2017-ci ildə Ermənistanda əkin sahələri azalıb, məhsuldarlıq düşüb, mal-qara və toyuq-cücənin sayında azalma müşahidə edilib.
Bu haqda Azadlıq Radiosunun Ermənistan xidməti xəbər verir.
Ermənistan Milli Statistika Xidmətinin açıqladığı rəqəmlərə görə, 2016-ci illə müqayisədə 2017-ci ildə ölkədə əkilən torpaqların sahəsi 16,6 faiz azalıb.
2016-cı ildə 253 min hektar torpaq əkilmişdisə, ötən il bu rəqəm 294 minə düşüb.
Taxıl sahələrinin sahəsi xeyli azalıb - 24 faiz.
Üzümlüklərin sahəsi 17,1 min hektardan 15,8 min hektara enib.
Buna da bax: İlham Əliyev aqrar sahəyə 160 milyon manat ayırdı
Məhsuldarlıq da düşüb. 2016-cı ildə hər hektardan 32,4 sentner taxıl yığılmışdısa, ötən il bu rəqəm 21,8 sentnerə enib.
İribuynuzlu mal-qaranın sayında ciddi azalma var. - 6,5 faiz, yaxud 45 min baş. (Say 701 min başdan 655 minə düşüb).
Qoyun-keçinin də sayı təxminən bu qədər azalıb.
Toyuq-cücənin sayında azalma 3,2 faiz olub.
Milli Statistika Xidməti bütün bu göstəriciləri ümumiləşdirərək bildirir ki, 2017-ci ildə kənd təsərrüfatında geriləmə 3 faiz olub.
Ermənistanın Aqrar-kəndli İttifaqının sədri Qraç Berberyan deyir ki, kənd təsərrüfatındakı geriləmə dövlətin kəndlini yetərincə dəstəkləməməsindən qaynaqlanır:
"Bizdə bu dəstək cüzidir. Halbuki, məsələn, Rusiyada məhsulun maya dəyərinin 40 faizi dövlətin ayırdığı subsidiyalar əsasında formalaşır. Bəlalarımızın da səbəbi budur. Bazarı itiririk, məhsulumuz rəqabətə davamlı deyil".
Bu yaxında Araqatsotn rayonundakı Arteni kəndinin sakinləri Azadlıq Radiosunun Ermənistan xidmətinə bildiriblər ki, hətta su kanalının yaxınlığındakı sahələrinin təxminən yarısı əkilmir, çünki su bahalaşıb.