Almaniya texnoloji yenilikləri ilə tanınan ölkə olsa da, bəzən kafe və kiçik biznes işlədənlər müştərilərdən yalnız nağd pul qəbul edir. BBC yazır ki, bu, xərclərin göz qabağında olmasını istəyən qənaət mədəniyyətinin bir hissəsidir. "Almanların çoxu üçün nağd pul sadəcə şəxsi seçim yox, həm də içində böyüdükləri mədəni dəyərdir", - yazıda deyilir.
Ancaq koronavirusun dəyişə bilmədiyi çox az şey var. "COVID-19 alman ödəmə davranışını bəlkə də tarixdə hər hansı texnologiyadan daha tez dəyişdi", - Berlində yerləşən N26 onlayn bankinq startapının baş meneceri Georg Hauer BBC-yə deyib.
Konkretlə abstrakt arasında seçim
Dortmundlu tarixçi Robert Muschalla deyir ki, nağd pula sədaqət konkretlə abstrakt arasındakı seçimlə bağlıdır və kökləri qədim dövrlərə gedib çıxır. XVIII əsrin sonlarında almanlar yığışıb əməklərinin bəhrəsinin konkret ödənməsini tələb ediblər. Bir əsr sonra isə zavod və fabriklərdə gərginliyi azaltmaq üçün insanlar qənaət etməyə dəvət olunurdu. Muschalla-nın sözlərinə görə, o dövrün devizi belə imiş: "Çox işləyib qənaət edənlərin itirmək istəmədiyi şeylər olur və onlar inqilab etmirlər".
Qənaət mədəniyyəti hər iki dünya müharibəsindən sonra da davam edib. Muschalla deyir ki, İkinci Dünya müharibəsindən sonra Almaniyada banklar istehlak kreditlərinin tətbiqinə qarşı çıxıblar. Səbəbsə bunun qənaət mədəniyyətini məhv edəcəyindən qorxmaları idi.
Bank kartlarının Avropa və ABŞ-ın hər yerinə yayılmasından sonra belə almanlar hələ də nağd pula üstünlük verirmiş. Almaniyada kartla ödəmə hələ də debit kartı ilə ödəməni nəzərdə tutur. Alman kredit kartları isə uzunmüddətli borcları nəzərdə tutmur və məbləğ elə növbəti ay istifadəçinin balansından çıxılır.
Berlin Texniki Universitetinin şəhər elmləri professoru, 1980-90-cı illərdə Bavariyada böyüyən Anna Steigemann o illərdə həftədə bir dəfə ailəvi bankdan nağd pul çıxarmağa getdiklərini xatırlayır. Atası çərşənbə axşamı pul çıxarırmış, cümə günləri onlar ərzaq bazarlığına, şənbə günləri isə bazara gedirlərmiş. Pulun qalan hissəsi qarşıdakı həftənin ehtiyaclarını ödəməyə bəs edirmiş.
88 faiz
Maliyyə sahəsində texnoloji innovasiya xəbərləri verən "Payment&Banking" şirkətinin həmtəsisçisi, 44-yaşlı Maik Klotz deyir ki, valideynləri uşaqlıqdan ona nağd pula dəyər verməyi öyrədiblər. Onun uşaqlığında debit kartlar geniş yayılmayıb. O zaman pula nəzarəti itirmək, yaxud aldadılmaq qorxusu böyük imiş. Klotz valideynlərinin bu gün də kart ödəmələrinə şübhə ilə yanaşdığını deyir.
Almaniya Federal Bankının (Bundesbank) 2017-ci ildə apardığı araşdırmanın nəticələri almanların 88%-inin hələ də gələcəkdə nağd puldan istifadə etmək istədiyini üzə çıxarıb. Eyni araşdırmanın nəticələrinə görə, almanlar öz pulqabılarında orta hesabla 107 avro (116 dollar) gəzdirirlər. "European Bank" Komissiyasının 2016-cı ilə aid hesabatında isə deyilir ki, almanlar üstlərində nağd pul daşımağa görə Avropada ilk sıradadırlar.
2018-ci ildə kiçik bazarlıqlar üçün ödəmələrdə nağd pulun nisbəti hələ də 76% təşkil edirmiş.
"Almaniyada restoran və ərzaq dükanlarında nağd ödəmələr Avropadakı orta göstəricidən iki dəfə çoxdur", - "Boston Consulting Group"un eksperti Holger Sachse bir alman nəşrinə müsahibəsində deyib.
Gizlilik
Gənc nəsil elektron ödəmə vasitələrinə daha meylli olsa da, ümumiyyətlə, nağdsız ödəmənin yaşlıları və bank xidmətlərindən istifadə etməyən azgəlirli təbəqəni çətin vəziyyətə salacağından ehtiyat edilir. Şəxsi məlumatların gizliliyi məsələsi də az əhəmiyyət daşımır.
"Yaşlı almanların çoxu hələ də dövlət nəzarətini çox yaxşı xatırlayır. Buna görə də onlar öz şəxsi məlumatlarını belə inadla qoruyurlar və əksər digər avropalılarla müqayisədə yeni texnologiyalara daha az etibar edirlər", – G.Hauer deyir.
Ancaq kiçik biznes sahibləri arasında hətta millennial nəslinin nümayəndələri belə, nağd ödəmələrə üstünlük verirlər.
Məlum olduğu kimi, COVID-19 böhranı bütün dünyada nağd ödəmələrin ciddi azalmasına səbəb olub. Müşahidəçilər Almaniyada ilk dəfə ərzaq dükanlarından tutmuş, benzin stansiyalarına qədər iri satış şəbəkələrinin müştəriləri nağd ödəmələrdən çəkinməyə çağırdığını deyirlər. Kiçik biznes sahiblərinin çoxu kart ödəmələrini qəbul etməyə başlayıb. Hətta bəziləri artıq ödənişi yalnız kartla qəbul edir.
Bundesbankın keçirdiyi sorğu göstərir ki, COVID-19 Almaniyada istehlak davranışında ciddi dəyişikliyə səbəb olub. Artıq aprelin sonlarında respondentlərin 43%-i ödəmə davranışlarının dəyişdiyini deyib. Bunların 68%-i isə bundan sonra ödəmələri kartla edəcəklərini deyib.