Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 09:37

Islam Karimov-un rəsmi tərcümeyi-halında düzəliş edilib


Özbəkistanın birinci prezidenti Islam Karimov-un oğlu Pyotr Karimov (sağda) siyasi mühacir Alisher Taksanov-la birlikdə. Foto Taksanov-un Facebook səhifəsindən götürülüb.
Özbəkistanın birinci prezidenti Islam Karimov-un oğlu Pyotr Karimov (sağda) siyasi mühacir Alisher Taksanov-la birlikdə. Foto Taksanov-un Facebook səhifəsindən götürülüb.

«Onun üç övladı və altı nəvəsi vardı və onlarla ünsiyyət ona böyük sevinc bəxş edirdi. Həyat yoldaşı Tatiana Akbarovna əsl dost, köməkçi, həmfikir idi. O, Islam Abdugani oğlu ilə 47 illik xoşbəxt nikahda yaşayaraq həyatın bütün çətinliklərini onunla bölüşüb».

Bu məlumat Özbəkistanın birinci prezidenti Islam Karimov-un onun adını daşıyan elmi-maarifçilik kompleksinin bu yaxınlarda yaradılan saytında dərc edilmiş tərcümeyi-halından götürülüb.

Bundan öncə rəsmi internet mənbələrində Islam Karimov-un üçüncü övladı haqqında heç bir məlumat verilmirdi. Məsələn, Karimov-un Özbəkistanın Mərkəzi Seçki Komissiyasının saytındakı tərcümeyi-halında deyilir:

«Ailəlidir, iki qızı və dörd nəvəsi var. Həyat yoldaşı T.A.Karimova iqtisadçı, iqtisadiyyat elmləri namizədidir. O, Özbəkistan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş elmi işçi kimi çalışıb, hazırda təqaüddədir».

PYOTR 1969-CU İLDƏ DOĞULUB

Özbəkistanın kun.uz internet nəşri Islam Karimov-un üçüncü övladı haqqında belə yazıb:

«Wikipedia saytından götürülmüş məlumata görə, Islam Karimov birinci dəfə ötən əsrin 60-cı illərində evlənib. Natalia Petrovna Kuchmi ilə evliliyi zamanı onların bir oğlu dünyaya gəlib. Islam Karimov-un oğlu Karimov Pyotr Islam oğlu 1969-cu ildə doğulub. Ancaq prezidentin rəsmi tərcümeyi-halında bu nikah və onun birinci övladı haqqında heç bir söz deyilmir».

Islam Karimov-un ailəsi-(soldan sağa) Lola Karimova-Tillaeva, xanımı Tatyana Akbarovna, Islam Karimov, Gulnara Karimova, Gulnara-nın oğlu
Islam Karimov-un ailəsi-(soldan sağa) Lola Karimova-Tillaeva, xanımı Tatyana Akbarovna, Islam Karimov, Gulnara Karimova, Gulnara-nın oğlu

​Cütlüyün 1969-cu ildə boşandığı da bəllidir.

Islam Karimov sonradan Tatiana Akbarovna Karimova ilə evlənib. Bu nikahdan onların iki qızı - Gulnara Karimova (1972) və Lola Karimova (1978) dünyaya gəlib.

Islam Karimov-un birinci həyat yoldaşı Natalia Kuchmi 2008-ci ildə Daşkənddə vəfat edib. Pyotr Karimov-sa hazırda Moskva vilayətində yaşayır.

«Fərqanə» agentliyinin məlumatına görə, Pyotr Karimov «Asia-Invest Bank»ın idarə heyəti sədrinin müavini vəzifəsini tutub. Baş qərargahı Moskvada yerləşən bu bank Özbəkistan Milli Xarici İqtisadi Fəaliyyət Bankının (ÖMB) törəməsi sayılır.

ANCAQ ÖZÜNƏ LAZIM OLANDA YADA SALIRMIŞ

Müstəqil jurnalist, siyasi mühacir Alisher Toksanov 2011-ci ildə proza.ru saytında Pyotr Karimov-la tanışlığından yazıb. Onlar Daşkənd Xalq Təsərrüfatı İnstitutunda bir yerdə oxuyublar. Toksanov yazır ki, tələbəlik dövründə Pyotr vəzifəli şəxsin oğlu olduğunu büruzə verməyib, hansısa güzəştlərdən yararlanmayıb. O, anası ilə birlikdə Daşkənddə köhnə binanın birinci mərtəbəsində, təmtəraqdan uzaq, adi üçotaqlı mənzildə yaşayırmış.

Toksanov daha sonra yazır ki, Islam Karimov keçmiş həyat yoldaşını yalnız özünə lazım olanda yada salırmış. 1984-cü ildə ölkədə «Andropov təmizləməsi» baş qaldıranda, Karimov öz karyerasına təhlükə hiss edərək, Natalia Petrovna-dan oğlunun əsgər getməsini tələb edib. O buna etiraz etsə də, oğlu əsgərliyə göndərilib. O zaman Karimov SovİKP-nin Qaşqadərya vilayət komitəsinin sədri imiş.

Alisher Toksanov-un yazısında deyilir ki, Karimov Natalia Kuchmi ilə evlənəndə Kuchmi-nin atası Daşkənd Aviasiya istehsalat birliyinin baş direktoru imiş. O, yalnız kənd təsərrüfatı maşınqayırması sahəsində təcrübəsi olan yeznəsini burada mühəndis-konstruktor vəzifəsinə işə götürüb.

1984-cü ildə Pyotr Karimov təhsilini yarımçıq qoyaraq, Leninqrada ikiillik əsgərliyə gedir. Əsgərlikdən sonra təhsilini başa vurur. Bundan sonra aspiranturaya daxil olur və «Beynəlxalq iqtisadi əlaqələr» kafedrasında çalışmağa başlayır.

«Bir dəfə ...Natalia Petrovna (Pyotr-un anası) oğlundan xahiş edib: «Gəlsənə Alisher-i bacılarınla tanış edəsən?». Pyotr ona belə cavab verib: «Onlardan mənə nə bacı? Mən öz dostuma pislik arzu eləmərəm»», – Toksanov yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG