Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:02

Kommunist ab-havasında sevgi


"Soyuq müharibə" filmindən kadr
"Soyuq müharibə" filmindən kadr

“Guardian” yazır ki, Polyak rejissoru Paweł Pawlikowski-nin valideynlərinə sevgi məktubu dəmir pərdənin kölgəsində kədərli ehtiras və siyasət hekayəsidir.

Paweł Pawlikowski “Soyuq müharibə” filminə görə ötən ilin mayında Kannda ən yaxşı rejissor işi nominasiyasında mükafatlandırılıb.

Rejissoru müharibədən sonrakı Avropada görüşüb dəmir pərdəyə görə ayrılmalı olan cütlüyün sevgi hekayəsi haqda bu filmi yaratmağa valideynləri ilhamlandırıb. Filmi öz valideynlərinə həsr edən Pawlikowski onlar haqda belə deyir: “Mənə rast gələn ən dramatik qəhrəmanlar … hər ikisi güclü, gözəl insan, ancaq cütlük kimi heç zaman bitməyən fəlakət”.

FUNDAMENTAL ŞEYLƏRİN QALICILIĞI HAQDA XATIRLATMA

Ekrandakı sevgililər Wiktor və Zula rejissorun atası və anası ilə eyni adları daşıyır. Xarakterləri də onların xarakterinə uyğundur. Ancaq hekayənin özü real deyil, bədiidir. Bu çox həyəcanlı, qaynar hekayə bizi 15 il ərzində musiqili, coğrafi, siyasi və hətta ekzistensial sərhədləri aşaraq, Polşanın kəndindən Şərqi Berlinin küçələrinə, Parisdən Yuqoslaviyaya aparıb çıxarır. Polşa, Britaniya və Fransa kinematoqrafçılarının birgə çəkdiyi bu film bir qədər “Kasablanka” (Casablanca) və “La La Land” filmlərini xatırladır. Bu bir növ, zaman keçsə də, fundamental şeylərin qalıcılığı haqda xatırlatmadır.

Filmin azadlıq və həbsdən söz açan iki mövzusunu çox gözəl uyğunlaşdıran davamlı gərginliyi var.

Hekayət 1949-cu ildə Polşanın kəndində başlayır. Wiktor (Tomasz Kot) və Irena (Agata Kulesza) xalq mahnıları yazdırırlar. Onlar “Mazurek” ansamblı adı ilə (əslində mövcud olan “Mazowsze” ansamblının adından götürülüb) musiqiçiləri dinləyir, rəqqasları seçirlər. Məqsəd Polşanın əsl səslərinin ortaya çıxarılmasıdır: “Bundan sonra xalqın sənəti itkiyə getməyəcək!”

Özünü kənd qızı kimi göstərən Zula (Joanna Kulig) da bu dinləmələrə gəlir. Bu müəmmalı gənc qız hamı kimi dağ mahnısı yox, bir rus filmindən öyrəndiyi mahnını oxuyur. Irena ifanı çox da bəyənmir, ancaq Wiktor Zulaya heyran olur. Üstəlik, filmdə Zulanın öz atasını öldürdüyünə eyham vurulur. (“O məni anamla səhv saldı, mən də bıçağı götürüb ona fərqi başa saldım”).

Tezliklə Zula Mazurekin ulduzlarından biri olur. Hökumətin Stalini və kənd təsərrüfat islahatını mədh edən mahnılar oxumaq tələbi ansamblı ruhdan salmır.

1952-ci ildə Wiktor ölkədən qaçmaq imkanı tapır. O, Zulaya yalvarır ki, onunla gəlsin. Ancaq onun praqmatik prioritetləri oğlanın Qərbə meyllənən arzuları ilə üst-üstə düşəcəkmi?

AZADLIQLA DUSTAQLIĞIN SARMAŞMASI

Filmdə “Mazowsze” ansamblının ifa etdiyi “Dwa serduszka” (İki qəlb) adlı xalq mahnısının kənd ritmindən caz balladasına keçidi bu qızğın sevgi hekayəsinin gedişatına çox uyğundur.

Zulanın sərxoş halda Bill Haley-nin “Rock Around the Clock” mahnısının sədaları altında rəqs etməsi azadlıqla məhbusluğun bir-birinə sarmaşmasını gözəl ifadə edir.

Pawel Pawlikowski 2015-ci ildə "İda" filminə görə Oscar qazanıb
Pawel Pawlikowski 2015-ci ildə "İda" filminə görə Oscar qazanıb

Aktrisa Joanna Kulig daha öncə də Pawlikowski ilə çalışıb, onun “Beşincidəki qadın” (The Woman in the Fifth) və “İda” (Ida) filmlərində rol alıb. Bu filmdə isə o, insanı heyrətə gətirən dərin aktyor oyunu ilə ulduz performansı sərgiləyir. Zula gözümüzün qabağında o qədər də məsum olmayan gənc qızdan (o, dövlət təhlükəsizliyinin tapşırığı ilə Wiktor-u güddüyünü səmimi etiraf edir) ehtiraslı caz müğənnisinə, saxta “təmiz polyak” gözəlindən Paris şantözünə (müğənnisinə), qurbandan qalibə çevrilir və geri qayıdır.

Kulig “Soyuq müharibə”nin Kanndakı uğurlu debütündən bəri Jeanne Moreau ilə müqayisə olunmaqdadır. Kulig-in tərəf-müqabili Tomasz Kotunsa növbəti Bon filmində mənfi qəhrəman obrazını yaratmaq üçün seçildiyi deyilir.

“Soyuq müharibə” sükut və boşluqlarla dolu kədərli müzikldır. Hekayədəki boşluqları doldurmaq və çox zaman dilləndirilməmiş qalan ülvi hissləri tapmaqsa tamaşaçıların öhdəsinə buraxılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG