Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

'Kimini fitə basdılar, kimini...'


Builki seçki şüarlarının üç ana xətti
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Builki seçki şüarlarının üç ana xətti

Azərbaycanda növbədənkənar parlament seçkiləri prosesi sona yaxınlaşır. Fevralın 8-də təbliğat-təşviqat dayanır, fevralın 9-u isə səsvermə keçiriləcək.

Bəs bu seçkilər daha çox hansı məqamlarla yadda qala bilər?

«Sosial şəbəkələrdən geniş istifadə»

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının sədri Məhərrəm Zülfüqarlı hesab edir ki, 2020-ci il növbədənkənar parlament seçkilərində diqqətçəkən əsas məqam sosial şəbəkələrdən geniş istifadədir. «Hətta sosial şəbəkə vasitəsilə Mərkəzi Seçki Komissiyasına (MSK), Baş Prokurorluğa şikayətlər də oldu. Bunlar bu seçkilərin əvvəlki seçkilərdən kəskin fərqini göstərən cəhətdir», - Zülfüqarlı vurğulayıb.

M.Zülfüqarlı
M.Zülfüqarlı

«Ödənişli efirin bahalığı»

Qərargah sədrinə görə, bu seçkilərdə namizədlərin telekanallardan istifadə etməməsi də diqqətçəkən məqam idi. Onun fikrincə, buna ödənişli efirin bahalığı səbəb olub. (Bir saniyəlik ödənişli çıxış 22-65 manat arasında dəyişib): «Ona görə də əsas diqqət sosial şəbəkələrə yönəldi. Bir anlığa təsəvvür edək ki, sosial şəbəkələr olmasa idi, o zaman təbliğat-təşviqat istiqamətində vəziyyət necə olardı? Bu onu göstərir ki, bu seçkilərdə fəallıq, rəqabətinin güclü olması sosial şəbəkələr vasitəsilə təmin edildi. Ona görə də bu, fərqli cəhətdir».

M.Zülfüqarlının sözlərinə görə, beynəlxalq təşkilatların bu seçkilərə marağı böyükdür, yaydıqları bəyanat da göstərir ki, onlar adi müşahidəyə gəlməyiblər: «Odur ki, seçkini keçirən qurumlar işi yüksək səviyyədə qurmalıdırlar ki, seçkidən sonra beynəlxalq qurumların Azərbaycana təzyiqləri güclənməsin».

Vətəndaş Təşəbbüsləri İnstitutunun (VTİ) rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna deyib ki, bu seçkilərdə müəyyən pozuntular olub: «Seçki təşkilatçıları bu mərhələdə yerlərdə bütün namizədlərə bərabər təbliğat-təşviqat kampaniyası şəraiti yaradıldığını iddia etsələr də, hakimiyyətin və ya hakimiyyətə yaxın namizədlərin görüşlərinin təşkilində inzibati resurslardan istifadə edilib. Bu isə birbaşa qanun pozuntusudur».

B.Süleymanlı
B.Süleymanlı

«Kimini fitə basdılar, kimini zaldan qovdular»

O vurğulayıb ki, təşviqat mərhələsində bəzi deputat olmuş namizədlərə seçicilər açıq etirazlarını ifadə ediblər: «Kimini fitə basdılar, kimini zaldan qovdular. Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı videogörüntülər var və bunun özü yeni bir prosesdir. Maraqlı budur ki, hökumət inzibati resurslardan nə qədər istifadə etsə də, insanlar etiraz etməyi bacardılar».

B.Süleymanlı iddia edib ki, daha bir hal bəzi namizədlərə təzyiqlərin göstərilməsi olub:


«Namizədliyini geri çəkənlərin heç də hamısı təzyiqlə bağlı deyil, amma təzyiq nəticəsində geri çəkilənlər də var».

B.Süleymanlı da hesab edir ki, bu seçkilərdə sosial şəbəkələr çox ciddi rol oynayır: «Namizədlərin böyük əksəriyyəti sosial şəbəkələr üzərindən təbliğat-təşviqat kampaniyası apardı, bu isə yeni texnologiyalardan istifadə nümunəsi idi. Hətta iqtidar düşərgəsindən olan namizədlər də bu vasitədən geniş istifadə etdilər və bu onu göstərdi ki, iqtidar nümayəndələri də sosial şəbəkənin güclü təsir vasitəsinə malik olmasını təsdiqlədilər».

'Namizəd alveri' iddiaları nə qədər realdır?
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

«Proses aşkarlıq şəraitində keçib»

Mərkəzi Seçki Komissiyasından (MSK) isə «Turan» agentliyinə bildiriblər ki, builki seçkilərdə bütün proses aşkarlıq şəraitində keçib: «Bu seçkilər ictimai fikri özünə daha çox cəlb edə bildi. Prosesə daha çox deputatlığa namizədlər, müşahidəçilər qatıldı. Bütün bölgələrdə təbliğat-təşviqat kampaniyası aparıldı. Seçki Məcəlləsinin tələbləri çərçivəsində seçkini təşkil edə bildik və ümid edirik ki, seçicilər də nəzərdə tutulan şəkildə öz iradələrini sərbəst ifadə edərək yeni parlamenti formalaşdıracaqlar».

MSK-dan bildirilib ki, bəzi görüşlərin təşkilində inzibati resurslardan istifadə barədə danışılsa da, ortaya real faktlar qoyulmayıb.

Bu ara ayrı-ayrı yerli hakimiyyət orqanları da seçkilərə müdaxilə etmədiklərinə dair açıqlamalar veriblər.

Xatırlatma

Ötən il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam verib.

Parlamentin buraxılması təşəbbüsü hakim Yeni Azərbaycan Partiyasına aiddir. Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədi ilə izah etmişdilər. Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifətdən Milli Şura və bəzi qüvvələr bu seçkiləri boykot edir. Onlar hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG