Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:12

Karantin uzadıldı, rejimin sərtləşdiriləcəyi yerlər artdı


Azərbaycanda xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.

Bu barədə bu gün, iyunun 9-da Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda yazılıb ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq bu qərar verilib:

Bəzi yerlərdə karantin sərtləşdiriləcək

“Ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Bu baxımdan... 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək”.

Açıqlamaya görə, həmin yerlərdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın, avtomobillərin hərəkəti dayandırılır (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin, fəaliyyətinə icazə verilən təşkilatların xidməti, onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla).

Qeyd edilən yerlərdə əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir. Əhali yaşadığı yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə tərk edə biləcək.

Basabas və növbələr: Həftəsonu mağazaların bağlanması...
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

Habelə, yaxın qohumların dəfnində iştirak etmək üçün Azərbaycan Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə alacaqlar.

Həmin yerlərdə yalnız siyahısını Azərbaycan Nazirlər Kabinetinin müəyyənləşdirdiyi dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti mümkün olcaq. Bura xəstəxanalar, hüquq mühafizə orqanları, bir sıra sosial, kommunal və başqa qurumlar da daxil olacaq:

"Müəyyən olunmuş tarixlər üzrə fəaliyyətinə icazə verilən iş... sahələrində işləyən şəxslər, onların xidməti və şəxsi avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək...”

Açıqlamaya görə, xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti yaranır.

Sərhədlər iyulun 1-nə kimi bağlı qalcaq

Qərargah həmçinin bildirib ki, Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2020-ci il tarixinədək uzadılır.

Azərbaycan ərazisinə giriş-çıxışa məhdudiyyət aprelin əvvəlindən qoyulmuşdu.

Qərargahdan bugün, iyunun 9-da habelə bildirilib ki, iyunun 15-dən daxili uçuşların bərpası nəzərdə tutulur.

Karantin müddəti indiyədək bir neçə dəfə uzadılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 7 milyon 200 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 409 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyədək ümumilikdə 8191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 98 nəfərin öldüyü açıqlanıb.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Həmin ayın 24-dən xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb.

Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər.

Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılıb. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılıb. Artıq iri ticarət mərkəzləri də fəaliyyətə başlayıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb. Son həftələr virusa yoluxmada təkrar artım müşahidə edilir. Halbuki, bir müddət əvvəl yoluxma halları azalmışdı.

Ötən həftə, həftə sonu (iyunun 6-dan 8-nə kimi) Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda küçəyə çıxmaq yasağı qoyulmuşdu.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG