Keçid linkləri

2026, 11 Sentyabr, cümə, Bakı vaxtı 14:11

Karapetyan təhqirə görə Paşinyanı məhkəməyə verib

Nikol Paşinyan və Samvel Karapetyan
Nikol Paşinyan və Samvel Karapetyan

Müxalif "Güclü Ermənistan" ittifaqının lideri və işadamı Samvel Karapetyan baş nazir Nikol Paşinyana qarşı mülki iddia qaldırıb. O, Paşinyanın təhqirə görə ictimai şəkildə üzr istəməsini və 3 milyon dram (8 min 250 ABŞ dolları) təzminat ödəməsini tələb edib.

AzadlıqRadiosunun erməni xidməti Ermənistanın "Dataleks" məhkəmə informasiya sisteminə əsasən xəbər verir ki, Karapetyan mayın 29-da çıxışı zamanı təhqiramiz ifadələr işlətdiyi iddia olunan Paşinyandan üzrxahlıq tələb edir.

Məhkəmə sənədlərində konkret ifadə göstərilməyib. Ölkədə iyunun 7-də parlament seçkiləri keçirilib. Təşviqat kampaniyası dövründə Paşinyan əsas siyasi rəqibləri, o cümlədən Karapetyan, keçmiş prezident Robert Koçaryan və "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qagik Tsarukyan haqqında dəfələrlə kəskin fikirlər səsləndirib.

Seçki kampaniyası dövründə onlar Ermənistanın ənənəvi müttəfiqi Rusiya ilə münasibətləri bərpa edəcəklərinə dair vəd versələr də, Moskvanın tərəfini açıq şəkildə tutmaqdan yayınmağa çalışıblar.

Paşinyan bir seçki mitinqində Karapetyanı "Ermənistan dövlətinə qarşı işləyən casus" adlandırıb.

Karapetyan Paşinyandan Facebook-da canlı videoda üzr istəməsini tələb edir.

Hələlik iddia üzrə dinləmə təyin olunmayıb.

Karapetyan bir neçə məhkəmə iddiası qaldırıb

"Güclü Ermənistan" bloku seçkilərdə Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyasından sonra ikinci yeri tutub. Karapetyan 2025-ci ilin iyununda Paşinyanın katolikos II Qaregini vəzifəsindən uzaqlaşdırmaq yönündəki mübahisəli cəhdlərini tənqid etdikdən sonra həbs olunub.

Karapetyan hökuməti devirməyə açıq çağırış, eləcə də çirkli pulların yuyulması, külli miqdarda dələduzluq və vergidən yayınmada ittiham olunub. Özü ittihamları siyasi motivli adlandırır.

Karapetyan bundan əvvəl parlamentin keçmiş sədri, hazırda isə Təhlükəsizlik Şurasının katibi olan Alen Simonyana qarşı məhkəmə iddiası qaldırıb. O, Simonyanın mayın 19-da "Facebook" və "TikTok"da onun ünvanına səsləndirdiyi fikirləri geri götürməsini, habelə böhtana görə qarşı tərəfdən 6 milyon dram (16 min 500 dollar) təzminat alınmasını tələb edib.

Məhkəmə Karapetyanın "Vətəndaş Müqaviləsi" Partiyasına və Ermənistan İctimai Televiziyasına qarşı iddiasını da icraata qəbul edib. Karapetyan hakim partiyanın İctimai Televiziyada yayımlanan seçki kampaniyası videosundakı ifadələrin təkzib olunmasını tələb edir. Videoda o, "oliqarx" adlandırılıb, "üçbaşlı" müharibə partiyası yaratmaqda, xarici casus olmaqda ittiham edilib.

Paşinyanın iddiaları

Paşinyan da öz növbəsində Karapetyana qarşı iki mülki iddia qaldırıb. Baş nazir iddialardan birində "Güclü Ermənistan" liderinin seçki təşviqatı zamanı onun barəsində səsləndirdiyi fikirlərin təkzibini tələb edir.

Karapetyan mayın 7-də mətbuat konfransında Paşinyanın Çin səfəri zamanı hallüsinasiya yaradan xüsusi göbələklərdən istifadə etdiyini iddia edib.

Digər iddiada isə Paşinyan onun Kanadada evi olması barədə Karapetyanın yaydığı məlumatların təkzib edilməsini istəyir.

Paşinyan hər iki iş üzrə milyarder işadamından mənəvi zərərə görə 6 milyon dram (16 min 500 dollar) təzminat tələb edir.

XS
SM
MD
LG