Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

'Putin sabitliyi dövründə tipik insan' kimdir. Aksionist rəssamla müsahibə


Katrin Nenaşeva və Dmitri Jdanov Aleksandrov bağında.
Katrin Nenaşeva və Dmitri Jdanov Aleksandrov bağında.

Katrin Nenaşeva müasir incəsənətin qollarından biri olan aksionizmi təmsil edir, aksionist rəssamdır. O, 2015-ci ildə ilk aksiyasını Rusiya həbsxanalarında qadınların saxlanmasına həsr edib.

2016-cı ildə isə K.Nenaşeva «Na-kazaniye» adlı layihəsi çərçivəsində ictimaiyyət qarşısında uşaq evində böyüyən, qardaşının döyüldüyünü görüb pəncərədən hoppanan, nəticədə əlil olan Dmitri Jdanova sarğı qoyub. Jdanov «Müdafiə və kömək» xeyriyyə qrupunun rəhbəridir.

Bu ilin iyununda Nenaşevanı «Bura və ora arasında» adlı aksiya zamanı Kreml divarının qarşısında saxlayıblar. Rəssam burada virtual reallıq eynəyi taxaraq gəzirmiş. Eynəksə psixonevroloji internatların pasiyentlərinin həyatını təsvir edən fotoları göstərirmiş. Polislər təcili tibbi yardım çağırıblar və rəssam psixiatriya xəstəxanasına yerləşdirilib.

Nenaşeva bu yaxınlarda jurnalist Mixail Levinlə birlikdə «Pçela» (Arı) adlı samizdat tipli jurnal buraxmağa başlayıb. Bundan öncə isə onlar birlikdə «psixoskvoş» adlı layihə həyata keçirib, psixoskvoş federasiyası təsis ediblər. Psixoskvoş layihəsi psixonevroloji internatın hasarlarının üstündən raketka ilə oynanılan kollektiv oyundan ibarətdir.

«Bu, həqiqətən baş verir»

Bundan başqa, onlar bir mənzildə «Hər gün» adlı sabit incəsənət mərkəzi yaradıblar. Rəssamın sözlərinə görə, məqsədləri Rusiyadakı sabitliyin Moskvanın periferik rayonlarında yaşayan insanlara münasibətdə nə demək olduğunu araşdırmaqdır. Onlar «Putin sabitliyi dövründə tipik insan»ın nədən ibarət olduğunu anlamağa çalışırlar.

«Əsasən, insanlarla işləyirəm. Bir məqamda özümdən soruşdum: ümumiyyətlə, mən kiminlə yaşayıram, qonşularım kimdir, kiminlə müharibə, əqli cəhətdən fərqli insanlar, siyasət, dustaqlar haqqında danışıram?», – rəssam deyir.

Nenaşevanın aksiyaları arasında Peterburqda keçirilmiş «Camaşır» aksiyası da var. Burada rəssam hərbi formanı yumaqla özünün Donbasdakı müharibəyə münasibətini ifadə edib.

«Qorxma» adlı aksiya isə Rusiya həbsxanalarında qadınların saxlanma şəraitinə həsr edilib.

Rəssam deyir ki, aksiyalar zamanı onun saxlanması aksiyanın düşünülmüş bir hissəsi deyil:

«Bu, həqiqətən baş verir, ancaq bu, reallığın bir hissəsidirsə, onda, deməli, o, aksionizm, performans praktikası kontekstində baş verir. Bu, elə rəssamın özünü də aid etdiyi əsəri davam etdirir. Əlbəttə, bu halın əsərə təsir etmək imkanları azdır, ancaq lent bir qədər uzanmış olur».

«Nə baş verdiyini deyirəm»

Rəssam sonuncu dəfə «Bura və ora arasında» adlı aksiyada polis tərəfindən saxlanılıb. Bu zaman o, təkcə polislərlə yox, həm də psixiatriya klinikasının əməkdaşları ilə üz-üzə gəlməli olub:

«Bir tərəfdən bu, çox meditativ vəziyyətdir, çünki sənin edə biləcəyin şey çox azdır və bir növ bu məkanda axıb gedirsən».

Rəssam artıq özü üçün belə vəziyyətlərdə necə hərəkət etməklə bağlı davranış şəkli də formalaşdırıb.

«Aksiya çərçivəsində patrul mənə yaxınlaşanda və ya birdən-birə nə baş verdiyini soruşanda, həmişə nə baş verdiyini deyirəm: mən küçədə virtual reallıq eynəyi taxıb gəzirəm. Yəni, aksiyanın mənasını izah edirəm və çox zaman bu izahda, azca da olsa, hər hansı xuliqan hərəkətlər gizlənmir.

Uşaqların uşaq evlərindən psixiatriya xəstəxanasına göndərilməsi praktikasına həsr olunmuş «Na-kazaniye» aksiyası zamanı belimə çarpayı bağlayıb gəzirdim, şəhərdə uşaqların məruz qaldığı müxtəlif cəza praktikalarını icra edirdim.

Bu aksiyanın baş qəhrəmanı, uşaq evində böyümüş... Dima Jdanova sarğı qoyanda polis əməkdaşları qaçıb gəldilər. Onlara dedim: bu insana sarğı qoyuram. Əlbəttə, bu, rəmzi misaldır. Sadəcə, etdiyim hərəkətləri sözlə şərh edirəm. Vəssalam», – deyə rəssam K.Nenaşeva polislə ünsiyyət zamanı necə davrandığını izah edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG