Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

'Konstitusiya Məhkəməsinin kooperativlərin tərəfinə çevrilməsi biabırçılıqdır'


Konstitusiya Məhkəməsi
Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsi (KM) iddia edir ki, Bakıda söküntü zamanı mülkiyyətçilər əmlak hüquqlarından sui-istifadə edirlər. Mülkiyyət sahibləri sökülən mənzillərinin əvəzinə yüksək kompensasiya tələb edirlər. Bu fikirlər Konstitusiya Məhkəməsinin 31 may 2020-ci il tarixli qərarında yer alıb. Həmin qərar paytaxtın Bayıl ərazisində - Qurban Abbasov-27 ünvanındakı söküntü işiylə əlaqədar verilib.

Həmin ünvandakı ikimərtəbəli yaşayış binasının sakinlərindən olan Violetta Mirbağırova ilə "Fortis-Bayıl" Mənzil Tikinti Kooperativi arasında illərlə məhkəmə çəkişməsi gedib. Həmin ünvanda əvvəlki tikili sökülüb, yerində yeni bina tikilib, amma qalmaqal hələ də davam edir.

Şirkətin əlində Səbail Rayon İcra Hakimiyyətinin sərəncamı olub ki, sözügedən ünvanda söküntü-tikinti işlərini həyata keçirsin. Şirkət sakinlərə tikiləcək binada mənzillər təklif edib, tikinti başa çatana qədər isə onların kirayə pulunu ödəməyi öhdəsinə götürüb. Amma V.Mirbağırova və bir neçə başqa qonşu razılaşmayıb. Deyiblər ki, bina dövlət ehtiyacı üçün sökülmür, mülkiyyətçilər evindən məcburi çıxarıla bilməz. Ən əsası, yeni binanın tikilib təhvil veriləcəyinə dövlət təminatı yoxdur.

Söküntü
Söküntü

KM Ali Məhkəmənin qərarını ləğv edir

Binanın bir hissəsi sökülüb, qaz, su təchizatında problemlər yarananda V.Mirbağırova məhkəmədə şirkətə qarşı iddia qaldırıb. Elə məhkəmə gedən dövrdə onu və mənzilindən çıxmaq istəməyən başqa qonşuları polis gücüylə evlərindən çıxarıblar. Əllərində bunu sübut edən videogörüntülər də var.

İllərlə müxtəlif məhkəmə instansiyalarında davam edən çəkişmələrdən sonra ötən il oktyabrın 14-də Ali Məhkəmə bu məsələyə son soyub. Qərar da belə olub ki, mülkiyyət sahibinə şirkət 155 min 400 manat ödəməlidir.

"Fortis-Bayıl" bu qərardan Konstitusiya Məhkəməsinə şikayət edib. Amma digər tərəfdən də məhkəmə qərarında göstərilən məbləği mülkiyyətçiyə ödəyib: "Ali Məhkəmənin qərarı dərhal qanuni qüvvəyə mindiyinə və məcburi icraya yönəldiyinə görə, həmçinin, Violetta Mirbağırovanın maddi durumunun ağır olmasını, evsiz qalmasını, karantin rejimini nəzərə alıb vəsaiti köçürmüşük".

Artıq vəsait ödənilsə də, Konstitusiya Məhkəməsi belə nəticəyə gəlib ki, Ali Məhkəmənin həmin qərarı ləğv olunmalı, şirkətlə vətəndaş arasında mübahisəyə yenidən baxılmalıdır. Konstitusiya Məhkəməsi bu qərarında həm də Milli Məclisə tövsiyə edib ki, qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar məsələsinə baxsın.

F.Ağayev
F.Ağayev

Özbaşınalığa "yaşıl işıq"

V.Mirbağırovanın vəkili Fuad Ağayev deyir ki, Konstitusiya Məhkəməsi bu qərarla inzibati orqanların, tikinti şirkətlərinin söküntülərdə vətəndaşlara qarşı özbaşınalığına "yaşıl işıq" yandırdı. Onun fikrincə, gələcəkdə bu qərara istinad edilməklə vətəndaşların mülkiyyət hüququnun pozulma halları daha da arta bilər. Vəkilin sözlərinə görə, Konstitusiya Məhkəməsi heç baxdığı işin faktiki hallarını nəzərə almadan, ümumilikdə bu problemlə bağlı qərar verib.

F.Ağayevin fikrincə, bu qurum özəlliklə əmlakın qiymətləndirilməsi məsələsində qərəzli mövqe tutub, ümumiyyətlə, səlahiyyət həddini aşıb:


"Bu cür mübahisələrdə qiymətlərin uyğunsuzluğu daha çox inzibati orqanların, şirkətlərin təklif etdiyi məbləğlərdə özünü göstərir. Məsələn, Bakının mərkəzində - Nazirlər Kabineti ilə qonşu binalardan insanlar köçürülür, onlara hər kvadratmetrə görə 2500 manat ödənilir. O ərazidə təmirli mənzili həmin qiymətə almaq olarmı? Əlbəttə, yox. Bu qərarda elə ifadələr yer alıb ki, Konstitusiya Məhkəməsi ona yol verməməliydi. Konstitusiya Məhkəməsi bu qərarla səlahiyyət həddini aşıb".

"Hüquq adına görünməmiş biabırçılıqdır"

Milli Məclis qaydaları təsdiqləyənə qədər yerli məhkəmələr oxşar mübahisələrdə Konstitusiya Məhkəməsinin sözügedən qərarına istinad edib nəticə çıxaracaqlar.

Ə.Hacıbəyli
Ə.Hacıbəyli

Azərbaycan Hüquqçular Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəyli də o fikirdədir ki, bu qərar vətəndaşların mülkiyyət hüququnun pozulmasına qanuni don geyindirməyə imkan yaradacaq: "Konstitusiya Məhkəməsi artıq kooperativlərin də tərəfinə çevrilirsə, bu, hüquq adına görünməmiş biabırçılıqdır".

Ə.Hacıbəyli vurğulayır ki, Konstitusiya Məhkəməsində olan səlahiyyət ölkədə heç bir orqanda və vəzifəli şəxsdə yoxdur. Bu qurum ölkə başçısının vəzifəsindən kənarlaşdırılması, qanunverici orqanın formalaşdırılması məsələsini, hakimiyyətlər arasında yaranan mübahisəni həll edə, qanunları qüvvədən sala bilər: "Bu qədər uca məqama yüksəldilmiş orqanın qərarları nümunə olmalı, mümkün qədər mübahisə doğurmamalıdır. Hüququn və onun müdafiəsinin örnəyinə çevrilməlidir".

"Ədalətli bazar qiyməti önə çəkilməlidir"

AzadlıqRadiosu deyilənlərə Konstitusiya Məhkəməsindən, hələlik, cavab ala bilməyib.

F.Mustafa
F.Mustafa

Milli Məclisin deputatı Fazil Mustafa da hesab edir ki, Konstitusiya Məhkəməsinin vətəndaşın vəziyyətini yüngülləşdirən istiqamətdə tövsiyəedici qərar çıxarması daha uyğun olardı. Əks qərar isə məhkəmələr üçün presedentə çevrilib, vətəndaşın haqlı olduğu məqamlarda belə, onun maraqlarına zidd nəticələrə gətirib çıxara bilər.

Qərarda vətəndaşların bəzi hallarda əmlaklarına dəyərindən yüksək məbləğ tələb etməsi barədə fikirləri şərh edən deputat deyir ki, şəxs öz mülkiyyətinə istədiyi qiyməti qoya bilər. Amma həmin əmlakın dövlət ehtiyacına görə alınması ortaya çıxanda vəziyyət dəyişir: "Həqiqətən, bir çox hallarda vətəndaşlar sui-istifadə edirlər. Ona görə belə mübahisələrdə ədalətli bazar qiyməti önə çəkilməlidir. Çünki bir vətəndaşın haqsız olaraq nə iləsə razılaşmaması digər vətəndaşların da hüquqlarının pozulmasına gətirb çıxarır - işi ləngidir, sahibkara çətinlik yaranır. Razılaşma real bazar qiymətləri üzərindən olmalıdır. Bunu da ya müvafiq qurumlar, ya da hər iki tərəfin təmsilçilərindən ibarət komissiya həyata keçirə bilər".

Qəzalı evlərin sökülməsi qaydalarının təkmilləşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin parlamentə tövsiyəsinə gəlincə, deputat deyir ki, Milli Məclis istənilən tövsiyəni, hətta sıravi vətəndaşdan gələn tövsiyəni də nəzərə ala bilər: "Amma qanunvericilik qaydasında bunun necə həll olunması Milli Məclisin müstəsna səlahiyyətinə aid olan məsələdir. Məqsədəuyğun sayılsa, araşdırıla, məhkəmə praktikasında çətinliklər yaradan məsələ kimi baxılıb, müvafiq qərarlar verilə bilər".

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG