Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:59

Keçmiş komitə sədrinin qardaşına dələduzluq ittihamı


Nazim İbrahimov
Nazim İbrahimov

Təxminən 10 il öncə Bakının keçmiş Karl Marks dairəsi yaxınlığında xeyli bina söküldü. Onların arasında beşmərtəbələr, paytaxtın ilk 16-mərtəbəli binasıyla yanaşı, yeni inşa olunmuş iki çoxmərtəbəli bina da vardı. O zaman yayılan söz-söhbətə görə, yaxınlıqda prezident iqamətgahı inşa olunduğundan həmin çoxmərtəbəli binalar sökülür ki, kənardan iqamətgahın daxili görünməsin. Amma sonradan həmin ərazidə kiçik şəhərcik salındı, orada çoxlu villalar tikildi. Xüsusi girişli həmin şəhərciyin adı da «Baku City Villas» oldu.

İndi məlum olur ki, sökülən çoxmərtəbəli binada mənzil almaq üçün uzun illər öncə pul ödəmiş adamlar hələ də nə ev sahibi ola biliblər, nə də pullarını geri alıblar. Hazırda onlar işadamı Sahib İbrahimov haqqındakı cinayət işi üzrə zərərçəkmiş qismində tanınıblar.

S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. «Azad Azərbaycan» teleradio şirkətinin (ATV) sabiq prezidenti Tağı İbrahimov, «Avesta» şirkətinin rəhbəri, «Xəzər adaları» layihəsinin (Xəzər dənizinin sahilində süni adalarda salınmış yaşayış məntəqələri) müəllifi İbrahim Nehrəmli də onların qardaşlarıdır.

Pullar «Avesta»nın ofisində alınıb

CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 192 (qanunsuz sahibkarlıq), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittiham olunan S.İbrahimov haqqında cinayət işində yazılıb ki, o, zərərçəkənlərin əksəriyyətindən pulları elə qardaşına məxsus «Avesta» şirkətinin ofisində alıb.

S.İbrahimov «Sahil-D Company», «STS» və bir neçə başqa tikinti şirkətinin rəhbəri olub. İddiaya görə, onun şirkətinin paytaxtın Xətai rayonu, F.Bayramov küçəsi-1156 ünvanında inşa etdiyi 4 ədəd 24-mərtəbəli binalardakı eyni mənzillər müxtəlif adamlara satılıb. İndi həmin adamlar zərərçəkmiş qismində tanınıblar.

İş materiallarında S.Bəhlulzadə küçəsindəki 16-mərtəbəli binanın ümumi şəkildə dövlət ehtiyaclarına görə söküldüyü yazılsa da, səbəb konkret göstərilməyib. Amma qeyd olunub ki, söküntünün əvəzində kompensasiya ödənilib.

İttihama görə, həmin binada ev almaq üçün pul ödəmiş adamlara sonradan başqa binalardan mənzil veriləcəyi vəd olunub. Yeni mənzillərlə bağlı müqavilə də bağlanılıb. Halbuki, həmin mənzillər çoxdan başqasına satılmış evlər olub.

Cinayət işində Qurban Rüstəmov adlı zərərçəkənlə bağlı yazılıb ki, o, S.İbrahimovdan mənzilini tələb edib. S.İbrahimov da 2007-2009-cu illərdə təsisçisi və direktoru olduğu «RRR» MTK-nın Nobel prospekti-189a ünvanında tikdiyi binadakı mənzillərin birinin verilməsi haqda müqavilə imzalayıb. Bu, 2013-cü ildə «Avesta» şirkətinin ofisində baş verib. Q.Rüstəmov sonradan müəyyənləşdirib ki, həmin mənzil hələ 2007-ci ildə Elşad Qəmbərov adlı başqa bir vətəndaşa satılıb.

2.6 milyon dollara villa

Bu cinayət işində «Milyonçular məhəlləsi» kimi tanınan Teymur Əliyev küçəsində bir imarətdən də bəhs olunur. İttihama görə, S.İbrahimov Zabir Hüseynovla həmin villanı 2.6 milyon dollara almaq barədə razılığa gəlib. Ona 500 min dollar nağd pul verib, 1.1 milyon dolların əvəzində Nəsimi rayonunda inşa etdirdiyi binada 3 mənzil verib. 1 milyon dolları isə qalıb. Bir müddət sonra həmin pulun əvəzinə Z.Hüseynovun övladları Zaur, Zamiq, Könül və Gülbacının hər birinin adına bir mənzil satılması barədə müqavilə verib. Sonradan məlum olub ki, həmin mənzillər də başqasının imiş.

Qanunsuz sahibkarlıqla bağlı suçlamaya gəlincə, iddia olunur ki, S.İbrahimov lisenziya almadan Nərimanov rayonu, Həsən Əliyev-50 ünvanında ikibloklu yaşayış binası tikib. «Galaxy Palace» MMC-nin inşa etdiyi həmin binadakı mənzillərin və qeyri-yaşayış sahələrinin satışından 1 milyon 61 min manat gəlir əldə olunub.

S.İbrahimov, eyni zamanda, 1 milyon 438 min manatlıq vergidən yayınmada təqsirləndirilir. Bura gəlir, torpaq və s. vergilər daxildir.

Onun işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır və noyabrın 21-nə məhkəmə önünə çıxarılıb. Lakin vəkili məhkəməyə gəlmədiyinə görə proses təxirə salınıb.

S.İbrahimov avqustda həbs olunmuşdu. Sentyabrın əvvəlində isə ev dustaqlığına buraxıldı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG