə kritik xəstəliklə nəticələnib. 2,3 faiz isə ölümə aparıb.

Çindən kənarda 30-dək məkanda 900-dək yoluxma halı və dörd ölüm qeydə alınıb.

XS
SM
MD
LG