Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:24

Film çəkilişində əsl silahdan istifadə olunursa...


Bir filmdə silahdan atəş açılacaqsa, təhlükəsizliyin planlanması çəkilişin özündən xeyli əvvəl başlayır.
Bir filmdə silahdan atəş açılacaqsa, təhlükəsizliyin planlanması çəkilişin özündən xeyli əvvəl başlayır.

Oktyabrın 22-də Nyu-Meksiko ştatında çəkiliş zamanı yaşanan hadisə həm bütün Hollivudu, həm də dünyanın xeyli hissəsini şoka salıb. Aktyor Alek Bolduin çəkiliş vaxtı əlindəki boş olduğu düşünülən silahın tətiyinə basıb, nəticədə operator həyatını itirib, rejissorsa yaralanıb.

Kamera qarşısında əsl odlu silahlardan istifadə edilsə də, xəsarət hallarına nadir rast gəlinir. Çünki çəkilişdə odlu silahlardan istifadə ilə bağlı oturuşmuş və dəqiq təhlükəsizlik protokolları var.

Silah ustası

"The New York Times" qəzeti yazır ki, ABŞ-da çəkiliş prosesində silahlara ciddi nəzarət etmək üçün hökumətin xüsusi icazəsini almış adamlar işə götürülür. Titrlərdə onların adı "weapons master" (silah ustası) kimi göstərilir. Bəzi ştatlarda əyləncə məqsədilə işlədilən odlu silahlar üçün də ayrıca lisenziya tələb olunur.

Aktyor heyəti əvvəlcədən silahlardan istifadə zamanı təhlükəsizlik təlimindən keçir. Odlu silah heç vaxt, xüsusən də məşqlər zamanı birbaşa kiməsə tuşlanmamalıdır. Hətta çəkiliş zamanı da bunu etmək olmaz. Onsuz da, kamera fəndləri ilə bucağı istənilən şəkildə dəyişmək mümkündür. Hətta zəruri hallarda operator və ətrafdakı çəkiliş heyətini qorumaqdan ötrü gülləkeçirməz şüşədən də istifadə olunur. Əsl artilleriya mərmilərindənsə söhbət belə gedə bilməz.

Qaydalar pozulub

Çepmen Universitetinin dekan müavini Deniel Leonard deyir ki, iki həftə öncə baş verənlər bu çəkiliş meydançasında qaydaların pozulduğunu göstərir: "Hələlik detalları bilmirik, ancaq kino industriyasında belə şeylərin önlənməsi üçün əməl olunmalı xüsusi qaydalar var".

Müasir dövrdə studiyalar atəş səhnələrini imkan daxilində çəkilişdən sonrakı emal zamanı yaratmağa çalışırlar. Bəzən bu mümkün olmur. Hətta bütöv şəhərlərin kompüterlərlə inandırıcı vizual effektinin yaradıla bildiyi zamanda belə, bəzən əsl silahdan açılan atəş görüntüsü yaratmaq çətin olur. Bəzi aktyorlar atəş açırmış kimi davranmağa çətinlik çəkirlər.

Bahalı effekt

Leonard deyir ki, səhnənin mürəkkəbliyindən asılı olaraq, vizual effekti yaratmaq çox baha başa gələ bilər. Sözügedən "Rust" (Pas) kimi müstəqil mənbədən maliyyələşən filmlərsə dar büdcə ilə çəkilir.

Çəkiliş zamanı atəş açmaq gərəkəndə silahlara içində güllə olmayan boş kartric yerləşdirilir. Ancaq bu da düşünüldüyü qədər təhlükəsiz deyil, çünki bu kartriclərin içində də barıt və tüstü effekti üçün kağız dolqu olur. Bu, həqiqi atəş görüntüsü yaradır və kameraya yaxşı düşür. İnsanlar çəkiliş zamanı zədə alsalar da, bu, adətən, yanıq yaraları olur.

Qəzet kanadalı odlu silah təhlükəsizliyi koordinatoru Devid Braunun 2019-cu ildə "American Cinematographer" jurnalındakı məqaləsinə istinadən yazır ki, bu üsul təbii səhnə yaratmağa kömək edir və bu effekti başqa cür almaq mümkün deyil. "Əgər operatorun işi işıq və kadrın köməyi ilə hekayə yaratmaqdırsa, odlu silah mütəxəssisinin işi hekayəni drama və həyəcanla zənginləşdirməkdir", – Braun yazır.

Azı 6 metr məsafə

"Django Unchanted" kimi filmlərdə silah ustası işləmiş Larri Zanoff deyir ki, çəkiliş təhlükəsizliyi koordinatoru heyətin silahın lüləsindən müəyyən uzaqlıqda durmasını təmin etməlidir. Onun sözlərinə görə, bu məsafə, ən azı, 6 metr olmalıdır.

Braunsa sözügedən məqaləsində yazır ki, təhlükəsizlik məsafəsi, əsasən, odlu silahın növündən və doluluq dərəcəsindən asılı olaraq dəyişir: "Buna görə də biz hər şeyi əvvəlcədən test edirik. İnsanların [əsl] silah atəşindən durmalı olduqları uzaqlığı götürüb üçə vurun".

Bir filmdə silahdan atəş açılacaqsa, təhlükəsizliyin planlanması çəkilişin özündən xeyli əvvəl başlayır. Silah ustası ssenarini təhlil etmək, rejissor və digər heyət üzvləri ilə işləmək üçün öncədən dəvət olunur. Çox vaxt studiyalar eyni təcrübəli mütəxəssislə daimi işləməyə üstünlük verirlər. Məsələn, Con Foks adlı silah ekspertinin adı 25 il ərzində 190 film və 650 televiziya epizodunun titrlərində keçib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG