Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:59

Koçaryanın fikrincə Azərbaycanla ‘yeni bir sənədin’ imzalanmasına hazırlıq gedir


Robert Koçaryan
Robert Koçaryan

Koçaryan deyib ki, Bu sənədin imzalanması Azərbaycanın ərazi bütövlüyünü tanımadan mümkün olmayacaq

Ermənistanın keçmiş prezidenti, iyun seçkisində Hayastan blokunun lideri olmuş Robert Koçaryan deyir ki, Yerasxdakı (1968-ci ilədək Arazdəyən – red) insidentlər yeni bir sənədin imzalanmasına hazırlıqdan xəbər verir.

Koçaryan bunu iyulun 22-də onun adı ilə bağlanan üç telekanala – “5-ci kanala”, Yerkir Media və İkinci kanala müsahibəsində deyib.

Bu kanallardan 2-ci kanal Koçaryanın yaxın dostu, biznesmen Samvel Mayrapetyana məxsusdur. Yerkir Media kanalının rəsmi sahibi isə Daşnaksutyun partiyasıdır.

Hazırda Hayastan Ermənistan Milli Məclisində deputatlarının sayına görə ikinci siyasi qüvvədir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Koçaryanın fikrincə söhbət çox ciddi təhlükələrə səbəb ola biləcək sülh sazişindən də gedə bilər:

“Nəzərə alsaq ki, bizim xalqımızın əhəmiyyətli bir hissəsi oktyabr-noyabrda baş verənləri həzm edib, bəli, bu belə razılaşmaya hazırlıq ola bilər. Bu sənədin imzalanması Azərbaycanın ərazi bütövlüyünü tanımadan mümkün olmayacaq. Bu isə Qarabağın gələcəyi üzərindən xətt çəkilməsi deməkdir”.

Azatutyun yazır ki, Koçaryan Ermənistanda seçkisonrası vəziyyəti “Səddam Hüseynin İraqına xoş gəldiniz” kimi səciyyələndirib.

“Mən bu mübarizədən daha güclü şəkildə çıxdım”

O deyib ki, onun komanda yoldaşlarına qarşı ittihamların və həbslərin bir neçə məqsədi var.

Koçaryan bildirib ki, əsas səbəb yerli özünüidarə orqanlarına seçkiyə təsir göstərməkdir.

Onun firkincə, başqa bir məqsəd Konstitusiya Məhkəməsinə seçki nəticələrinin tanınmasına alternativ olmadığını göstərmək idi:

“Xatırladıram ki, üç il əvvəl mənə qarşı qondarma ittiham üzrə iş açılmışdı. Bütün bunlardan keçməklə mən bu mübarizədən üç il əvvəl olduğumdan daha güclü şəkildə çıxdım. Hazırda həbs olunmuş hər bir icra başçısı da bu vəziyyətdən daha güclü çıxacaq”.

Koçaryan habelə hakimiyyətin kadr siyasətini də tənqid edib.

O başlıca olaraq müdafiə sahəsindən danışıb. Koçaryan xüsusi olaraq Arşak Karapetyanın müdafiə nazirinin müavini vəzifəsinə təyinatına toxunub.

Karapetyan media xəbərlərinə görə 1 mart 2008-ci ilin qanlı hadisələri üzrə cinayət araşdırmasında Robert Koçaryana qarşı ifadə vermiş hərbçilərdən biridir.

Koçaryan deyib:

“Siz belə təyinatlara ciddi yanaşırsınız? Eyni kartları qarışdırıb ordan kimlərisə çıxarırılar. Vəziyyət belədir. İnanmıram ki, belə dəyişikliklər yaxşı düşünülmüş ciddi məqsədlərə xidmət edir”.

Paşinyan sülh danışıqlarından söz açıb

Bu arada iyulun 22-də keçirdiyi hökumət müşavirəsində Ermənistan baş nazirinin əvəzi Nikol Paşinyan deyib ki, regionda vəziyyət gərgin olaraq qalır.

Azatutyun yazır ki, Paşinyan yaranmış vəziyyətə görə “Azərbaycanın təxribatçı addımlarını və maksimalist səylərini” günahlandırıb.

O bildirib ki, bu hərəkətlər bütün region, Ermənistan və Dağlıq Qarabağ üçün təhlükə yaradır.

Bununla belə Paşinyan vurğulayıb ki, o Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının icrasını mühüm sayır:

“Əvvəllər də olduğu kimi Ermənistan regional kommunikasiyaların açılmasını çox mühüm prioritet hesab edir. Biz konkret nəticələr əldə edəcəyimiz ümidi ilə bu istiqamətdə işi davam etdirməyə hazırıq”.

Nikol Paşinyan bildirib ki, Yerevan Azərbaycanın əsirləri, girovları və başqa saxlananları qaytaracağına dair götürdüyü yazılı öhdəliyi yerinə yetirəcəyini gözləyir:

“Biz sülh danışıqlarının bərpasına hazır olduğumuzu bir daha təsdiq edirik. Regionda sülh və sabitliyə alternativ yoxdur. Ermənistan hökuməti Ermənistan, Artsax (Dağlıq Qarabağ-red) və regionda sülh erasının açılması üçün Erməni xalqından aldığı mandatın icrasına sadiqdir”.

Naxçıvanla sərhəddəki Yerasx kəndindən reportaj: 'Atışmada ölən də olub'
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG