Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 01:07

Cənubi Koreyada it ətinin müdafiəsi üçün mitinq keçirilib


Çində ətlik üçün satışa çıxarılan itlər
Çində ətlik üçün satışa çıxarılan itlər

Seulda 200-dək fermer it saxlanmasının və it ətinin qida məhsulu kimi satılmasının qadağan olunmasına qarşı etiraz aksiyası keçirib.

Reuters yazır ki, bir neçə fermer yüklüyündə qapalı qəfəslərə salınmış itlər olan maşınlarla prezident sarayının qarşısına gəlməyə cəhd edib.

Onlar itləri prezident iqamətgahının qarşısında açıb buraxmaq istəyirdilər.

Polis bunun qarşısını alsa da, bir neçə dəfə toqquşmalar olub.

2 milyon itlə hədələyib

Mitinqin təşkilatçılarından biri – Koreya it əti istehsalçıları assosiasiyasının başçısı Çju Yon Bon deyib ki, siyasətçilərin biznesləri bağlamaq və adamlara onların nə yeməli olduqlarını diktə etmək haqqı yoxdur.

O bundan əvvəl radio efirində prezident iqamətgahının qarşısına iki milyon it buraxacağı ilə hədələmişdi.

Təşkilatçıların məlumatına görə Çju Yon Bon və daha iki etirazçı polis tərəfindən saxlanıb.

Hakim partiyanın iki həftə bundan əvvəl təklif etdiyi qanunvericilik aktında Cənubi Koreyada it əti ticarətinin 2027-ci ilədək ləğv edilməsi nəzərdə tutulur.

Bu da qeyd olunur ki, fermalara, ət dükanlarına və restoranlara qazanclarını itirməmələri üçün üç illik güzəşt müddəti tanınacaq.

Bu qanunu pozanlar üçün həbsxana cəzası və 38 min dollar cərimə nəzərdə tutulur.

İctimai rəy dəyişir

Qanunvericilik aktı layihəsinin müəllifləri bildiriblər ki, sənəd müxalifət və ictimaiyyət tərəfindən dəstəklənir.

Gallup Korea-nın 2022-ci ildə apardığı sorğuda respondentlərin 64 faizi it ətinin yeyilməsinə qarşı çıxıb.

Rəyi soruşulanların yalnız 8 faizi son bir ildə it əti yediyini deyib. Bu rəqəm 2015-ci ildə 27 faiz idi.

Cənubi Koreyada prezident ailəsi də daxil 6 milyon ailənin iti var.

Ölkə Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə Cənubi Koreyada hər il 388 min it yeyilir.

Cənubi koreyalılar eyni müddətdə 1 milyard toyuq, 18 milyon donuz və 965 min inək yeyirlər.

XS
SM
MD
LG