"Daily Mail" qəzeti yazır ki, Hollivudla bağlı hər şey qlamur və gözqamaşdırıcı görünsə də, təyyarələrin qəzaya uğradığı, partlayışların baş verdiyi, binaların uçduğu, maşınların yüksək sürətlə ötüşdüyü filmlərin çəkilişləri bəzən çox təhlükəli olur. Aktyor, rejissor və dublyorların təhlükəli səhnələrin çəkilişi zamanı həyatlarını itirməsi halları az olmayıb.
İki həftə əvvəl operator Halina Hatçinsin Alek Bolduinin əlində açılan güllədən həlak olması mətbuatın diqqətini bu qəbildən bədbəxt hadisələrə cəlb edib.
"Boş" güllələr
Aktyor Con-Erik Heksam 1984-cü ildə "Cover Up" adlı televiziya serialının çəkilişi zamanı dubllar arasındakı fasilədə silahla oynadığı zaman açılan güllədən həyatını itirib. Aktyor silahın hələ də "boş" güllələrlə dolu olduğunu bilməyib. Onun gicgahına dəyən güllə qafatasının sınmasına və beyində qansızmaya səbəb olmuşdu.
1994-cü ildə isə aktyor, Hollivudun yüksələn ulduzu Brüs Linin 28-yaşlı oğlu Brendon Li "The Crow" filminin çəkilişi zamanı eyni cür "boş" güllədən həyatını itirib. Güllə onun qarnından dəymiş, həkimlər onun həyatını qurtarmaq üçün altı saat mübarizə aparmışdılar.
Alek Bolduinin "Rust" filminin çəkilişi zamanı baş verən hadisədən sonra Li ailəsi Twitter-də Halina Hatçinsin ailəsinə başsağlığı vermiş və bu sözləri yazmışdı: "Daha heç vaxt heç kim çəkiliş zamanı silahla öldürülməməlidir. Nöqtə".
Çox vaxt təhlükəli səhnələrə aktyorlar deyil, xüsusi dublyorlar çəkildiyi bəllidir. Onlar çəkilən səhnələrin ideal alınması üçün həyatlarını təhlükəyə atır, hündürlükdən tullanır, təyyarəni alçaq məsafədən uçurur, hərəkətdə olan avtomobildən sallanmış vəziyyətdə qalırlar. Partlayıcılar və uçan binalar da öz yerində.
Üç saat yarıma söndürülən yanğın
2018-ci ilin martında Edvard Nortonun rejissor debütü olan "Motherless Brooklyn" filminin çəkilişi zamanı çəkiliş meydançasında yanğın baş vermişdi. 37-yaşlı yanğınsöndürən Maykl Devidson hadisə yerində həyatını itirmişdi. Onun həyat yoldaşı və dörd qızı qalıb. Yanğın aktyorlar içəridə, binanın birinci mərtəbəsində ola-ola zirzəmidə baş vermişdi. Yanğın o qədər güclü idi ki, onu 175 yanğınsöndürən və onlarla yanğınsöndürən maşın cəlb etməklə yalnız üç saat yarıma söndürə bilmişdilər.
Silvestr Stallone, Brüs Uillis, Arnold Şvartseneqqer və Cet Linin çəkildiyi "The Expendables 2" filminin Bolqarıstandakı çəkilişləri zamanı Ken Lyu adlı pekinli dublyor Oqnyanovo dambasında rezin qayıqda rolunu oynayarkən partlayışdan həyatını itirib. Hadisə 2012-ci ildə baş verib. Lyunun valideynləri studiyanı məhkəməyə versə də, dörd il uzadılmış məhkəmə prosesinin sonunda yalnız 26 min dollar təzminat ala bilmişdilər.
Üç nəfərin öldüyü hadisə
1982-ci ildə "Twilight Zone" adlı filmin çəkilişləri zamanı baş verən dəhşətli hadisə 53-yaşlı aktyor Vik Morrou, 7-yaşlı Mik Din Le və 6-yaşlı Rene Şin-Yi Çenin həyatına son qoyub.
Kaliforniyanın İndiana-Düns milli parkında çəkiliş zamanı havada Morrounun başının üstündə uçan helikopter yanlış vaxtda pirotexnik partlayışın təsiri ilə yerə çırpılıb. Onun əsas pəri Morrou və Lenin başını qoparıb, digər uşaqsa helikopterin altında qalaraq əzilib.
Ölən uşaqların ailələri sonradan bir neçə məhkəmənin hökmü ilə milyonlarla dollar təzminat alıblar.
1984-cü ildə gəlinən yekun nəticəyə görə, partlayıcı maddə helikopterə çox yaxın məsafədə partladılıb və nəticədə pilotla rejissor arasında koordinasiya pozulub. Bu hadisənin ardınca başlayan məhkəmə prosesi on ildən çox davam edib və əvvəllər mövcud olmayan bir sıra ciddi təhlükəsizlik tədbirlərinin tətbiqi ilə nəticələnib.