Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 21:07

Konstitusiya Məhkəməsi nəticələri təsdiqlədi


Konstitusiya Məhkəməsinin qarşısı. 5 mart 2020
Konstitusiya Məhkəməsinin qarşısı. 5 mart 2020

F.Mustafa: «Parlamentin fəaliyyətinə imkan yarandı»

«Hər halda, Konstitusiya Məhkəməsinin araşdırma imkanları Mərkəzi Seçki Komissiyasının (MSK) imkanlarından böyük deyil. Konstitusiya Məhkəməsi MSK-nın verdiyi təkliflər və qərar əsasında nəticələrə öz münasibətini ifadə edib», - Böyük Qurtuluş Partiyasının sədri, deputat Fazil Mustafa belə söyləyib.

O hesab edir ki, KM-də müvafiq qurumların dinlənilməsi normal, demokratik qaydada keçib, hər bir fikir, ekspert rəyləri, hamısı araşdırılıb: «Ümumiyyətlə, 300-dən artıq məntəqənin nəticələrinin ləğv olunması faktı da göstərir ki, MSK qanunvericiliyə ciddi yanaşıb. Nəticədə də Konstitusiya Məhkəməsi nəticələri təsdiqlədi və parlamentin fəaliyyətinə imkan yaradılmış oldu».

N.Cəfərli: «Bu, nonsensdir, izahı da yoxdur»

«Nə qədər qəribə səslənsə də, köhnə parlament tərkib etibarilə «yeni parlament» oldu. Halbuki bu parlamentin buraxılması səbəbi islahatlara mane olması idi, həmin tərkibdən 79 nəfərə yenə də təmsilçilik imkanı tanındı ki, bu özü nonsensdir və bunun izahı da yoxdur», - bunu REAL Partiyasının icra katibi Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, əslində, Konstitusiya Məhkəməsinin fərqli qərar verəcəyini gözləməyib də, səbəbini isə belə izah edir: «Çünki hakimiyyətin əlində ictimai rəyi bu mərhələyə qədər də sakitləşdirə biləcək, pozitiv addımlar ata biləcək alətlər var idi, istifadə etmədi».

N.Cəfərli deyir ki, seçkilərin total saxtakarlıqla keçirilməsi təkcə ictimai rəyin mövqeyi deyil, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatında da saxtakarlıqların olması bəyan edilmişdi.

«Bu da onu deməyə əsas verir ki, 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərdə formalaşan parlamentin ictimai rəyə təsiri olacağını söyləmək çətindir», - ReAL icra katibi vurğulayır.

Seçki məntəqəsində döyülən Jalə Bayramova başına gələnləri danışır
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

A.Hacılı: «...sadəlövhlük olardı»

«Konstitusiya Məhkəməsinin qərarı gözlənilən idi», - Müsavat Partiyası başqanı Arif Hacılı Konstitusiya Məhkəməsinin martın 5-də növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiqləməsindən danışarkən belə deyib.

«Çünki Azərbaycanda müstəqil məhkəmə sistemi mövcud deyil. Konstitusiya Məhkəməsi özü də müstəqil deyil», - partiya başqanı izah edir.

Onun qənaətincə, hakimiyyətin nəzarətində olan bir qurumun qəbul etdiyi «qanunsuz» qərarları onun nəzarətindəki başqa qurumun ləğv edəcəyini düşünmək sadəlövhlük olardı.

«Azərbaycanda avtoritar rejim fəaliyyətdədir, həm parlament, həm məhkəmə hakimiyyəti faktiki icra hakimiyyətinin tam nəzarəti altındadır. Mərkəzi Seçki Komissiyası, dairə və məntəqə seçki komissiyaları da o cümlədən icra hakimiyyətinin nəzarətindən kənarda deyil», - A.Hacılı söyləyir.

O, seçki zamanı baş vermiş qanun pozuntuları və saxtakarlıqlarla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklərini vurğulayır. Müsavat başqanının fikrincə, bu qanun pozuntuları və saxtakarlıqları birmənalı şəkildə dəyərləndirə biləcək yeganə qurum, hələlik, yalnız Avropa İnsan Haqları Məhkəməsidir.

Konstitusiya Məhkəməsi
Konstitusiya Məhkəməsi

+++

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev az öncə 9 fevral növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı Plenumun qərarını elan edib. Qərara əsasən, Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiqləyib.

KM binası qarşısına yığışan deputatlığa namizədlər qərara etirazlarını bildirirlər.

KM binası önündə çox sayda polis var.

+++

Deputatlığa namizədlər medianın və özlərinin Konstitusiya Məhkəməsinin iclasına buraxılmaması ilə bağlı narazılıqlarını bildiriblər. «Saxtakar!»,- deyə şüar səsləndiriblər.

Onlardan biri Bəxtiyar Hacıyev bildirib ki, artıq hər yerdə yeni deputatlara «saxtakar» deyilməli, «hər kəs adı ilə çağrılmalıdır».

B.Hacıyev seçicilərinin səsini qoruya bilmədiyini və buna görə seçicilərdən üzr istədiyini bildirib. O, bundan sonra Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəyini, qələbəsini orda sübut edəcəyini deyib.

+++

Deputatlığa namizəd Fərhad Mehdiyev jurnalistlərə bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı onun üçün sürpriz olmayıb. O, bunu «siyasi qərar» adlandırıb.

«Azərbaycan xalqının iradəsi bir daha zəbt edildi. Bunda kim iştirak etdi, hər kəs gördü», - deyə F.Mehdiyev əlavə edib. Onun iddiasına görə, yeni parlamentdə təmsil olunacaq deputatları xalq seçməyib, onlar təyin edilib.

Deputatlığa namizəd dinc və sivil şəkildə etirazlarını davam etdirəcəyini bildirib.

'Sizcə, seçkilər nə dərəcədə ədalətli keçdi?' - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

KM parlament seçkiləriylə bağlı iclas keçirir

Bu dəqiqələrdə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı iclası gedir.

İclasa Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrlik edir.

Bir sıra deputatlığa namizədlər Konstitusiya Məhkəməsinin qarşısına toplaşıblar. Onlar KM-in qərarını gözləyirlər.

2019-cu il dekabrın 4-də Azərbaycan parlamenti buraxıldı və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkiləri təyin edildi. Parlamentin buraxılması təşəbbüsü hakim Yeni Azərbaycan Partiyasına məxsus deputatlardan gəlmişdi. Bu addım ölkədəki islahatlar kursuna dəstək kimi izah edilmişdi.

Mərkəzi Seçki Komissiyasının nəticələrinə görə, parlament seçkilərində yerlərin əksəriyyətini YAP-çılar götürüb.

Həmin seçkilərə qatılmış siyasi qüvvələr və müstəqil şəxslər səsvermə günü çox sayda pozuntuların baş verdiyini bəyan ediblər, bununla bağlı seçki komissiyalarına videomateriallar, sənədlər təqdim ediblər.

Parlament seçkilərində əsas pozuntular (YEKUN VİDEO)
Gözlə

No media source currently available

0:00 0:07:01 0:00

Fevralın 13-də Mərkəzi Seçki Komissiyası dörd dairədə - 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd, 33 saylı Xətai birinci və 80 saylı İmişli-Beyləqan seçki dairələrinin nəticələri ləğv edib. İlkin nəticələrə görə, həmin seçki dairələrində YAP üzvü, ötən seçkilərdə Milli Məclisdə təmsil olunan Hadı Rəcəbli, Hüseynbala Mirələmov və bitərəf namizədlər - Rauf Arifoğlu, Çingiz Qənizadə lider idi.

MSK həmçinin, bir neçə dairədə onlarla seçki məntəqəsinin nəticələrini ləğv edib.

ATƏT Seçki Müşahidə missiyasının açıqladığı ilkin hesabatda 9 fevral seçkilərində əsl rəqabətin və seçimin olmadığı bildirilib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkinin uğurlu keçdiyini bəyan edib.

Milli Məclisə növbədənkənar seçkilərə dair Mərkəzi Seçki Komissiyasının və dairə seçki komissiyalarının protokolları fevralın 26-da Konstitusiya Məhkəməsinə göndərilmişdi.

XS
SM
MD
LG