Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Khomeini-nin məqbərəsində paylanan ərzaq niyə hiddət doğurub?


İmam Khomeini-nin məqbərəsində ərzaq paketləri düzülür
İmam Khomeini-nin məqbərəsində ərzaq paketləri düzülür

AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, İran İslam inqilabının banisi ayətüllah Ruhullah Khomeini-nin məqbərəsinə koronavirus pandemiyasına görə ehtiyaca düşən insanlar üçün yüzlərlə zərif paketlərdə qoyulmuş ərzaq sovqatı rəğbət yaratmaq əvəzinə, sosial mediada böyük tənqid və qəzəb dalğası doğurub.

Tənqid edənlərin bir çoxu imam məqbərəsinin parıldayan dəbdəbəsi ilə ölkədə tüğyan edən yoxsulluğun ziddiyyətinə diqqət çəkiblər.

Məsələn özünü 1980-1988-ci il İran-İraq müharibəsinin veteranı və prezidentliyə müxalifətin namizədi olmuş və həbsə atılmış Mir Hossein Musavinin tərəfdarı kimi təqdim edən Ghasem Mohammadi Twitter-də yazıb:

"İmam Khomeini-nin inqilabından 40 il sonra adamlar dəbdəbəli bir yerdə bu cür sərgilənən düyü, yağ və makaronun möhtacı olmalı deyildilər!”

Başqa bir Twitter istifadəçisi Majid yazır ki, “yoxsulların imamı sarayda dəfn olunub və burada kasıbın yalnız güc-bəla ilə bir həftəlik ehtiyacını ödəyə biləcək azuqə bağlamaları düzülüb”.

Khomeini-nin nəvəsinə çağırış

Jurnalist və siyasi fəal Mehdi Mahmudian isə bir qədər də irəli gedərək Khomeini-nin nəvəsi Hassan Khomeini-ni babasının məqbərəsində düzülmüş ərzaq paketlərinə görə xalqdan üzr istəməyə çağırıb. 2009-cu il etirazları zamanı zorlamaları sənədləşdirdiyinə görə həbsxana cəzası çəkmiş Mahmudian yazıb:

"Belə ərzaq paketlərinə ehtiyacı olan ailələrin mövcudluğu hər bir kəs üçün, xüsusən də sizin ailəniz üçün utanc olmalıdır. Bu ərzaq paketlərində fəxr eləməli heç nə yoxdur”.

Hazırda bir çox iranlılar ABŞ sanksiyalarına, habelə korrupsiya və mənimsəmələrə görə zəif duruma düşən iqtisadi vəziyyətdə yaşamağa məcburdur.

Üstəlik ölkədə ölümcül koronavirus epidemiyasının yayılması, bir çox bizneslərin bağlanması vətəndaşların vəziyyətini daha da çətinləşdirib.

Ərzaqla qazanılan rəğbət

İran İctimai Rəy Agentliyinin apreldə apardığı sorğu göstərib ki, koronavirus epidemiyasına görə gəlirləri azalanlar 50 faiz təşkil edir. Pandemiyaya görə ölkə boyunca bizneslərin 42 faizi bağlanıb.

Ərzaq paketləri İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) tərəfindən bir qayda olaraq müqəddəs ocaqlarda, məqbərə və ziyarətgahlarda paylanır.

Bir çox şərhçilər düşünürlər ki, İİKK ərzaq yardımını bu sayaq sərgiliməklə son illərdə xeyli gözdən düşmüş imicini yaxşılaşdırmağa çalışır.

İİKK həm də özünü ölkədə yayılmış koronavirus epidemiyası ilə mübarizənin aparıcı qüvvəsi kimi təqdim edir.

İran Səhiyyə Nazirliyinin mayın 12-də verdiyi məlumata görə indiyədək ölkədə COVID-19 virusuna 110 min nəfər yoluxub və bunun 6700 nəfəri vəfat edib.

Bir çox müstəqil ekspert İranın koronavirusa dair statistik rəqəmlərinin 2-3 dəfə azaldıldığına inanır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG