Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 13:34

Ötən ilin sentyabrında Qurban bayramı münasibətilə Çeçenistandan Adıgey Respublikasına qurbanlıq qoyunlar göndərilib. Ancaq, əsasən, ekoloji məsələlərə fokuslanan Yaşıllar Partiyasının respublika şöbəsinin rəhbəri Valery Brinikh hesab edir ki, Çeçenistan rəhbəri Ramzan Kadyrov-un hədiyyəsi qismən talanıb. İndi V.Brinikh həmin qurbanlıq qoyunlar barədə respublika rəhbərliyinə müraciət göndərərək onlardan cavab gözləyir.

DURUMU ARAŞDIRMAQDANSA...

«Bir insan şəxsən öz adından sədəqə verəndə, yalnız Allahın qarşısında hesabat verir. Ancaq ehtiyacı olanlara sədəqə kimi ünvanlı paylanılması üçün əmlakın dini quruma (hüquqi şəxs) verilməsi tamamilə başqa məsələdir. Təşkilat hüquqi şəxsdir. O, qanunvericiliyə əməl etməli, maliyyə hesabatına malik olmalı, ünvanlı ianələrə görə məsuliyyət daşımalıdır», – deyə V.Brinikh Facebook-da yazır.

Hüquq-mühafizə orqanları isə qurbanlıq heyvanlarla bağlı durumu araşdırmaqdansa, fəalların özləri ilə maraqlanmağa başlayıblar.

Aprelin 25-də ekoloqu Rusiya İstintaq Komitəsinin Adıgey şöbəsinə çağıraraq, Facebook səhifəsində qurbanlıq qoyunlar haqda paylaşımlar etmək faktı üzrə dindiriblər. Müstəntiqlər onu ilahiyyatçı ekspertizaların hazırladıqları iki qərarla tanış ediblər.

«YENİ CİNAYƏT İŞİ DÜZÜB-QOŞACAQLAR»

«Bu, sifarişli uydurmadır, ancaq belə çıxır ki, mən «dindarların hisslərinin təhqir olunması» mövzusunda nə düşünüb tapmaq olarsa, hamısına görə günahkaram. Güman ki, ekstremizmlə bağlı yeni cinayət işi düzüb-qoşacaqlar», – deyə V.Brinikh «Kavkaz.Realii» saytına müsahibəsində bildirib.

Adıgey fəalları: solda Zaurbiy Chundyshko, ortada Valery Brinikh, ən sağda Sergei Koblev
Adıgey fəalları: solda Zaurbiy Chundyshko, ortada Valery Brinikh, ən sağda Sergei Koblev

«Adıge Xase-Çerkesski sovet» (Çərkəz şurası) şəhər ictimai təşkilatının sədri Zaurbiy Chundyshko hüquq-mühafizə orqanlarının Yaşıllar Partiyasının respublika şöbəsinin sədrinə və üzvlərinə qarşı hərəkətlərini ictimaiyyətə təzyiq kimi qiymətləndirir. O hesab edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bu yolla fəalların siyasi və ictimai fəaliyyətinə mane olurlar.

Məsələn, Z.Chundyshko-nun özünün «Adıge Xase» təşkilatındakı müavini Sergei Koblev aprelin 9-da Ekstremizmlə Mübarizə Mərkəzinə çağrılıb. Həm Chundyshko, həm də Koblev həm də Yaşıllar Partiyasının üzvləridir. Koblev-i Brinikh-in ərizəsi üzrə ifadə verməyə çağırıblar. Bir neçə suala cavab verəndən sonra Koblev söhbətin nədən getdiyini anlayıb və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 51-ci (heç kəs özünə qarşı ifadə verməyə borclu deyil) maddəsinə istinad edərək, müstəntiqlə ünsiyyəti yekunlaşdırıb.

ÇAĞIRIŞ VƏRƏQİNİ İMZALAMAYIB

Elə həmin gün Koblev-dən sonra Ekstremizmlə Mübarizə Mərkəzindən (bu mərkəzə «E» mərkəzi də deyilir) Z.Chundyshko-ya zəng vuraraq, onu da ifadə verməyə çağırıblar. Ancaq o, çağırışa tabe olmaqdan imtina edib.

Lakin mərkəzdən zəng vuran əməkdaş bununla məsələni bitmiş hesab etməyib. O, təşkilatın ofisinə gəlib. Bu zaman qurumun heyəti həmin gün yaranmış xoşagəlməz durumu müzakirə etməkdən ötrü təcili yığıncaq keçirirmiş. Bu dəfə dövlət idarəsinin əməkdaşı Chundyshko-nun xüsusi çağırış vərəqəsini imzalamasını tələb edib. Həmin sənədə görə, Chundyshko mütləq ertəsi gün ifadə verməyə Ekstremizmlə Mübarizə Mərkəzinə getməli idi. Chundyshko istirahət günü olduğunu deyərək və çağrılmamış qonağın təhqiramiz davranışına görə çağırış vərəqini imzalamaqdan imtina edib.

Görünür, fəalların Çeçenistan rəhbərinin Adıgey sakinlərinə hədiyyəsinin başına gələnləri aydınlaşdırmaq istəyi müstəntiqlərin marağına səbəb olub. Ancaq hələlik, onların marağı yalnız fəalların özləri ilə bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG