“Keçmiş Ermənistan prezidenti Robert Koçaryana qarşı qaldırılan cinayət işi və ona qarşı ittihamlar qanunsuzdur”.
AzadlıqRadiosu erməni xidmətinin yaydığı məlumata görə, bunu iyulun 28-də keçirilən mətbuat konfransında Koçaryanın ofisinin rəhbəri Viktor Sogomonyan deyib.
Onun sözlərinə görə, bu iş “açıq-aydın siyasi və şəxsi təqib” xarakteri daşıyır.
Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan məhkəmənin qərarı ilə 2 aylıq həbs edilib.
“Robert Koçaryan qanunsuz saxlanıb.Ona qarşı “qurama” cinayət işi qanunsuz və ölkə konstitusiyasına ziddir.Biz onun təcili azad olunmasını tələb edirik və qərardan şikayət verəcəyik”,Viktor Sogomonyan deyib.
Həmçinin Koçaryanın vəkilləri Ruben Saakyan və Aram Orbelyan onun həbsi və dindirilməsi ilə bağlı bir sıra detallara aydınlıq gətiriblər.
Onlar da deyiblər ki, Koçaryanı həbs etmək üçün isrintaq və məhkəmənin əlində heç bir əsas yoxdur.
Yerevan məhkəməsi iyulun 27-də gecə saatlarında Ermənistanın Xüsusi İstintaq Xidmətinin keçmiş prezident Robert Koçaryanın həbsi üçün icazə ricasını təmin edib.
Bundan bir gün əvvəl Koçaryan “2008-ci il seçkisinin ardınca baş vermiş fəlakətli hadisələr zamanı Ermənistanın konstitusiya quruluşunu devirməkdə” ittiham olunmuşdu.
Koçaryana qarşı ittihamlar 2008-ci ilin fevral və martında baş vermiş hadisələrlə bağlıdır. O vaxt Koçaryanın özünə varis seçdiyi Serj Sarkisyanın seçkidə qalib gəlməsi müxalifəti qəzəbləndirmiş və ölkədə 10 gün müddətində fasiləsiz etirazlar başlanmışdı.
2008-ci il martın 1-də polislə etirazçılar arasında baş vermiş toqquşmalarda iki zabit də daxil 10 nəfər həlak olmuşdu.