Keçid linkləri

2026, 09 Noyabr, bazar ertəsi, Bakı vaxtı 19:54

Kənd təsərrüfatından da vergi tutulacaq: 'Büdcə xərclərini qarşılamağa yetmir'

Azərbaycan hələ də buğdaya tələbatını niyə ödəyə bilmir?
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Azərbaycan hələ də buğdaya tələbatını niyə ödəyə bilmir?

Gələn ildən Azərbaycanda fermerlərin gəlir və mənfəətinə tətbiq olunan tam vergi güzəşti 90 faizə endirilir. Hökumət bu yolla qeyri-neft gəlirlərini artırmağı hədəfləsə də, istehsalçılar artan xərclərdən, iqtisadçılar isə vergi yükünün iqtisadi fəallığı zəiflədəcəyindən ehtiyatlanırlar.

"Əkin-biçinlə ailə dolandırmaq getdikcə çətinləşir. Toxumun, gübrənin, dərmanın, suvarmanın xərci artıb. Məhsulu bazara çıxaranda isə qiyməti biz müəyyən etmirik. Bəzən çəkdiyimiz xərci belə güclə çıxarırıq. İndi də vergi məsələsi ortaya çıxıb".

AzadlıqRadiosuna danışan Vəli Tağızadə 10 ilə yaxındır ki, ailəsini tərəvəzçiliklə dolandırır. O deyir ki, son illər məhsulun satış qiyməti artan istehsal xərclərini qarşılamır. Üstəlik, 2027-ci ildən kənd təsərrüfatı istehsalçılarının gəlir və mənfəət vergisindən tam azadolması 90 faizlik güzəştlə əvəzlənəcək.

Tağızadənin sözlərinə görə, kiçik təsərrüfatın gəliri əvvəlcədən bəlli olmur: məhsulun bol olduğu il qiymətlər aşağı düşə, məhsuldarlığın zəif olduğu il isə xərclər daha da ağırlaşa bilər. Belə şəraitdə vergi öhdəliyinin yaranması istehsalçının qazancına birbaşa təsir göstərə bilər.

90 faizlik güzəşt mexanizmi nədir?

İndiyədək kənd təsərrüfatı istehsalçılarının gəlir və mənfəəti vergidən tam azad idi. 2027-ci il yanvarın 1-dən bu güzəşt 90 faiz həcmində tətbiq olunacaq. Başqa sözlə, istehsalçıların vergiyə cəlb olunan gəlir və mənfəətinin 90 faizi güzəştdən yararlanacaq, qalan hissə isə ümumi dərəcələrlə vergiyə cəlb ediləcək. Güzəştdən yararlanmaq üçün istehsalçılardan elektron qaydada qeydiyyatdan keçərək müvafiq gəlir və mənfəəti vergi bəyannaməsində göstərmək tələb olunacaq.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli noyabrın 6-da Milli Məclisin komitə iclasında bildirib ki, yeni güzəşt mexanizmi beş il müddətinə qüvvədə olacaq. Sadələşdirilmiş vergi üzrə tam azadolmanın müəyyən şərtlərlə daha beş il saxlanılması da nəzərdə tutulur.

Dövlət büdcəsində vergi daxilolmalarının payı artır

Kənd təsərrüfatı istehsalçılarına vergi güzəştlərinin azaldılması hökumətin 2027-ci il üçün nəzərdə tutduğu daha geniş fiskal siyasətin tərkib hissəsidir.

Parlamentə təqdim edilən büdcə layihəsinə əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon, xərcləri isə 42 milyard 400 milyon manat olacaq. Büdcə kəsirinin 3 milyard 146 milyon manat təşkil edəcəyi gözlənilir. Dövlət Neft Fondundan transfertin 11.9 milyard manata endirilməsi nəzərdə tutulur ki, bu da cari ilin planından 935 milyon manat azdır.

Neft Fondundan transfertin azaldılması və qeyri-neft gəlirlərinin artırılması hökumətin 2027-ci il büdcə siyasətinin əsas istiqamətlərindəndir. Maliyyə Nazirliyinin proqnozuna görə, Dövlət Vergi Xidməti xətti ilə büdcəyə 18 milyard 430 milyon manat daxil olmalıdır. Bu göstərici 2026-cı ilin təsdiqlənmiş planından 1.52 milyard manat (9 faiz), 2025-ci ilin faktiki icrasından isə 2.07 milyard manat (12.7 faiz) çoxdur. Vergi Xidməti üzrə proqnozlaşdırılan daxilolmaların 80.6 faizi – 14 milyard 850 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.

500 qoyunu olana 4 manat subsidiya: Bəs sadə kəndli neyləsin?
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Maliyyə naziri Sahil Babayev müzakirələr zamanı büdcə siyasətinin əsas istiqamətlərindən birinin neftdən asılılığın azaldılması və qeyri-neft gəlirlərinin artırılması olduğunu bildirib. Onun sözlərinə görə, bu məqsədlə real sektorun inkişafı və vergi daxilolmalarının artırılması növbəti ilin büdcə siyasətində əsas prioritetlər sırasındadır.

"Ölkədə vergi bazası ciddi şəkildə dəyişmir"

İqtisadçı Toğrul Vəliyev hesab edir ki, neft gəlirlərinin payı azaldıqca hökumət büdcəni formalaşdırmaq üçün yeni mənbələr axtarır, lakin tətbiq olunan bu vergilər, əslində, əlavə imkan yaratmır: "Yəni hərəsi 3, 4, 5, 6, lap 100 milyon manat gətirə bilər, amma büdcənin xərclərini təmin etməyə yetmir".

Onun fikrincə, yeni vergilər iqtisadi fəallığı artırmaq üçün deyil, azalan büdcə gəlirlərini və çoxalan xərcləri qarşılamaq məqsədilə tətbiq olunur.

T.Vəliyev bildirir ki, neftin payı formal olaraq azalsa da, reallıqda iqtisadiyyat yenə də ondan asılı qalır. Onun sözlərinə görə, hazırda iqtisadiyyatın "boz" sahələrinə – məsələn, sosial şəbəkələr vasitəsilə satış edənlərə, kuryer fəaliyyətinə və digər kiçik sahələrə nəzarət sərtləşdirilir, dolayı vergilər də artırılır: "Bunu vergi bazası artsın deyə edirlər. Amma ölkədə vergi bazası ciddi şəkildə dəyişmir. Əhali ciddi sürətdə artmır, iqtisadi aktivlik də yoxdur. İqtisadi aktivliyin necə artırılması barədə suala cavab vermək isə çətindir, çünki bunun üçün müəyyən vaxt və investisiyalar lazımdır. Həmin investisiyalar da təkcə yol və məktəb tikintisindən ibarət deyil, həm də təhsil, səhiyyə və digər sahələrin inkişafı ilə bağlıdır".

Vəliyev vurğulayır ki, bu cür investisiyalar uzunmüddətli nəticə verir, hökumət isə qısa müddətdə effekt görmək istəyir.

Onun qənaətinə görə, son illərdə iqtisadi artım əsasən neftlə bağlı dövlət investisiyaları hesabına təmin olunub; logistika və nəqliyyat mərkəzinə çevrilmək bəyan edilsə də, bu istiqamətdə ciddi addımlar gözə dəymir.

Neft gələn il ucuzlaşsa, nə olacaq?

Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar götürülüb. Oktyabrda "Azeri Light" markalı neftin qiyməti isə bəzi günlərdə 120 dolları ötüb ki, bu da büdcə proqnozundan xeyli yüksək göstəricidir.

Bunun fonunda Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə 102 milyard 48.2 milyon manatlıq ÜDM istehsal olunub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1.5 faiz çoxdur. Neft-qaz sektorunda əlavə dəyər isə 1.2 faiz azalıb.

Azərbaycan vergi yükünə görə regionda birincidir
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

İqtisadçı Məhəmməd Zeynallının fikrincə, neftin ucuzlaşması büdcə gəlirlərini və dövlət xərclərindən asılı olan iqtisadi fəallığı zəiflədə bilər. O bildirir ki, belə bir vəziyyətdə hökumət borclanma, Neft Fondunun vəsaitlərindən istifadə, vergilərin artırılması və ya xərclərin azaldılması arasında seçim etməli olacaq. Lakin o vurğulayır ki, siyasi səbəblərdən artırılan xərcləri sonradan azaltmaq çətin olur.

İqtisadçı neftin qiyməti ilə iqtisadi artım göstəricilərini birbaşa müqayisə etməyin düzgün olmadığını da bildirir. Onun sözlərinə görə, neftin bahalaşması ixrac gəlirlərini artırsa da, real iqtisadi artım istehsal həcmlərindən asılıdır: "Məsələn, 2026-cı ilin ilk doqquz ayında ümumi real ÜDM 1.5 faiz, qeyri-neft-qaz sektoru 2.6 faiz artdığı halda, neft-qaz sektorunda əlavə dəyər 1.2 faiz azalıb".

Zeynallı qeyri-neft sektorundan vergi daxilolmalarının artmasını da iqtisadi şaxələndirmənin göstəricisi hesab etmir. O bildirir ki, dövlət sifarişləri və subsidiyalar hesabına böyüyən müəssisələrlə müstəqil özəl investisiya və ixrac hesabına inkişaf edən biznes arasında ciddi fərq var.

İqtisadçı vergi yükünün artırılmasının formal məşğulluğa, sahibkarlığa və investisiya fəallığına mənfi təsir göstərə biləcəyini də deyir. Onun fikrincə, investorlar üçün təkcə mövcud vergi dərəcələri deyil, gələcəkdə vergi siyasətinin nə dərəcədə proqnozlaşdırıla bilən olması da vacibdir: "Davamlı vergi artımı gözləntisi investisiyaları zəiflədə bilər. Nəticə etibarilə, dayanıqlı büdcə siyasətinin əsasında dövlətin gəlir toplama imkanlarını məhdudiyyətsiz genişləndirmək deyil, gəlir və xərclərlə bağlı qərarları şəffaf və etibarlı fiskal qaydalara tabe etmək dayanmalıdır".

Digər ölkələrin təcrübəsi nə göstərir?

Gürcüstan 2017-ci ildən Estoniya modelinə əsaslanan mənfəət vergisi sisteminə keçib. Bu modelə görə, şirkətlər mənfəəti biznesdə saxlayıb yenidən investisiya etdikdə həmin vəsaitdən dərhal vergi ödəmirlər. Vergi öhdəliyi yalnız mənfəət bölüşdürüldükdə – məsələn, dividend şəklində ödənildikdə yaranır. Estoniyada bölüşdürülən mənfəətə 2025-ci ildən 22 faiz, Gürcüstanda isə 15 faiz vergi tətbiq olunur. Modelin əsas məqsədi şirkətləri qazancı götürməkdənsə, biznesə yenidən yatırmağa təşviq etməkdir.

Bununla yanaşı, Gürcüstanda kənd təsərrüfatı istehsalçıları üçün ayrıca vergi güzəştləri də var. Öz məhsulunu emal etmədən, ilkin formada satan fermerlərin illik gəliri 200 min larini (131 min manat) aşmadıqda həmin məbləğ vergidən azad edilir. Yerli kənd təsərrüfatı məhsullarının ilkin satışına ƏDV tətbiq olunmur. Bundan başqa, bəzi növ toxumların, əkin materiallarının, pestisidlərin və aqrokimyəvi vasitələrin idxalı da ƏDV-dən azaddır. Bu güzəştlərin bir qisminin müddəti 2028-ci il yanvarın 1-dək uzadılıb.

​
XS
SM
MD
LG