Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Tarixdə kitab yandıranlar


Gəncədə Əkrəm Əylisinin kitablarının yandırılması
Gəncədə Əkrəm Əylisinin kitablarının yandırılması

Təqribən e.ə. 331-ci ildə Makedoniyalı İskəndər tərəfindən yaradılmış İskəndəriyyə kitabxanası yüz illər ərzində azı üç dəfə yandırılıb

“The Hill” qəzeti yazır ki, ABŞ-da Mühafizəkarlar partiyasının yerli və ştat liderləri ölkə boyu bəzi kitabların qadağan edilməsi üçün səfərbər olurlar. Söhbət əsasən irq siyasəti və LGBTQ icması haqda kitablardan gedir.

“Pen America” təşkilatı apreldə hesablayıb ki, 2021-ci ildən bəri 26 ştatın 86 təhsil dairəsində 1500-dən çox kitab yasaqlanıb.

Bu senzura cəhdləri Konqresin diqqətini cəlb edib. Konqres məsələ ilə bağlı dinləmələr keçirib.

1300-dən artıq müəllif məktub yazıb

Uşaq kitabları yazan 1300-dən artıq müəllif də konqresmenlərə yazılmış məktubu imzalayıb.

Bu qadağalar yeni trend olsa da, kimlər üçünsə arzuolunmaz ədəbiyyatın yox edilməsi tarixi xeyli uzundur.

“…Bu iş həmişə məktəbdə bir neçə kitabdan başlayır və sonra bir də görürük ki, iş təkcə ictimai məktəblərlə bitməyərək artıq ictimai kitabxanalara gedib çıxıb”, – “PEN America”nın ifadə və təhsil azadlığı proqramının direktoru Conatan Fridman (Jonathan Friedman) deyib. O əlavə edib ki, son zamanlar trend halını almış kitab qadağası cəhdlərinin hər hansı biri təkrarlana və ya böyüdülə bilər.

Kitabların iri tonqalda yandırılması bəlkə də XXI əsrdə baş verməz. Hərçənd Tennessidən olan bir konqresmen qarşı çıxdığı kitabları nə edəcəyi barədə suala “onları yandırardım” deyə cavab verib.

Artıq hansı növ kitabların kitabxanalarda saxlana bilməsi haqda qərar verən dövlət komitələrinin yaradılması ilə bağlı qanun layihələri üzərində iş gedir. Bu növ senzura ölkədəki yazarlara və onların yaradıcılığına da təsir edir. Fridman belə deyir.

Şi Huanqın verdiyi ilk əmr

Tarixən kitabların yandırılması çox zaman işğal və ya imperiya idarəçiliyi ilə bağlı olub. Çinin ilk imperatoru e.ə. 213-cü ildə bu qəbildən olan ilk əmri verib.

Çin Şi Huanq tarixin onunla başlamasını istədiyi üçün özündən əvvəl sələflərinin olduğunu bilə-bilə özünü “Çinin ilk imperatoru” adlandırmışdı. İmperatorun yox etməyə çalışdığı kitablarsa onun yeritməyə çalışdığı həqiqəti inkar edən kitablar idi.

Kansler Li Si Çin dövlətinin rəsmi tarixindən başqa bütün kitabların yandırılmasını təklif edəndə Şi Huanq onunla razılaşdı. Həmin kitab yandırma kampaniyası dövründə imperator yüzlərlə konfusiçi alimin də öldürülməsi əmrini verdi. Bu alimlər diri-diri basdırılaraq öldürülüblər.

Roma imperiyası da uzun tarixi ərzində saysız-hesabsız kitab yandırıb. “Gələcəkdən xəbər vermə və talelər” haqda kitablara qarşı çıxan birinci imperator Avqust 2000-dən çox kitabın külə döndərilməsini əmr edib. Bu haqda məlumat Haig A. Bosmajianın “Book Burning” (“Kitab yandırma”) adlı kitabında verilib.

İskəndəriyyə kitabxanası

Təqribən e.ə. 331-ci ildə Makedoniyalı İskəndər tərəfindən yaradılmış İskəndəriyyə kitabxanası yüz illər ərzində azı üç dəfə yandırılıb. Müəyyən bir dövr ərzində bu kitabxanada saxlanan sənədlərin sayı yarım milyonu keçmişdi. Bu sənədlər indiki Suriya, Yunanıstan, İran, Misir və Hindistan da daxil olmaqla dünyanın bir çox yerindən gətirilmişdi.

Kitabxana sonuncu dəfə 640-cı ildə ərəb xəlifəsi Ömər tərəfindən yandırılıb. Rəvayətlərə görə, Ömər bu kitabların Qurana zidd olduğunu və deməli kufr sayıldığını bəhanə gətirib.

Katolik kilsəsinin yandırdığı kitablar

Katolik kilsəsi Orta əsrlər boyunca dəfələrlə kitabyandırma kampaniyaları həyata keçirib. XIII əsrdə Papa IX Qreqori yəhudi teologiya kitabı olan “Talmud”un və “bu kimi səhvlərin yol verildiyi kitabların” yandırılmasını əmr edib. Bunun nəticəsində 1242-ci ildə Fransada 24 vaqona yüklənmiş minlərlə cild kitab yandırılıb.

Ümumiyyətlə, katolik kilsəsi dini kitabları tez-tez yandırırdı. Müqəddəs Roma imperatoru V Karl bu kitabyandırma və senzura siyasətinə qoşularaq protestantizmin banisi sayılan ilahiyyatçı Martin Lüterin əsərlərini yandırmışdı.

Bundan başqa Papa XXII İohan, Papa VI Adrian, Kral VIII Henri də daxil olmaqla bir çox lider də bu dövrdə razılaşmadıqları ədəbi və dini əsərləri hədəfə alıblar.

Ən yeni tarixdə də belə hadisələr az olmayıb. 1933-cü il mayın 10-da nasist Almaniyasında “qeyri-alman” damğası vurulmuş 25 min əsər yandırılıb. Bu hadisənin orta əsrlərdə baş verən kitabyandırma kampaniyalarından bir fərqi odur ki, onun foto və video görüntülərini görmək mümkündür.

Çin, Cənubi Afrika

Çinin kommunist lideri Mao Tsedunq da 1960-70-ci illərdəki Mədəni inqilab dövründə kitabları yandırırdı. Çinin indiki hökuməti də senzura kampaniyasını davam etdirir.

2002-ci ildə “Azad Asiya” radiosu əsasən uyğurlara aid olan minlərlə kitabın yandırılması xəbərini vermişdi. Uyğurlar bu gün də Çində dəhşətli təqiblərə məruz qalır və konsentrasiya düşərgələrinə göndərilir.

1955-1971-ci illər arasında Cənubi Afrikada aparteid rejimi minlərlə əsər və kitabı yox edib. Qəzet bu məlumatı CAR-ın Pretoriya Universitetindən götürüb.

1992-ci ildə Bosniyada serb millətçiləri 2 milyon kitabı yandırıblar. 2013-cü ildə isə Malinin Timbuktu şəhərində islamçı döyüşçülər qədim yazılara od vurublar.

“İslam dövləti” də 2015-ci ildə İraqdakı Mosul Universitetini yandıraraq külə döndərib.

ABŞ-ın özündə keçmişdə Quran və “The Beatles”ın albomları da daxil olmaqla bir çox resurs bəzi fərdlər və qruplar tərəfindən qadağan edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG