"The Guardian" BMT-nin mədəniyyət agentliyi olan UNESCO-nun hesabatına istinadən yazır ki, 2020-ci ildə COVID pandemiyası səbəbindən bütün dünyada yaradıcı sahələrdə ümumilikdə on milyon iş itirilib. Hesabatda qeyd edilir ki, sənət adamları hər zamankından daha çox dolanışıq çətinliyi yaşayırlar.
UNESCO-nun baş direktoru Odri Azule hesabatın ön sözündə yazır ki, COVID mədəniyyət sektorunda misli görünməmiş böhrana yol açıb. "Bütün dünyada muzeylər, kinoteatrlar, teatrlar və konsert zalları – yaradıcılıq və paylaşma məkanları – öz qapılarını bağlayıb…".
750 milyard dollarlıq azalma
328-səhifəlik hesabatda daha sonra deyilir k, mədəniyyət və yaradıcılıq sektoru dünyada iqtisadi sektorlar arasında ən sürətlə böyüyən sahədir. Ancaq o, həm də ən həssas, dövlət və özəl investisiyaların yan keçdiyi sahələrdən biridir.
Hökumətin kreativ sahələrə ayırdığı xərclər son illərdə onsuz da azalırdı. COVID isə gəlirlər və iş yerləri baxımından əsl iflasa səbəb oldu.
Bir çox milli və yerli hökumətlər pandemiya qadağalarının ağır zərbə vurduğu yaradıcı sahələrə təcili dəstək versə də, bu sektorun dünyadakı məcmu əlavə dəyəri təkcə 2020-ci ildə 750 milyard dollara qədər azalıb.
Minimum əməkhaqqı
Hesabat hökumətləri sənət və mədəniyyət sahələrində çalışanların əmək mühafizəsini ümumi əmək qüvvəsi ilə eyni səviyyəyə gətirməyə çağırır. Hesabatda bundan başqa, mədəniyyət işçilərinə minimum əməkhaqqı təyin edilməsi, frilanserlərə isə daha yaxşı təqaüd və xəstəlik məzuniyyəti ödəmələri verilməsi təklif olunur.
"Hətta frilanserlər və öz işi ilə məşğul olan insanlar (yaradıcı iqtisadiyyatda isə əmək gücünün xeyli hissəsini onlar təşkil edir) üçün sosial müdafiə sxemləri olan ölkələrdə belə bu işçilərin böyük hissəsi bu proqramlara müraciət edə bilməyib", – hesabatda deyilir.
Pandemiyanın başlamasından bəri "rəqəmsallaşma ön sıralara keçib. O, mədəni ifadə formalarının yaradılması, icrası, paylanması… baxımından mərkəzi yer tutmağa başlayıb", - hesabatda deyilir.
"Striminq dəyər uçurumu"
Hesabatda daha sonra deyilir ki, rəqəmsal mühit əksər sənət adamlarının peşəkar karyeralarını dəstəkləmək üçün kifayət qədər gəlir gətirməyib.
Mütəxəssislər striminq platformalarının kontentdən əldə etdikləri gəlirlə yaradıcılıqla məşğul olan və bu sahəyə investisiya qoyan insanların gəlirləri arasındakı uçuruma ad da qoyublar: "striminq dəyər uçurumu". Hesabat müəllifləri bu uçurumla üzləşmək üçün tədbirlərin zəruri olduğunu yazırlar.
"Adi bir paradoks meydana çıxıb. Dünyada insanların mədəniyyət kontentini istehlakı, bu kontentə güvənməsi artıb. Ancaq, eyni zamanda, incəsənət və mədəniyyəti yaradan insanlar işləməkdə get-gedə daha çox çətinlik çəkirlər", – UNESCO baş direktorunun mədəniyyət üzrə köməkçisi Ernesto Ottone deyir.
Pozitiv
İşin müsbət tərəfi də var. Sənət və mədəniyyət sahəsində çalışan bir çox insan striminq xidmətlərinin bazarda payının artmasında böyük imkanlar gördüklərindən rəqəmsal sferada innovativ layihələr yaratmağa başlayıblar.
Hesabatda panafrika musiqi striminqi platforması olan "Deedo"nun adı çəkilir. 2017-ci ildə Ava Jirar adlı bir seneqallı işadamının yaratdığı bu platforma 12 milyon treki altı Afrika ölkəsi, habelə Fransa və Britaniyada strim edir.
""Deedo" dörd il ərzində nəinki Afrika musiqi industriyasında əsas oyunçuya çevrilib, afrikalı sənət adamlarının daha çox tanınmasına da yardım edib. Eyni zamanda, özünün "Bir mahnı, bir ruh" təşəbbüsü ilə sosial iştirak imkanı təklif edir. Bu təşəbbüs çərçivəsində hər abonementin qiymətinin 5 faizi istifadəçinin seçdiyi xeyriyyə təşkilatına köçürülür", – hesabatda deyilir.