Türkiyə və Qatar rəsmiləri Kabil beynəlxalq hava limanının necə idarə olunacağına dair planı Taliban liderlərinə təqdim etmək üçün Əfqanıstana yola düşüblər.
Əgər plan qəbul olunarsa hava limanı tamamilə Türkiyə və Qatar şirkətlərinin idarəçiliyinə keçəcək.
Bu həftə Dohada keçirilmiş məsləhətləşmələrin ardınca iki ölkənin nümayəndə heyətləri dekabrın 23-də Kabilə gəlməli idilər.
Türkiyə hələ ABŞ və Qərb qüvvələri Əfqanıstanı tərk etməzdən 6 il əvvəl Kabil limanının mühafizəsinə və idarə olunmasına kömək edirdi.
Taliban kömək istəyir
Türkiyə bəyan edib ki, o hava limanının idarə olunmasında Taliban hakimiyyəti ilə əməkdaşlıq etməyə hazırdır.
NATO üzvü Türkiyənin Əfqanıstanla uzunmüddətli sıx əməkdaşlığı olub.
Qatar isə son bir ildə Talibanla ABŞ arasında gedən danışıqlara ev sahibliyi edib.
Avropa İttifaqı noyabrda bildirmişdi ki, Taliban Qatarda keçirilən danışıqlarda Kabil hava limanının idarə olunması üçün kömək istəyib.
Həmin görüşdə Aİ və Taliban nümayəndələri qışın yaxınlaşdığı bir vaxtda Əfqanıstanda pisləşməkdə olan humanitar vəziyyətdən narahatlıq ifadə etmişdilər.
Danışıqlarda habelə ölkəni tərk etmək istəyən əcnəbilər və əfqanlar üçün hava limanlarının açıq saxlanmasının vacibliyi qeyd olunmuşdu.
ABŞ və Qərb müttəfiqləri Əfqanıstandan minlərlə insanı evakuasiya etsə də, çıxmaq istəyənlərin heç də hamısı ölkəni tərk edə bilməyib.