Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Trump-ın hakimliyə namizədini ittiham edən qadın Senatda ifadə verib


Christine Blasey Ford
Christine Blasey Ford

ABŞ Ali Məhkəməsi hakimliyinə nominasiya edilmiş Brett Kavanaugh-nı hələ onlar yeniyetməykən cinsi təcavüzdə ittiham edən qadın - Christine Blasey Ford Senat komitəsindəki ifadəsində deyib ki, Kavanaugh onu “zorlamağa hazırlaşırdı”.

Blasey Ford sentyabrın 27-də Senatın Ədliyyə Komitəsi qarşısında Trump-ın ali məhkəmə hakimliyinə namizədi Kavanaugh-ya qarşı ifadə verib.

Bu gün sentyabrın 27-də Kavanaugh da ifadə verməlidir. O qadına cinsi təcavüz etdiyini danır.

Lakin 51 yaşlı Blasey Ford deyib ki, Kavanaugh-nın ona cinsi hücum etdiyinə “100 faiz” əmindir və hücum edənin kimliyini “qətiyyən” səhv salmır.

O Ədliyyə Komitəsinə deyib ki, bu hadisə Merlilendin ətrafındakı bir evdə, azı dörd oğlanın olduğu “kiçik məclisdə”, 1982-ci ilin yayında baş verib.

Qadın bildirib ki, o 2-ci mərtəbədəki ayaqyoluna gedərkən Kavanaugh və onun dostlarından biri - Mark Judge onu yataq otağına çəkib.

“Mən pillələrin başına çatanda ayaqyolu ilə üzbəüz olan yataq otağına itələndim. Məni kimin itələdiyini görmədim. Brett və Mark yataq otağına gəldilər”.

Ford deyib ki, bu vaxt yataq otağının qapısı bağlı idi:

“Məni yatağa itələdilər və Brett üstümə çıxdı. O əllərini mənim bədənimə sürtməyə başladı… Mən çığırdım. Ünmid edirdim ki, aşağıda kimsə səsimi eşidə bilər. Mən onun əlindən qurtarmağa çalışırdım, amma o çox ağır idi”.

Ford deyib ki, Kavanaugh onun paltarlarını çıxarmağa çalışıb. Onun sözlərinə görə onu soyundurmaq çətin idi, çünki altdan bütöv üzgüçülük paltarı geyinmişdi:

“Mən inanıram ki, o məni zorlamaq istəyirdi. Mən kömək üçün qışqırmaq istəyirdim, amma Brett əli ilə ağzımı tuturdu”.

Blasey Ford deyib ki, Judge yatağa atılanda Kavanaugh onun üstündən “aşıb”.

O məhz bu anda onların əlindən qurtararaq ayaqyoluna qaçıb və qapını içəridən bağlayıb və oradan yalnız Kavanaugh və Judge “gülə-gülə pillələri enənədən” sonra çıxıb. O bundan sonra evdən qaça bildiyini deyir.

Blasey Ford bildirib ki, sözü gedən iki yeniyetmə bütün hadisə ərzində onu lağa qoyur və gülürdülər və ən çox yadında qalan da bu olub.

Ford deyib ki, o hazırda “narahatlıqdan, fobiyadan və post-travmatik pozuntu sindromundan əzab çəkir”.

O ifadə verməsinin siyasi motivli olduğu barədə iddiaları rədd edib və Senat komitəsindəki çıxışını “vətəndaş vəzifəsi” hesab etdiyini deyib.

Dinləmədə iştirak edən demokratlar şikayətləniblər ki, respublikaçıların çoxluğa malik olduğu Ədliyyə Komitəsi FTB-nin bu məsələ barəsində təhqiqat aparmasına və Mark Judge-ın dinləməyə dəvət edilməsinə imkan verməyib.

Demokrat senator Richard Blumenthal deyib ki, prezident Trump-ın FTB-ni bu məsələni araşdırmasına göstəriş verməməsi hadisənin “ört-basdır edilməsinə” bərabərdir.

Buna baxmayaraq indiyədək Kavanaugh-nı müdafiə edən Trump Senat dinləməsi ərəfəsində bildirib ki, dəstəyini geri çəkməyə hazırdır və öz namizədinin cinsi davranışına dair dinləməni diqqətlə izləyəcək.

Trump-ın bu bəyanatından əvvəl daha iki qadın Kavanagh-nı “aqressiv seksual davranışda” ittiham edib.

Kavanaugh bütün iddiaları israrla rədd edir.

Senatın Ədliyyə Komitəsində 11 respublikaçı və 10 demokrat var. Əgər komitə Kavanaugh-nın Ali Məhkəmə hakimliyinə namizədliyini dəstəkləsə bundan sonra Senat tam heyətlə səs verəcək. Senatda respublikaçılar cüzi üstünlüyə malikdirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG