Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Kataloniyada separatçılar qalib gəlib


Barselonada seçki növbəsi. 21 dekabr 2017
Barselonada seçki növbəsi. 21 dekabr 2017

Dekabrın 21-də İspaniyanın Kataloniya regionunda keçirilən seçkidə separatçılar, yəni müstəqillik tərəfdarları üstünlük qazanıblar. Bu, İspaniyanın baş naziri Mariano Rahoy və onu dəstəkləyən Avropa Birliyi liderlərinə zərbə sayılır.

Bülletenlərin sayılması, demək olar, tamamlanandan sonra rəsmilər bildiriblər ki, separatçı partiyalar Kataloniya parlamentində az fərqlə üstünlüyü əldə ediblər. Bu nəticənin İspaniya iqtisadiyyatına ziyan vurmuş siyasi gərginliyi uzadacağı görünür.

Əvvəlki separatçı hökuməti buraxan Rahoy ümid edirdi ki, Kataloniyanın «səssiz çoxluğu» səsvermədə separatçılığı rədd edəcək.

Bu nəticə Kataloniyanın vəzifədən çıxarılmış prezidenti Karles Puçdemonun Brüssel mühacirətindən hakimiyyətə qayıtmasına yol açır. Dövlət ittihamçıları onu separatçılıqda suçlayır və İspaniyaya qayıdarsa, həbs oluna bilər.

«İspaniya dövləti məğlub oldu. Ya Rahoy reseptini dəyişir, ya da biz ölkəni dəyişəcəyik», – Puçdemon televiziyayla çıxışında deyib.

MONARXİYA ÜZƏRİNDƏ QƏLƏBƏ

Karles Puçdemon parlamentə seçkinin nəticələrini «Kataloniya Respublikasının monarxiya üzərində qələbəsi» adlandırıb və deyib ki, katalonlar «eşidilmək hüququnu geri alıb». Bu haqda «El Espanol» qəzeti yazır.

Səsvermədə seçici iştirakı 82 faiz olub. Bülletenlərin 99.8 faizi sayılıb. Kataloniyanın müstəqilliyinə tərəfdar olan üç partiyanın yeni parlamentdəki 135 yerin 70-ni qazanacağı görünür. Bunu cümə günü yerli hökumət təmsilçiləri bildirib.

*** Buna da bax: Avropanın separatçı bölgələri – kimlər müstəqillik istəyir

Səsvermənin nəticələrinə görə, öndə «Vətəndaşlar» (Ciudadanos) Partiyası gedir, o, Kataloniyanın İspaniyanın tərkibində qalmasına tərəfdardır. Bu partiyanın təmsilçiləri regional parlamentdə 37 deputat mandatı alacaqlar ki, bu da 2015-ci ildəkindən 12 yer çoxdur. Ancaq yenə də koalision çoxluq yarada bilməyəcəklər.

Yanvarın 23-də regional hökumət formalaşmalıdır, Kataloniyanın yeni başçısı isə aprelin 7-dək seçiləcək.

Səsvermənin nəticələri dekabrın 21-də qlobal bazalarda məyusluq yaradıb, avronun dəyəri düşüb. Çünki rəy sorğuları separatçıların çoxluğu qazana bilməyəcəyini göstərirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG