Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 14:32

Kanadada məsciddə atışma olub, ölənlər var


Məscidə hücum.

Kanada polisi Kvebek şəhərində məscidə hücum nəticəsində 6 nəfərin həlak olduğunu, 8 nəfərin yaralandığını bildirir.

Rəsmilər hücumun terror aktı olduğunu, araşdırmaya başladıqlarını bildiriblər.

+++

Nyu-York polisi şəhərdəki məscidlərə və ruhanilərin evlərinə nəzarətin gücləndirildiyini bildirib, sakinləri ayıq-sayıq olmağa, şübhəli şəxslər haqda məlumat verməyə çağırıb.

+++

Kanadanın Kvebek şəhərində məscidə hücum olub. Namaz zamanı 3 silahlı şəxs məscidə daxil olaraq, oradakıları güllələməyə başlayıb. Kvebek İslam Mədəniyyət Mərkəzinin rəhbərliyi 5 nəfərin həlak olduğunu deyir.

«GÜLLƏ BAŞIMIN ÜSTÜNDƏN KEÇDİ»

«Fox News» hadisənin axşam namazı zamanı baş verdiyini bildirir. Hücum edənlər maskalı olublar və atəş açarkən, «Allahu-əkbər!» deyə qışqırıblar.

Kanada radiosuna müsahibə verən şahidlər silahlıların yerli ləhcəylə danışdığını vurğulayıblar.

«Onlar dua edənlərə atəş açırdılar. Namaz üstə olanlar öldülər. Güllələrdən biri başımın üstündən keçdi», - şahidlərdən biri hadisəni belə təsvir edib.

Yerli «Le Soleli» qəzeti polisin iki nəfəri həbs etdiyini yazır. Tutulanlardan birinin 27 yaşı olduğunu, kvebeklilərə məxsus soyadı daşıdığını bildirir.

Yerli telekanallar məscidin ətrafını polis maşınlarının bürüdüyünü göstərirlər.

YARALI SAYI BƏLLİ DEYİL

Ölüm faktını polis də təsdiqləyib, ancaq ölənlərin, ya da yaralıların sayı barədə bir söz deyilmir. Polis durumu nəzarətdə saxladığını bildirir.

Şahidlərin «Reuters» xəbər agentliyinə bildirdiyinə görə, hücum zamanı məsciddə 40 nəfər varmış. Yerli media isə bu rəqəmin 100-ə yaxın olduğunu yazır. Yaralılar şəhərin müxtəlif xəstəxanalarına aparıldığından onların sayı haqda, hələ ki, bilgi yoxdur.

«Reuters» Kvebekdə son illər müsəlmanlara qarşı insidentlərin tez-tez qeydə alındığını vurğulayır. Keçən ilin iyununda – Ramazan bayramı zamanı kimsə həmin məscidin qapısına donuz başı atıbmış.

«Bizə bunun bir insident olduğunu dedilər. İndi isə ölənlər var». Hücumun baş verdiyi İslam Mədəniyyət Mərkəzinin prezidenti Mohamed Yangui jurnalistlərlə söhbətində belə deyib.

«VƏHŞİ ZORAKILIQ»

Kanadanın baş naziri Justin Trudeau Twitter hesabında ölənlərin ailələrinə başsağlığı verib, bütün kanadalıların dərin kədər içərisində olduğunu yazıb. Kvebek qubernatoru Philippe Couillard hadisəni «vəhşi zorakılıq» adlandırıb, ölənlərin ailələriylə həmrəyliyini bildirib.

Hadisəyə görə məsuliyyəti, hələ ki, heç bir qruplaşma üzərinə götürməyib.

Kvebekdə müsəlmanların sayı getdikcə artmaqdadır və bu, yerli millətçilərin narahatlığına səbəb olurdu. 2015-ci il seçkilərində niqaba qadağa, bütün ölkədə olduğu kimi, Kvebekdə də geniş müzakirə mövzularından idi və əhalinin böyük hissəsi qadağanın saxlanmasına tərəfdar olduğunu bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG