Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Kanada insan haqlarını neftə qurban vermir?


Kanadanın xarici işlər naziri Chrystia Freeland
Kanadanın xarici işlər naziri Chrystia Freeland

Dünya mediası bu günlər qızmar Səudiyyə Ərəbistanı ilə soyuq Kanada arasında davam etməkdə olan diplomatik qarşıdurmadan yazır.

CNBC saytı yazır ki, Kanada insan haqlarına görə başlanmış bu çəkişmədə gələcək ticarət sazişlərinin təhlükə altına düşməsinə, sərnişin reyslərinin ləğvinə və başqa ticarət itkilərinə baxmayaraq hələlik geri çəkilmir.

İki ölkə arasında söz müharibəsi Kanada Xarici İşlər Nazirliyinin ötən həftə yazdığı bir neçə tvitdən başlanıb. Bu tvitlərdə Ottava Səudiyyə Ərəbistanında insan haqları fəallarının həbslərindən narahatlıq ifadə etmişdi.

Riyad bu çağırışları suverenliyinin pozulması kimi qiymətləndirib və Kanadanı sanksiyalarla hədələyib.

Avqustun 3-də yazılmış tvitdə Kanada rəsmiləri Human Rights Watch təşkilatının məlumatına əsasən iyulun axırında həbs edilmiş qadın haqları fəalları Samar Badawi və Nassima al-Sadah-ın “dərhal azad edilməsini” tələb edirdilər.

Bu tvitdən az sonra Səudiyyə Kanada səfirinin ölkədən çıxarılması da daxil bir sıra cəzalandırıcı addımlarını elan edib.

Bəzi təhlilçilərin fikrincə Səudiyyənin Kanada ilə diplomatik münasibətləri kəsməyə hazırlaşması bir tərəfdən ölkənin gənc rəhbəri Mohammed bin Salmanın güc nümayişini, digər tərəfdən isə Riyadın Qərbin liberallaşdırma tələblərinə bundan sonra biganə qala bilmədiyini göstərir.

Səudiyyənin vəliəhd şahzadəsi ölkəsini modernləşdirmək planlarını bəyan etsə də, Səudiyyədə insan haqlarının vəziyyəti beynəlxalq narahatlıq obyekti olaraq qalır.

Beləliklə Səudiyyə avqustun 8-dən Kanadaya qarşı diplomatik demarşlara başlayıb. Səudiyyənin Kanadadakı səfiri geri çağırılıb və Kanada səfirinə Səudiyyədən çıxması üçün 24 saat vaxt verilib.

Qadın haqları fəalı Samar Badawi
Qadın haqları fəalı Samar Badawi

Riyad Ottava ilə bütün yeni ticarət sazişlərini dayandırıb və Kanadada təhsil alan 16 min səudiyyəli tələbədən ya ölkəyə qayıtmağı, ya da təhsillərini başqa ölkələrdə davam etdirməyi tələb edib.

Bundan başqa Riyaddan Torontoya bütün təyyarə reysləri ləğv olunub.

Ən son addım olaraq Səudiyyə hökuməti Kanadada müalicə olunan bütün xəstələrini oradan çıxarmağa başlayıb.

Financial Times qəzetinin yazdığına görə avqustun 8-də Səudiyyənin Mərkəzi Bankı və Dövlət Pensiya Fondu xaricdəki aktivləri idarə edən menecerlərə bütün ziyanına baxmayaraq Kanadanın hökumət bondlarından və başqa qiymətli kağızlarından izal olmağı tələb edib.

Avqustun 8-də Səudiyyənin xarici işlər naziri Adel al-Jubeir əlavə tədbirlərlə hədələyərək deyib ki, bu məsələ danışıqlar mövzusu ola bilməz, çünki bütün məsuliyyət Kanadanın üzərinə düşür.

Buna baxmayaraq Kanada nəinki geri çəkilməyib, hətta Səudiyyədəki insan haqları kampaniyaçılarının və fəallarının müdafiəsinə çağırışlarını gücləndirib.

Avqustun 6-da Kanadanın xarici işlər naziri Chrystia Freeland deyib:

"Kanada hər zaman Kanadada və bütün dünyada insan haqlarını müdafiə edəcək. Qadın haqları da insan haqlarıdır”.

Bəs iki ölkə arasında getdikcə qızışan bu mübahisənin ticari münasibətlər üçün nə təsiri ola bilər? Kanada və Səudiyyə arasında ticarət ötən il 4 milyard dollardan bir qədər çox olub. Bunun böyük bir hissəsini Səudiyyənin Kanadadan alacağı pulemyotlu döyüş maşınlarına dair ziddiyyətli sövdələşmə təşkil edir.

2016-cı ildə imzalanmış bu saziş indi həyata keçməyə bilər.

Lakin digər tərəfdən ticarətin həcmlərinə görə Səudiyyə Kanadanın 17-ci partnyorudur. Təbiidir ki, bunun böyük qismini Səudiyyənin Ottavaya neft ixracı təşkil edir.

Hərçənd OilPrice.com yazır ki, Kanada son illərdə xarici neftdən asılılığını demək olar aradan qaldırıb.

Səudiyyə dövlət mediasının yazdığına görə bu mübahisədə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Fələstin hakimiyyəti Riyadın tərəfini saxlayır.

Kanadanın ən yaxın müttəfiqi olan ABŞ bu mübahisədən kənarda qalmağa çalışır.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert avqustun 8-də keçirilən brifinqdə deyib ki, bu iki ölkə, aralarındakı mübahisəni diplomatik kanallarla həll etməlidirlər.

“Biz bunu onların əvəzinə edə bilmərik. Onlar bunu özləri və birlikdə çözməlidirlər”.

Lakin insan haqları kampaniyaçıları Kanadanın sərt mövqeyini alqışlayırlar. Qadın haqları kampaniyaçısı Manal-al-Sharif Ottavaya təşəkkürünü bildirib və dünyanın başqa ölkələrini Kanadadan nümunə götürməyə çağırıb.

Amnesty International təşkilatı da buna bənzər bəyanatla çıxış edib.

Təşkilatın Yaxın Şərq direktoru Samah Hadid deyib:

"Səudiyyə Ərəbistanında insan haqları fəallarının təqibi davam etdikcə dünya buna biganə qala bilməz. İndi dünya hökumətlərinin bütün vicdan məhbuslarının dərhal və qeyd-şərtsiz olaraq azad edilməsi üçün Səudiyyə üzərinə təzyiqləri artırmaq yolunda Kanadaya qoşulması vaxtıdır…”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG