Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:28

Dmanisidə münaqişənin ‘barışıqla’ başa çatdığı xəbər verilir (Video)


Dmanisidə yerli sakinlərlə hakimiyyət nümayəndələrinin görüşü
Dmanisidə yerli sakinlərlə hakimiyyət nümayəndələrinin görüşü

Gürcüstanın şərqində etnik gürcü və azərbaycanlı əhali arasında qarşıdurmanın barışıqla başa çatdığı xəbər verilir.

AzadlıqRadiosunun verdiyi məlumata görə Şərqi Gürcüstanın müftisi Etibar Eminov bəyan edib ki, Dmanisidə qarşı duran tərəflər barışıblar.

Gürcüstan ictimai televiziyasına müsahibəsində müfti bildirib ki, əldə olunmuş razılaşmaya əsasən münaqişə davam etdirilməyəcək:

“Mən çox şad və məmnunam ki, məişət zəmininda baş vermiş, amma eskalasiya təhlükəsi olan münaqişədə tərəflər arasında razılaşma əldə olunub”.

Müfti deyib ki, barışıq ruhanilərin, dövlətin və əhalinin səyləri ilə mümkün olub:

“Mən bir ruhani kimi yerli sakinləri bir-birlərinin qayğısına qalmağa çağırıram. Mən əminəm ki, xalqımız münaqişənin alovlanmasına yol verməyəcək, çünki o barışıq və dinc yanaşı yaşama tərəfdarıdır. Gürcüstanda yaşayan bütün etnik qrupların bir məqsədi olmalıdır: Daha güclü olmaq üçün əl-ələ verib, birlikdə işləmək”.

Xəbərdə deyilir ki, barışıq mərasimi Dmanisinin rayon bələdiyyə idarəsində yer alıb.

Dmanisidə azərbaycanlılarla svanlar arasında yenidən toqquşma olub
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

Bəzi xəbərlərə görə qarşıdurma və toqquşmalar Dmanisidəki azərbaycanlılardan birinin mağazasında baş vermiş mübahisədən qaynaqlanıb.

Son xəbərlərə görə Azərbaycanın Gürcüstandakı səfirliyi bildirib ki, azərbaycanlılara məxsus Omar marketində baş verən qarşıdurma “etnik zəminli qarşıdurma kimi qiymətləndirilməməlidir”.

Gürcüstanın Agenda.ge saytı xəbər verir ki, sözü gedən mağazanın sahibi də Gürcüstanda bütün millətlərin dinc yanaşı yaşamasını istədiyini bildirib:

“Bizim hamımız Gürcüstan vətəndaşıyıq. Mən Gürcüstanda doğulmağımdan çox məmnunam”.

Xəbər verilir ki, barışıq mərasimində millət vəkilləri, müsəlman və xristian ruhani liderləri iştirak ediblər.

Millət vəkili Sozar Subari Dmanisidə
Millət vəkili Sozar Subari Dmanisidə

Hakimiyyətin vasitəçiliyi

Tərəflər arasında danışıqların hakim Gürcü Arzusu partiyasından millət vəkili Sozar Subarinin rəhbərliyi ilə aparıldığı xəbər verilir.

O deyib ki, “biz bir ailəyik və bunu hamı yaxşı anlamalıdır”.

Bu xəbərə görə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri deyib:

“Milliyyətindən asılı olmayaraq hamı bizim ölkəmizin vətəndaşıdır. Azərbaycan bizim strateji partyorumuz, qonşumuz və müttəfiqimizdir”.

Nazir əlavə edib ki, belə hallara yol verilə bilməz və baş verənlərin etnik qarşıdurma kimi qiymətləndirmək olmaz.

AzadlıqRadiosu yazır ki, Gürcüstanın Kvemo Kartli regionunda baş vermiş bu hadisə əhalisi etnik baxımdan qarışıq olan Gürcüstanda sosial-iqtisadi vəziyyətin gərginliyini nümayiş etdirib.

Ekomiqrasiya

Kvemo Kartli Gürcüstanın ən sıx əhaliyə malik regionudur. Burada 512 min insan və ya ölkə əhalisinin 12 faizi yaşayır.

Bu regionun iki ən böyük etnik çoxluğu gürcülər və azərbaycanlılardır. Onlar əhalinin 45 faizini təşkil edirlər. Erməni əhali 6.5, yunanlar isə 3 faizdir.

Azərbaycanlılar ən çox Qardabani, Marneuli, Bolnisi və Dmanisi bələdiyyələrində təmsil olunublar.

Bu bölgəyə ən böyük “ekomiqrasiya” ötən əsrin 80-ci illərində baş verib. İlk dalğa 1987-ci ildə olub. Həmin il Svanetiyaya o vaxtadək görünməyən miqdarda yağan qar uçqunlara səbəb olub. Təbii fəlakət zamanı 85 nəfər həlak olub və iki minədək ev dağılıb. O vaxt regiondan 16 min nəfər təxliyə edilib.

1989-cu ildə Acarıstanın dağlıq bölgələrində baş vermiş miqyaslı sürüşmələr miqrasiyanın ikinci dalğasına təkan verib.

Ekoloji köçkünlərin böyük bir qismi məhz Kvemo Kartlidə məskunlaşdırılıb.

Demoqrafik balans siyasəti

Milli azlıqların problemlərini araşdıran “European Centre for Minority Issues” qeyri-hökumət təşkilatı bildirir ki, Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın dövründə hakimiyyət “demoqrafik balans” adlı siyasət yürüdürdü.

Bu siyasətə uyğun olaraq ekoloji miqrantlar milli azlıqların kompakt yaşadığı bölgələrə yerləşdirilirdi. Söhbət əsasən də Kvemo Kartli və Cavaxetiyadan gedirdi. QHT bildirir ki, bu siyasətdən əsas məqsəd bölgələrdə etnik balansı gürcülərin xeyrinə dəyişmək idi.

AzadlıqRadiosunun müxbiri yazır ki, belə köçürülmələr əvvəllər də etnik gərginliklərə səbəb olub.

Sözü gedən QHT bunu da qeyd edir ki, Eduard Şevardnadzenin hakimiyyəti illərində “ekomiqrasiya” məsələsi başlı-başına buraxılmışdı və bu məsələyə yalnız 2003-cü ilin “Qızılgül inqilabı”ndan sonra diqqət yetirilməsinə başlanıb.

Komitə Dmanisi olaylarına münasibət bildirib

Bundan əvvəl verilən xəbərtlərdə deyilirdi ki, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanda baş verən olaylarla bağlı açıqlama yayıb.

Açıqlamaya görə, Gürcüstanın Dmanisi rayonunun "9 aprel" küçəsində bir qrup şəxsin sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib: "Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfər Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb".

Məlumata görə, Dövlət Komitəsi insidentdən sonra orada yaşayan azərbaycanlılarla əlaqə saxlayıb: "Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbindən baş verdiyi bildirilib. Bununla belə, son dövrlər regionda cərəyan edən hadisələr, Azərbaycan Respublikasının Vətən müharibəsində qazandığı tarixi Zəfər, Azərbaycan-Gürcüstan arasında dostluq münasibətlərinin davamlı inkişafı Qafqaz regionunda sülh və stabilliyin düşmənlərini ciddi narahat edir".

Qurum bildirir ki, bu baxımdan, Dmanisi rayonunda baş verənlərin təxribat olması və məqsədli şəkildə təşkil edilməsi ehtimalı da mövcuddur: "Qeyd edilənləri nəzərə alaraq, Gürcüstanda yaşayan azərbaycanlıları baş verən insidentə təmkinlə yanaşmağa, ehtiyatlı olmağa, təxribatlara uymamağa və proseslərə qonşu Gürcüstan dövlətinin qanunları çərçivəsində münasibət bildirməyə çağırırıq".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG