Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:41

Kadırov deyir ki, “əsl çeçen” insan haqları müdafiəçisi olmaz


Ramzan Kadırov
Ramzan Kadırov

Çeçenistanın Kreml tərəfindən dəstəklənən lideri Ramzan Kadırov insan haqları qrupları barədə kəskin tənqidlər səsləndirib və əyalətdə həbs olunmuş fəala qarşı ittihamların uydurma olduğuna dair mülahizələri rədd edib.

Yanvarın 17-də Çeçenistan hökumətinin televiziya ilə translyasiya edilən iclasında Kadırov Memorial Rusiya insan haqları təşkilatı Çeçenistan filialının rəhbəri Oyub Titiyevin həbsi barədə geniş bəyanat verib.

Yanvarın 9-da Titiyevi həbs etmiş polis onun üstündən marixuana tapıldığını iddia edir. Titiyev bu iddiaları rədd edir.

Memorial və başqa kampaniyaçılar 60 yaşlı Titiyevin mömin müdsəlman olduğunu, spirtli içkilər və narkotik maddələr qəbul etmədiyini bildirir, ona qarşı ittihamları qondarma adlandırırlar. Qərb hökumətləri və beynəlxalq təşkilatlar Tiyiyevin dərhal azad olunmasına çağırıblar.

Kadırov bütün bu bəyanatları rədd edib və Titiyevi “narkoman” adlandırıb. O insan haqları müdafiəçilərinin “əsli və kökü, milliyyəti və dini olmayan adamlar” olduğunu deyib.

Kadırov bildirib: “Qəribə deyildirmi ki, BMT və ABŞ Dövlət Departamenti Kurçaloy rayonunda bir nəfərin marixuana ilə tutulması barədə hay-küy qaldırlıblar. Biz başqa narkomanları həbs edəndə onlar niyə səslərini çıxarmırdılar? Onlar niyə əmindirlər ki, Titiyev narkotik maddələrdən istifadə etməyib. Biz narkotik işlətdiklərinə görə 60-70 yaşlı adamları həbs edirik. Bunu niyə həbs edə bilmərik? Əlbəttə edə bilərik”.

Kadırov iddia edib ki, “əsl çeçen” insan haqları təşkilatları üçün işləməz:

"Mən özünə çeçen deyən adamların bu qruplarla işlədiyini eşidəndə təəccüblənirəm. Məni onların qarşısını almayan qohumları da təəccübləndirir. Onlar bilməlidirlər ki, öz əməllərini bizim respublikada həyata keçirə bilməyəcəklər”.

İnsan haqları qrupları bildirirlər ki, Kremlə güvənən Kadırov 2007-ci ildən bəri respublikanı repressiv üsullarla idarə edir və özünün təhlükəsizlik qüvvələri üçün cəzasızlıq ab-havası yaradıb.

Onlar bunu da deyirlər ki, Çeçenistanda baş verən adam oğurlanmalarına, yoxa çıxmalara, işgəncə və qətllərə görə Kadırov şəxsən məsuliyyət daşıyır.

Kadırovun bu bəyanatlarından bir neçə saat əvvəl Memorial təşkilatının qonşu İnquşetiyadakı ofisinin maskalılar tərəfindən yandırıldığını göstərən videogörüntülər yayılıb.

Memorial bu hadisəni də Titiyevin həbsi ilə əlqələndirir. İnsan haqları qrupları bildirirlər ki, bu hücumlardan məqsəd insan haqları müdafiəçilərinin Şimali Qafqazdan qaçaq salınmasıdır.

Kremlin tənqidçiləri deyirlər ki, Putin Çeçenistanda separatçı duyğuların qarşısını amansızlıqla alan Kadırovun hərəkətlərinə göz yumur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG