Yerevan məhkəməsi iyulun 27-də gecə saatlarında Ermənistanın Xüsusi İstintaq Xidmətinin keçmiş prezident Robert Koçaryanın həbsi üçün icazə ricasını təmin edib.
Bundan bir gün əvvəl Koçaryan “2008-ci il seçkisinin ardınca baş vermiş fəlakətli hadisələr zamanı Ermənistanın konstitusiya quruluşunu devirməkdə” ittiham olunmuşdu.
Məhkəmənin qərarı barədə məlumatı Koçaryanın vəkili Aram Orbelyan gecə yarısı verib. Məhkəmə dinləməsi səhər saat 11-də başlamış və bağlı qapılar arxasında saatlarla davam etmişdi.
Orbelyan deyib ki, Koçaryanın müdafiəsi iyulun 28-də mətbuat konfransı keçirəcək və prosesin təfərrüatları barədə məlumat verəcək.
***
Ermənistanın hakimiyyət orqanları keçmiş prezident Robert Koçaryana qarşı “konstitusiya quruluşunu devirmək” ittihamı irəli sürüb və hazırda onun 2008-ci ildə antihökumət etirazçılarına qarşı zorakılıqla bağlı ittihamlara görə məhkəməyə qədər həbsdə saxlanması məsələsinə baxılır.
Ermənistanın Xüsusi İstintaq Xidməti (XİX) Robert Koçaryanın üç saat ərzində dindirilməsinin detallarını açıqlamayıb. Bu dindirmə Koçaryanın ricası ilə videoyazıya alınıb.
XİX binasının qarşısında gözləyən jurnalistlər 63 yaşlı keçmiş prezidenti görə bilməyiblər, çünki o binaya başqa qapıdan daxil olub.
Xəbər verilir ki, Koçaryan dindirmədən sonra sərbəst buraxılıb, lakin onun barəsində həbs qətimkan tədbirinin seçilməsi müzakirə olunur.
Koçaryan Yerkir Media TV kanalına deyib ki, ona qarşı açılmış cinayət işi “qisas” aktıdır:
“Mən inana bilmirəm ki, müasir zəmanəmizdə belə ittihamlar bu cür qondarıla bilər”.
Koçaryana qarşı ittihamlar 2008-ci ilin fevral və martında baş vermiş hadisələrlə bağlıdır. O vaxt Koçaryanın özünə varis seçdiyi Serj Sarkisyanın seçki qələbəsi müxalifəti qəzəbləndirmiş və ölkədə 10 gün müddətində fasiləsiz etirazlar başlanmışdı.
2008-ci il martın 1-də polislə etirazçılar arasında baş vermiş toqquşmalarda iki zabit də daxil 10 nəfər həlak olmuşdu.
Özünün Sarkisyan hökumətinə münasibəti barədə danışan Koçaryan deyib ki, o son illərdə hökumətin siyasətini, xüsusən də onun təqaüd və Türkiyə-Ermənistan münasibətlərinə dair siyasətlərini tənqid edib:
“Bəzilər məni Serj Sarkisyanla bağlayıblar və belə düşünməkdə davam edirlər. Biz birlikdə çox uzun bir yol keçmişik. Lakin bu bağlar son illərdə demək olar, tamamilə qırılıb. Son beş ildə mən Serj Sarkisyanla cəmi iki dəfə görüşmüşəm. Mən buna təəssüf etsəm də, bu bir həqiqətdir. Biz ildə uzaqbaşı iki-üç dəfə bir-birimizi ad günlərimizi təbrik etmək üçün telefonla danışmışıq. Lakin mən onun Dağlıq Qarabağ münaqişəsindəki və burada Ermənistandakı xidmətlərini dana bilmərəm”.
Koçaryan əlavə edib ki, o ifadə verməyə gələrkən şahid kimi dindiriləcəyini düşünüb, lakin ona şübhəli qismində dindirildiyi barədə məlumat veriləndən sonra suallara cavab verməkdən imtina edib.
Bu ilin əvvəllərində Ermənistanın Baş Prokurorluğu Koçaryanın 2008-ci ilin zorakılıqları ilə bağlı dindirilməsinə ehtiyac görmədiyini bəyan etmişdi.
Lakin prokurorluq, müxalifətçi Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bu qərarını dəyişib.
2010-cu ildə məhz bu zorakılıqlarla bağlı mühakimə olunmuş Paşinyan etiraz təşkilatçılarından biri kimi məhkum olunmuşdu.
O bu il, martın 5-də sual edirdi ki, Koçaryan etirazçıların guya təhlükəsizlik qüvvələrinə güllə atması barədə informasiyanı haradan aldığını izah etməlidir. Çünki hakimiyyət orqanları etirazçılara qarşı zor işlədilməsinə məhz bu hadisə ilə haqq qazandırırdılar.
Koçaryan isə iddia edir ki, etirazçıların qanunsuz hərəkətlərinin qarşısı alınmasa idi, keçmiş prezident Levon Ter-Petrosyanın başçılığı altında müxalifət hakimiyyəti zorakılıqla ələ ala bilərdi.
Paşinyanın administrasiya habelə Sarkisyanın yaxınları və ailə üzvləri barədə cinayət işləri qaldırıb. Bundan başqa Ermənistanın keçmiş müdafiə naziri və Yerevan qarnizonun keçmiş rəisinə qarşı cinayət təhqiqatına başlanıb.
***
Ermənistandan alınan xəbərlərdə deyilir ki, keçmiş prezident Robert Koçaryan barəsində istintaq hərəkətləri başa çatıb.
Bundan əvvəl xəbər verilmişdi ki, Robert Kocharyan hazırda ölkənin Xüsusi İstintaq Xidmətinin (XİX) binasındadır və orada “istintaq hərəkətləri aparılır”.
XİX-in mətbuat katibi Mariya Oqancanyan AzadlıqRadiosunun Erməni xidmətinə deyib ki, bu barədə təfərrüatlı məlumat daha sonra veriləcək.
Keçmiş prezident dindirməyə 2008-ci il 1 mart hadisələri ilə bağlı şahid qismində dəvət olunub.
2008-ci il martlın 1-də Serj Sarkisyanın qalib gəldiyi prezident seçkisinin ardınca başlanan kütləvi etiraz aksiyaları zamanı nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında zorakı toqquşmalar baş vermişdi.
2008-ci il martın 1-də səhər saatlarında polis Yerevanın Azadlıq meydanında gecələyən etirazçılara hücum etmişdi.
Bunun ardınca Aleksandr Myasnikyanın abidəsinin yaxınlığında Sarkisyanın qələbəsini tanımayan etirazçılarla polis arasında baş vermiş toqquşmalarda 10 nəfər həlak olmuşdu.
Bu hadisədən 10 il keçməsinə baxmayaraq insanların həlak olmasının səbəb və şəraiti qeyri-müəyyən olaraq qalır.
XİX-in bu vəzifəyə yeni baş nazir Nikol Pasinian tərəfindən təyin edilmiş başçısı Sasun Xaçatryan iyunun sonlarında bəyan etmişdi ki, onun rəhbərlik etdiyi qurum 1 mart hadisəsini “açmaq” üçün siyasi iradəyə malikdir.
XİX iyulun 3-də bu iş üzrə yeni faktların aşkar edildiyi barədə məlumat yaymışdı. Bu məlumatlardan biri də keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı 1 mart hadisəsi ilə bağlı cinayət işinin qaldırılması barədə idi. Bu da qeyd olunurdu ki, keçmiş nazir barədə axtarış elan olunub. Bundan əvvəl məhkəmə qiyabi olaraq onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçmişdi.
Bu iş üzrə şahid qismində habelə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının indiki baş katibi, lakin 2008-ci ildə Yerevan hərbi qarnizonunun rəisi olmuş Yuri Xaçaturov da Xüsusi İstintaq Xidmətinə dəvət olunmuşdu.