"National Geographic" jurnalı yazır ki, bir zamanlar süni güllərdən tutmuş, kitab cildlərinə qədər çox şeyin rənglənməsində işlənən toksik yaşıl boya hazırda muzey və kitab kolleksiyalarında hələ də qalmaqdadır.
XIX əsrdə istehsal olunmuş bu toksik kitablar zümrüd yaşılı kimi tanınan rəngə boyanıb. Bu boyanın tərkibində arsen maddəsi var. Arsen kimyəvi elementdir və Azərbaycanda həm də "mışyak" kimi tanınır. Bu kitabların bəziləri kitab rəfləri və kolleksiyalarda insanlarda şübhə oyatmadan qalmaqdadır. Delaver ştatındakı Vintertur muzeyinin əməkdaşı Melissa Tedone "Poison Book Project" (Zəhərli kitab layihəsi) adlı layihə yaradıb. Layihə çərçivəsində bu kitablar aşkar edilərək kataloqlaşdırılır.
88 kitab aşkarlanıb
Qrup bugünədək XIX əsrə aid 88 kitabı aşkar edib. Tedone hətta zümrüd yaşılı boyası ilə rənglənmiş bir kitabın bir yerli kitab dükanında satışa çıxarıldığını da görüb və onu satın alıb.
Məqalədə deyilir ki, insan bu kitabları yeməsə, onların orqanizmə ciddi zərər vurması ehtimalı azdır. Ancaq bu kitablar risksiz də deyil. Onlara tez-tez toxunan insanların, məsələn, kitabxanaçılar və tədqiqatçıların nəfəs yollarına özləri də bilmədən tərkibində arsen olan hissəciklər düşə bilər. Nəticədə onlarda yuxululuq, başgicəllənmə, ishal və qarın sancısı kimi simptomlar yarana bilər. Dəriyə toxunduqda isə arsen qıcıqlanma və zədə əmələ gətirə bilər. Ciddi arsen zəhərlənməsi halları isə ürək çatışmazlığı, ağciyər xəstəliyi, nevroloji disfunksiya və hətta ölümə yol aça bilər.
Mütəxəssislər aşkar ediblər ki, cəmi 100 milliqram arsen insanın ölümünə səbəb ola bilər. Bu isə cəmi bir neçə düyü dənəsinin çəkisi qədər maddə deməkdir.
Minlərlə kitab
Tedone deyir ki, bu kitablara nə qədər tez-tez rast gəlindiyini demək çətindir və bu haqda nəsə söyləməkdən ötrü qrupun əlində yetərincə məlumat yoxdur: "Ancaq, əlbəttə, mən dünyada minlərlə belə kitabın olduğunu düşünürəm. XIX əsrin ortalarına aid parça üzlüklü kitabları toplayıb saxlayan istənilən kitabxanada azı bir və ya iki belə kitabın olması ehtimalı var".
"Paris yaşılı", "Vyana yaşılı" və "Şvaynfurt yaşılı" kimi də tanınan zümrüd yaşılı rəngi mis asetatının arsen trioksid ilə qarışdırılmasından əmələ gələn mis asetoarsenitidir. Bu toksik piqment 1814-cü ildə Almaniyanın Şvaynfurt şəhərciyində "Wilhelm Dye and White Lead Company" şirkəti tərəfindən kommersiya məqsədilə yaradılıb. Bu boyadan geyimdən tutmuş, süni güllər və divar kağızlarına qədər hər şeyin boyanmasında istifadə olunurdu. Hətta Viktoriya dövrü İngiltərəsinin bu boyanın içində üzdüyünü demək olar. 1860-cı ilədək təkcə İngiltərədə istehsal olunan yaşıl piqmentin çəkisi 700 tonu keçirdi.
Arsenin toksikliyi o zaman da bilinirdi. Ancaq buna baxmayaraq, bu parlaq rəng həm çox populyar idi, həm də ucuz başa gəlirdi. Divar kağızlarından ətrafa, xüsusən də yeməyə və döşəməyə yayılan yaşıl toz və bu piqmentlə rənglənmiş geyimlər insanları zəhərləyir, dərilərində qıcıqlanma yaradırdı. Bütün bunlara baxmayaraq, bu rəng Viktorian həyat tərzinin ayrılmaz hissəsi idi.
"Kitab parçası" əldə olundu
XIX əsrin əvvəllərində kitablar əllə tikilirdi. Ancaq sənaye inqilabı nəticəsində texnologiya sürətlə inkişaf etdi və kitabların kütləvi istehsalı mümkün oldu.
1820-ci illərdə naşir Uilyam Pikerinq və cildçi Arçibald Leyton ilk dəfə parçanı nişasta ilə örtərək sapların arasındakı boşluqları doldurdu və bu yolla "kitab parçası" adlanan örtük əldə etdi.
"Bu ixtira bütün oyunu dəyişdi. Kitab parçası dəridən ucuz idi. Bu isə o deməkdir ki, sən kitabları fərqli qiymətlərə sata bilərdin", – Tedone deyir. Onun sözlərinə görə, bu yenilik kitabların necə oxunmasını da dəyişdirdi. Artıq ən müxtəlif siniflərdən olan insanlar kitab oxuya bilirdilər.
Mütəxəssislər deyirlər ki, bu boya ilə rənglənmiş kitablarla işləyərkən əlcək taxmaq və xüsusi ayrılmış məkana çəkilmək lazımdır.
Tedonun komandası insanlara xəbərdarlıq etmək üçün zümrüd yaşılı ilə rənglənmiş kitabların şəklini əks etdirən xüsusi əlfəcinlər buraxıb. 900 belə əlfəcin ABŞ-ın hər yerinə və daha 18 ölkəyə göndərilib.