Keçid linkləri

2026, 12 May, çərşənbə axşamı, Bakı vaxtı 12:29

Körfəz regionunda enerji infrastrukturuna hücumlar davam edir

Küveyt Beynəlxalq Hava Limanına dron hücumu.
Küveyt Beynəlxalq Hava Limanına dron hücumu.

Küveytin dövlət xəbər agentliyi aprelin 1-də bildirib ki, İran dronları aeroportda yanacaq çənlərini hədəf alıb. Küveyt rəsmiləri deyirlər ki, son həftələr aeroport dəfələrlə hücuma məruz qalıb, fevralın 28-də ABŞ və İsrailin İranla müharibəsi başlayandan ölkənin hava məkanı bağlanıb.

Yanacaq çənlərinə hücum böyük yanğın törədib, itki yoxdur.

Bəhreyndə isə kommersiya obyektində yanğın İranın təcavüzü ilə əlaqələndirilib. Səudiyyə Ərəbistanı bir neçə dronu vurduğunu açıqlayıb.

Aprelin 1-də Qətər yaxınlığında neft tankeri iki mərmi ilə vurulub, gəminin gövdəsinə ziyan dəyib, ekipajdan xəsarət alan olmayıb. Bundan öncə Dubay limanında Küveyt tankeri hücuma məruz qalmışdı.

Bu hücumlar İranın regionda enerji obyektlərini hədəf alacağı ilə bağlı təhdidləri fonunda baş verir.

Silahlı qruplaşmanın təhdidi

Martın 31-i axşam saatlarında Tehrana yaxın İraq silahlı qruplaşması ABŞ-yə xəbərdarlıq edib ki, İrana qarşı quru əməliyyatı üçün Küveyt torpağından istifadə münaqişəni tammiqyaslı müharibəyə çevirə bilər. "Kətaib Seyid əş-Şuhəda" qruplaşmasının komandiri Əbu Əla əl-Vəlai X platformasında bu haqda yazıb. O bildirib ki, Küveyt ərazisindən istifadə olunarsa, "müqavimət oxu" bunu regionun təhlükəsizlik sərhədlərinin pozulması sayacaq və adekvat cavab verəcək.

Əl-Vəlai İsrailin Livana qarşı quru əməliyyatı ilə bağlı xəbərdarlıq edib ki, buna "gözə-göz" prinsipi əsasında cavab veriləcək.

Səudiyyədə ABŞ vətəndaşlarına xəbərdarlıq

Səudiyyə Ərəbistanı aprelin 1-də Küveytdən çıxmaq istəyənlər üçün Dammam və Qaysumə şəhərlərində iki aeroporta avtobus marşrutlarının təşkil olunduğunu açıqlayıb.

Dövlət Departamenti Səudiyyə Ərəbistanında ABŞ vətəndaşlarına qarşı təhdidləri izlədiyini bildirib, onları olduqları yerdə qalmağa çağırıb. ABŞ səfirliyi xəbərdarlıq edib ki, ABŞ ilə əlaqəli otellər, bizneslər və təhsil ocaqları hədəf götürülə bilər. Vətəndaşlara növbəti xəbərdarlığa qədər pəncərələrdən uzaq durmaq tövsiyə olunub.

Bu xəbərdarlıqdan öncə ABŞ-nin terror təşkilatı kimi tanıdığı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) son hücumlara cavab olaraq aprelin 1-dən Yaxın Şərqdə Amerika şirkətlərini hədəf alacağını bəyan edib.

XS
SM
MD
LG