Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:31

Deputatlığa namizədlərin polisə çağırıldığı bildirilir


'Namizəd alveri' iddiaları nə qədər realdır?
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

'Namizəd alveri' iddiaları nə qədər realdır?

Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərdə müxalif və bitərəf düşərgədən olan bəzi namizədlər polis orqanlarına çağırıldıqlarını deyirlər.

Bərdə

94 saylı Bərdə kənd seçki dairəsindən namizəd, Müsavat Partiyasının üzvü Dadaş Əhmədli fevralın 5-də bu rayonun polis şöbəsinə çağırıldığını söyləyib: «Zəng gəldi, bilirdilər ki, idarəyə gəlməliyəm. Getdim. Görüşdə idarə rəisi dedi ki, tərəfdarlarınıza deyin, seçki prosesində qeyri-qanuni hərəkətlərə yol verməsinlər. Mən də bildirdim ki, biz hər şeyin qanun çərçivəsində olmasına çalışırıq…».

Quba

53 saylı Quba-Qusar seçki dairəsi üzrə deputatlığa bitərəf namizəd Cavid Qara da oxşar telefon zəngi aldığını deyib: «Mənə mobil nömrədən zəng gəldi. Zəng edən özünü polis əməkdaşı kimi təqdim etdi və mədəni şəkildə dedi ki, polisə çağırılmışam, rəis mənimlə söhbət etmək istəyir. Danışandan sonra o nömrəni dəqiqləşdirmişik, məlum olub ki, zəng vuran şəxs polisdə işləyir. Mən zəng barədə Daxili İşlər Nazirliyinin «102» xidmətinə məlumat verdim. Onlar yəqin ki, polis şöbəsi ilə əlaqə yaradıblar. Çünki mənə polis şöbəsinin nömrəsindən zəng gəldi və bildirdilər ki, polisə çağırılmamışam. Bir saat keçəndən sonra yenidən əvvəlki nömrədən zəng gəldi, görüşə gəlib-gəlməyəcəyimi soruşdular. Mən öz növbəmdə bildirdim ki, görüşə gəlməyəcəm, çünki səbəb göstərilmir və mənim görüşə sərf edəcəyim vaxtım yoxdur. Zəng edən isə qeyri-rəsmi görüşüb söhbət etməyə israr edirdi. Mən yenidən imtina etdim».

«…Təlimat veriblər ki, seçkilərin sabahısı günü…»

C.Qara əlavə edib ki, bu, birbaşa seçki fəaliyyəti ilə bağlıdır: «Digər çağırılan namizədlərlə söhbətlərdən məlum olur ki, onları çağırıb təlimat veriblər ki, seçkilərin sabahısı günü kimisə meydanlara, etirazlara səsləmək kimi söhbətlər olmasın».

Şirvan

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd, Müsavat Partiyasının üzvü Əlikram Xurşidov da Şirvan Şəhər Polis Şöbəsinə çağırıldığını söyləyib: «Mənə sahə müvəkkili zəng vurub şöbəyə dəvət edib. Mən isə rəsmi çağırış vərəqəsini tələb etdim. Çağırış vərəqəsini gətirəndə məlum oldu ki, səhər saat 12-də şöbədə olmalıyam, mənim isə həmin saata seçicilərlə görüşüm təyin olunmuşdu. Etirazımı bildirdim və saatını 10:30-a dəyişdilər. Ora getməmişdən əvvəl dairə seçki komissiyasına gedib etirazımı bildirdim. Sonra isə qeyd edilən vaxtda, yəni fevralın 5-də şöbəyə getdim. Orada əvvəl ictimai təhlükəsizlik bölməsinin rəisi ilə görüşdük, sonra isə qalxdıq rəisin yanına. Orada mənə bildirildi ki, təxribat törədiləcəyi haqqında operativ məlumat var və mənim çağırılmağım sırf təhlükəsizlik xarakteri daşıyır. Amma söhbətin məğzi sırf siyasi idi».

«Polisə çağırılmağım seçicilərimdə qorxu yaradır»

Ə.Xurşidov vurğulayıb ki, polisə çağırılması təzyiqdir: «Birincisi, mən indi seçicilərlə görüşlər keçirirəm və polisə çağırılmağım həm vaxtımı alır, həm də ki, seçicilərimdə qorxu yaradır. Bu, təzyiqdən başqa bir şey deyil».

Lənkəran

76 saylı Lənkəran-Astara seçki dairəsindən deputatlığa namizəd Xalid Bağırov isə (ReAL Cümhuriyyətçilər Bloku) Lənkəran Rayon Polis İdarəsinə çağırıldığını açıqlayıb: «Rəis müavini zəng vurub məni idarəyə çağırıb. Mən isə bildiriş olmadan getməkdən imtina etdim. Həmçinin, bildirdim ki, vaxtım yoxdur».

X.Bağırov da iddia edib ki, polisə çağırılması seçkiqabağı fəaliyyəti ilə bağlıdır: «Bundan başqa bir şey ola bilməz. Mən bura 10 gün əvvəl gəlmişəm və dayanmadan seçki ilə bağlı məsələlərlə məşğulam».

DİN nə deyir

«Turan» agentliyinin xəbərinə görə, Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə namizədlərin seçkilərlə bağlı polis şöbələrinə çağırılmaları haqqında deyilənləri təkzib edib: «Bu, yalan və kiminsə tərəfindən uydurulmuş məlumatdır. Belə hal yoxdur və ola da bilməz».

Xatırlatma

Ötən il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam verib.

Parlamentin buraxılması təşəbbüsü hakim Yeni Azərbaycan Partiyasına (YAP) aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifətdən Milli Şura və bəzi qüvvələr bu seçkiləri boykot edir. Onlar hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG