Özbəkistanın keçmiş prezidenti İslam Karimova Moskvada heykəl qoyulmasına etirazlar səngimir.
Özü də buna həm hökumətyönlü, həm də müxalifət partiyalarından etirazlar var. Onlar imzatoplama kampaniyasına davam edirlər.
Moskva şəhər Dumasındakı monumental sənət komissiyasından isə Azadlıq Radiosunun rus xidmətinə deyiblər ki, heykəl layihəsi artıq bütün səviyyələrdə razılaşdırılıb. Heykəlin hündürlüyü 2 metr 30 santimetr olacaq.
Heykəlin qoyulacağı Yakimanka rayonunun deputatlar sovetinin sədri, "Yabloko" Partiyasından olan Andrey Morev deyib ki, Karimovun abidəsi paytaxtın landşaftına uyğun gəlmir. "Bu, Asiya elementinin Yakimankaya calanması olacaq" - deyə o, etirazını bildirib:
"Üstəlik onun pis reputasiyası var. Diktatorluğa yaxın bir reputasiya. Biz Moskva Dumasına müraciət etmişik. Amma hələ ki müsbət nəticəsi yoxdur".
Buna da bax: Karimov-un kiçik qızı Gimnastika Federasiyasından da getdi
Heyəkələ etiraz edənlər hətta rayonda referendum da keçirməyə cəhd ediblər. Amma buna imkan verilməyib. İndi onlar yerli qəzetlərin birində referendum büllletenlərinin surətini çap edirlər. İnsanları həmin bülletenləri doldurub redaksiyaya göndərməyə çağırırlar.
Liberal-Demokrat Partiyasının Yeni Moskvadan olan fəalı Georgi Qorodetski isə deyir ki, İslam Karimovun dövründə Özbəkistanın rus əhalisi dövlət idarələrində işlərindən məhrum olunublar, rus məktəblərinin sayı azalıb, kiril əlifbasından latın əlifbasına keçilib. Onun fikrincə, bütün bunlar göstərir ki, Karimovun Moskvada heykəlinin qoyulması düzgün deyil.
Karimova Moskvada heykəl qoyulması haqda qərar 2016-cı ildə verilib. Heykəlin pulunu Karimovun adını daşıyan fond verəcək. Həmin fonda sabiq prezidentin qızı Lola Karimova başçılıq edir.
Özbəkistanın xüsusi xidmət orqanlarının təqib etdiyi və xaricdə yaşayan jurnalist Ali Feruz deyir ki, heykəl əslində Özbəkistanın yeni prezidenti Şavkat Mirziyayevin Rusiya ilə münasibətləri normallaşdırmaq siyasətinin bir hissəsidir. Karimovla Kremlin münasibətləri son on ildə korlanmşdı. Buna görə, Rusiyada özbək miqrantların Orta Asiyanın başqa ölkələrindən olan miqrantlardan daha az hüquqları var. Mirziyayaev özbək miqrantlara münasibətin dəyişməsi üçün Moskva ilə yeni razılaşma imzalamağı da hədəfləyir.
Buna da bax: Islam Karimov-un rəsmi tərcümeyi-halında düzəliş edilib