Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:59

Qadağan olunmuş kitablar və ya ‘xalq senzurası’


Guardian yazır ki, 17-ci əsrdə yaşamış ingilis siyasətçi və yazıçı William Prynne-in yanaqlarına SL hərflərindən ibarət damğa vurmuşdular. SL ingiliscə “seditious libeler” – araqarışdıran böhtançı damğasını yazıçı Anqlikan Kilsəsi xadimlərini lağa göyduğuna görə qazanmışdı.

“Qadağan kitablar” həftəsi münasibətilə çıxış edən Index on Censorship təşkilatının başçısı Jodie Ginsberg deyib ki, ABŞ və Britaniyada belə cəzalar hazırda mövcud olmasa da, internetdə “qaragüruhun hiddəti” deyilən müasir senzura növü yaranıb.

Onun sözlərinə görə, bu senzuranın qəzəbinə ən çox da uşaqlar və gənclər üçün yazılmış kitablar gəlir.

Ginsberg-in təşkilatı “istədiyimizi oxumaq haqqı” uğrunda hər il keçirilən tədbirlər silsiləsinə qatılan onlarca kampaniyaçı təşkilatdan biridir.

Məqalədə deyilir ki, ötən il Scholastic nəşriyyat evi “George Washington üçün üçün ad günü tortu” (A Birthday Cake for George Washington) şəkilli kitabının çapını ləğv edib. Buna səbəb “kitabdakı qulların şən təsvir edilməsi” idi. “Dadlı çərəz” (A Fine Dessert) adlı başqa bir şəkilli kitabın müəllifi isə qul təsvirlərini verdiyinə görə üzr istəməyə məcbur olub.

Ginsberg deyib ki, belə bir “xalq senzurası” xüsusilə də ABŞ-da geniş yayılıb, amma Britaniyada da baş verir: “İndi heç kimin yanaqlarına damğa basmırlar, dövlət senzurası yoxdur, amma əvəzində yazıçı və naşirləri özünüsenzuraya məcbur edən qaragüruh var”.

Ginsberg bunu da əlavə edib ki, senzura hardasa uzaqlarda baş verən bir şey deyildir və Britaniyanın özündə də müxtəlif vaxtlarda vətəndaşların müxtəlif kitablara çıxışı bloklanıb.

Salman Rushdie-nin "Şeytan ayələri" kitabı ətrafında ziddiyyətlər bu gün də davam edir
Salman Rushdie-nin "Şeytan ayələri" kitabı ətrafında ziddiyyətlər bu gün də davam edir

Guardian yazır ki, bu həftə Birləşmiş Krallıqda keçirilən tədbirlərdə tanınmış dilçi və yazıçı Melvyn Bragg, Salman Rushdie-nin müdafiəsi qrupunun üzvləri, irland yazıçı Claire Hennessy və naşir Lynn Gaspard iştirak edirlər.

“Qadağan kitablar” həftəsinin tədbirləri bütün Britaniya boyunca ictimai kitabxana və muzeylərdə keçirilir.

İndi yazıçılar, tənqidçilər və kitab naşirləri bu həftəni Britaniyanın ədəbiyyat təqviminin böyük hadisəsi kimi təsdiqləməyə çalışırlar.

“Qadağan kitablar” həftəsi tədbirinin əsası 1982-ci ildə ABŞ-da qoyulub. O vaxt ölkə boyunca müxtəlif kitabların kitab mağazalarından, məktəb və ictimai kitabxanalardan çıxarılması kütləvi şəkil almışdı.

O vaxtdan bəri 11 min 300 kitabın qadağan olunmasına təşəbbüslər göstərilib.

Məsələn, Mariko və Jillian Tamakilərin “Bir bu yay” (This One Summer) kitabı seksual azlıq obrazlarına görə qadağan edilmilşdi.

Builki təbirlərin siyahısına daxil edilmiş kitabların demək olar hamısı şəkilli uşaq kitabları və ya erotik romanlardır.

Ginsberg deyib ki, indi internetdə kampaniya aparmaq çox asanlaşıb. Bundan istifadə edən insan qrupları, bəzən hətta bir nəfər müəllifləri susdura, kitabları nəşrdən çıxara bilir.

Bəzən isə lap absurd vəziyyətlər yaranır. Yazıçı Maggie Stiefvater-in “Bütün qozbel müqəddəslər” (All the Crooked Saints) kitabının nəşri onun əlyazması başa çatmadan, kitabı heç kim oxumadan ləğv olunmuşdu. Kitabın çapından əvvəl yazılmış bir məqalədən bəziləri onun irqçi bir əsər olduğu nəticəsinə gəlmilşdi.

Məqalənin sonunda ötən il ABŞ-da ən çox hücuma məruz qalmış 10 kitabın siyahısı verilib.

1. “Bir bu yay” (This One Summer) - Mariko Tamaki və Jillian Tamaki

Səbəb: Kitabda seksual azlıqların obrazlarının olması, aşırı seksuallıq və dilin söyüşlüyü

2. “Drama” Raina Telgemeier

Səbəb: Seksual azlıqların təsviri və ziddiyyətli siyasi baxışlar

3. “George” - Alex Gino

Səbəb: Əsərdə transgender uşağın olması

4. “Mənim adım Jazz-dir” (I Am Jazz) Jessica Herthel və Jazz Jennings

Səbəb: Transgender uşaq obrazının olması, “təhqiramiz baxışlar”

5. “İki oğlan öpüşür” (Two Boys Kissing) - David Levithan

Səbəb: Kitabın üz qabığında iki öpüşən oğlanın təsvir edilməsi, aşırı seksual məzmun

6. “Alyaska axtarışında” (Looking for Alaska) - John Green

Səbəb: Açıq-saçıq seks səhnələrinin təsviri, “seksual eksperimentallıq”

7. “Böyük sərt seks caniləri” (Big Hard Sex Criminals) - Matt Fraction

Səbəb: Açıq-saçıq seksin təsviri

8. “Nəsə uydur: Oxunmaması mümkün olmayan hekayətlər” (Make Something Up: Stories You Can’t Unread) - Chuck Palahniuk

Səbəb: Dilin söyüşlü olması, seksual açıq-saçıqlıq və “iyrənclik və təhqiramizlik”

9. “Balaca Bill” (The Little Bill) - Bill Cosby

Səbəb: Bu kitaba hücumlar müəllifin cinsi təcavüzdə bulunmasına dair iddialarla bağlı olub.

10. “Eleanor və Park” (Eleanor and Park) Rainbow Rowell

Səbəb: Dilin söyüşlüyü

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG