Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 05:01

151 il əvvəl Amerikada qulun öz sahibinə yazdığı məktub


1865-ci ildə ABŞ-ın Tennessi ştatında yaşayan polkovnik Patrik Henry Anderson keçmiş qulu Jourdan Anderson-a məktub yazıb onun fermaya qayıtmasını istəyib.

1864-cü ildə Jourdan və arvadı Amandanı, o cümlədən plantasiyada səhərdən axşama kimi çalışan digər qulları Birləşmiş Ordu əsgərləri azad edib. 32 illik qul həyatına son qoyan Jourdan Anderson Ohayo ştatına gəlir və burda özünə iş tapır, ailə qurur.

Vətəndaş müharibəsi başa çatandan sonra keçmiş sahibindən məktub alan Jourdan cavabını “New York Daily Tribune» qəzetində çap etdirir. (məktub “New York Daily Tribune» -da 22 avqust 1865-ci ildə dərc olunub) Azsavadlı Anderson istəyir ki, məktub keçmiş sahibinə dəqiq və anlaşıqlı dildə çatsın. Ona görə də Jourdan məktubunu qəzetin müxbirinə diktə edir.

Məktubda yazılmışdı:

“Keçmiş sahibim polkovnik Andersona, Tennessi ştatı, Biq-Sprinq

Ser,

Sizin məktubu aldım və Jourdan-ınınızı unutmadığınızı öyrənincə şad oldum. İstəyirsiniz ki, qayıdım və sizinlə yenidən yaşayım. Mənə digərlərindən daha yaxşı təkliflər söz verirsiniz.

Mən tez-tez sizə görə narahat oluram. Düşünürdüm ki, yankilər sizi çoxdan asıb, ona görə ki, evinizdə cənubdan olan əsgərləri gizlədirdiniz.

Baxmayaraq ki, mən sizi tərk edəndə arxamca iki dəfə atəş açdınız, sizin heç vaxt əzab çəkməyinizi istəməmişəm və şadam ki, hələ də sağsınız.

Köhnə, əziz evə qayıtmağı və miss Mary-ni, Miss Martha-nı, Allen, Esther, Green və Lee-ni görməyi necə də istəyərdim. Məndən onlara çoxlu salam deyin və söyləyin ki, ümid edirəm, indi olmasa da, yaxşı dünyada görüşə biləcəyik.

Sizi görməyə gələrdim, amma Naşvilla xəstəxanasında işləyərkən qonşulardan biri mənə dedi ki, “Henry əlinə şans keçərsə, səni öldürmək niyyətindədir”...

Foto: wikipedia
Foto: wikipedia

“Rahat evim, dolanışığım var”

Təkliflərinizin detallarını bilmək istəyirəm. Burda babat dolanıram. Ayda 25 dollar alıram, üstəlik, ərzaq və geyimlə təmin olunuram. Mandy və uşaqlar Milly, Jane və Grundy üçün rahat evim var. Uşaqlar məktəbə gedirlər və yaxşı oxuyurlar. Müəllimi deyir ki, Grandy yaxşı xətib ola bilər. Onlar bazar günü məktəbinə gedirlər, Mandy ilə mən mütəmadi kilsəyə gedirik. Bizə yaxşı münasibət bəsləyirlər. Bəzən eşidirik, adamlar barəmizdə deyirlər: “Bu rənglilər nə vaxtsa Tennessidə qul olublar”. Bu sözlər uşaqlarımı incidir, amma onlara söyləyirəm ki, Tennessidə polkovnik Andersona mənsub olmaq alçaldıcı sayılmır. Çoxlu qaradərili mənim kimi sizə “sahibim” deməkdən qürur duyurdu.

İndi siz bizə nə qədər əmək haqqı verməyi düşündüyünüzü yazsaydınız, bizə qayıtmaq barədə qərar vermək daha asan olardı.

“Vədinizi sübut edin”

Azadlığıma gəlincə, deyirsiniz ki, mən bunu ala bilərəm, nəzərinizə çatdırım ki, artıq buna ehtiyac yoxdur. Çünki 1864-cü ildə Naşvilla hərbi polis departamentindən azad iradəli insan olmağım barədə sənəd almışam. Mandy ehtiyatlanır ki, bizimlə ədalətli və nəzakətli davranacağınız barədə vədiniz etibarsız ola, buna görə də bu vəd üçün sübut istəyir. Ona görə də vədinizi yerinə yetitəcəyinizin sübutu olaraq, bizə yanınızda çalışdığımız illərin xidmət haqqını ödəyin. Bu, bizə köhnə hesabları unutmağa və bağışlamağa imkan verər, gələcəkdə ədalətli və dost münasibəti bəsləyəcəyinizə inandırar. Bu 32 il ərzində sizə sədaqətlə və vicdanla xidmət etmişəm. Mandy isə 20 il çalışıb.

Foto: arxiv
Foto: arxiv

Əgər aya mənə 25 dollardan, Mandy-yə həftəyə 2 dollardan götürsək, əmək haqqımız birlikdə 11 min 600 yüz 80 dollar edir. Bunun üzərinə o vaxtların faizini də əlavə edin və bizə aldığınız geyimin, mənə 3 dəfə həkim çağırmağınızın və Mandy-ni bir dəfə diş həkiminə göndərməyinizin xərclərini də çıxaraq əmək haqqımızı ödəyin. Zəhmət olmasa, pulu “Adams' Express”lə bu hesaba göndərin: V. Winters, Esq., Dayton, Ohio.

Əgər əməyimizin haqqını ödəməsəniz, səmimiliyinizə inanmağa heç bir əsasımız olmayacaq.

“Qızlarıma görə narahatam”

İnanırıq ki, özünüzün və atalarınızı bizə və atalarımıza qarşı etdiyiniz səhvləri, nəsilbənəsil sizə ödənişsiz çalışmağa məcbur etdiyinizi görməkdən ötrü Tanrı gözlərinizi açıb.

Burda mən hər şənbə günü əmək haqqımı alıram, amma Tennessi ştatında zəncilər üçün maaş yox idi və onlarla heyvan kimi davranırdılar. İnanıram ki, gün gələcək, işçilərinə maaş ödəməyənlər mühakimə olunacaqlar.

Cavab məktubunda, xahiş edirəm, bizə sübut göstərin ki, yetkin və gözəl qızlar Milly, Jane üçün təhlükəsiz mühit yaradılacaq. Zavallı Matilda and Catherine-nin başına gələnləri xatırlayırsınız. Orda növbəti alçaldıcı olaylarla üzləşməkdənsə, gənc oğullarınızın zorakı və qanunsuz hərəkətlərini görməkdənsə, yaxşısı budur, burda qalım, acından ölüm.

Bir də onu soruşum, sizdə qonşuluqda qaradərililər üçün məktəb varmı? Həyatdan yeganə istəyim budur ki, uşaqlarımın ləyaqətli yaşamasından ötrü onlara yaxşı təhsil verim.

P.S. George Carter-ə məndən salam deyin və mənə atəş açdığınız zaman sizdən tapançanı aldığı üçün təşəkkür edin.

Köhnə xidmətçiniz: Jourdon Anderson”.

XS
SM
MD
LG