Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 11:41

Koronavirusdan qlobal ölüm sayı 2 milyonu keçdi


Tehranın Behişte Zəhra qəbirstanlığında hazır saxlanan qəbirlər

Yanvarın 15-də dünya üzrə koronavirusdan ölənlərin sayı 2 milyon nəfəri keçib.

Hazırda dünyanın bir çox ölkələri sərt karantindədir və bəzi ölkələr kütləvi peyvəndləməyə start veriblər.

Johns Hopkins Universitetinin verdiyi statistikaya görə yanvarın 15-də pandemiyanın əvvəlindən bəri COVID-19-dan ölənlərin sayı 2 milyon 905 nəfər olub.

İndiyədək bütün dünyada koronavirusa 93 milyon 418 min 283 nəfər yoluxub.

ABŞ universitetinin verdiyi başqa bir məlumata görə Milad və Yeni il bayramlarından sonra infeksiyaların sayı sürətlə artmaqdadır.

Yanvarın 15-də Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreyesus deyib ki, o qarşıdan gələn 100 gün ərzində vaksin kampaniyalarının bütün ölkələrdə aparılmasını istərdi.

Almaniyada yoluxanların sayı 2 milyona çatdı

Son 24 saat ərzində Almaniyada koronavirusa 22 min 368 yoluxma qeydə alınıb.

Beləliklə bu ölkədə yoluxanların sayı 2 milyona çatıb. Almaniyada bir sutka ərzində 1113 nəfər COVID-19-dan ölüb. Bu ölkədə koronavirusdan ölənlərin ümumi sayı 45 mindən çoxdur.

Meksika da pandemiya ərzində ən pis həftəsini yaşayıb. Bu ölkədə gündəlik ölüm sayı 1000 nəfər civarındadır.

Yanvarın 13-dək olan bir həftə ərzində Meksida COVID-19-dan 7000 nəfər vəfat edib. Bu ölkədə yoluxanların sayı 1.6 milyona, ölü sayı isə 138 minə çatıb.

Meksika əhalinin kütləvi immunizasiyasına dekabrın 24-dən Pfizer və BioNTech şirkətlərinin vaksini ilə başlayıb.

“Sürü immunitetinə” hələ aylar qalıb

Avropada vaksinləmə üzrə liderlik Danimarkaya məxsusdur. Dekabrın 27-dən bəri bu ölkədə əhalinin 2 faizi və ya 5.8 milyon nəfərə vaksin vurulub.

Danimarkada vaksinləmənin sürəti Avropa İttifaqı üzrə orta sürətdən üç dəfə çoxdur.

Birləşmiş Ştatlarda son iki həftə ərzində virusdan ölənlərin sayı daha 36 min nəfər artıb.

ABŞ-da yanvarın 14-də 3848 ölüm qeydə alınıb.

Dekabr ayından bu yana amerikalıların 11 milyonu vaksinasiya olunub.

Lakin əhalinin azı 70 faizinin peyvəndlənməsi və “sürü immunitetinin” yaranması məqsədinə çatılması üçün hələ aylar qalıb.

Tibb işçilərinin və yaşlıların peyvəndlənməsi üçün vaksin qıtlığı hiss olunur.

XS
SM
MD
LG