Keçid linkləri

2026, 05 Noyabr, cümə axşamı, Bakı vaxtı 03:39

Ermənistanda milyarder Samvel Karapetyan həbs olunub

Samvel Karapetyan
Samvel Karapetyan

Ermənistanın güc strukturları milyarder Samvel Karapetyanın və onun deputat qardaşı oğlu Narek Karapetyanın evlərində axtarış aparıb.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Samvel Karapetyan və daha 35 nəfər "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin vəsaitlərini mənimsəməkdə və çirkli pulların yuyulmasında ittiham olunur.

Şirkətə ümumilikdə 64 milyard 585 milyon dramdan (179 milyon dollar) çox maddi ziyan dəydiyi bildirilir.

Samvel Karapetyanın evində axtarış aparılıb

Ermənistanın güc strukturları milyarder, "Güclü Ermənistan" Partiyasının lideri Samvel Karapetyanın və onun qardaşı oğlu, parlamentdəki "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarış aparıb.

Bu xəbəri AzadlıqRadiosunun erməni xidməti "Güclü Ermənistan" Partiyasının mətbuat katibi Aqavni Sukiasyana istinadən yayıb. Onun sözlərinə görə, Karapetyan ailəsi ilə əlaqəli olan digər ünvanlarda da axtarışlar davam etdirilir.

İstintaq Komitəsi isə sosial şəbəkə hesablarında bildirib ki, İqtisadi Cinayətlərin və Qaçaqmalçılığın İstintaqı üzrə Baş İdarənin icraatında olan cinayət işi çərçivəsində eyni vaxtda 65 ünvanda axtarış aparılır.

"Güclü Ermənistan" fraksiyasının deputatı və parlament sədrinin müavini Aram Vardevanyan jurnalistlərə açıqlamasında bu axtarışların "siyasi sifariş" olduğunu deyib və hadisənin müxalifətin yeni Konstitusiya ilə bağlı sərt mövqeyi ilə əlaqəli ola biləcəyini istisna etməyib.

Bu ilin iyulunda da N.Karapetyanın evində axtarış aparılmışdı. Bundan əvvəl ona qarşı insanları zorakılıq və ya hədə-qorxu tətbiq etməklə toplantıda iştiraka məcbur etmə, həmçinin xüsusilə külli miqdarda çirkli pulların yuyulması maddələri ilə cinayət işi açılıb.

Mərkəzi Seçki Komissiyası onun məsuliyyətə cəlb edilməsinə icazə versə də, Karapetyanın həbs olunması ilə bağlı vəsatəti təmin etməyib. O, ittiham irəli sürülməzdən cəmi bir gün əvvəl deputat mandatı almışdı.

S.Karapetyan Rusiyada "Taşir" şirkətlər qrupunun və "Rio" ticarət-əyləncə mərkəzləri şəbəkəsinin sahibidir. Ermənistanda ona qarşı hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etmək və ölkənin ərazi bütövlüyünü pozmaq ittihamları irəli sürülüb.

Hazırda milyarder barəsində ölkəni tərk etməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

​
XS
SM
MD
LG