Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:06

İşğal altında olan Kəlbəcərin icra hakimiyyətinə Mercedes lazımdırmı?


Bahalı məmur maşınları haqda danışırıq
Gözlə

No media source currently available

0:00 0:14:49 0:00

Bahalı məmur maşınları haqda danışırıq

Məmurların bahalı xidməti avtomobilləri zaman-zaman yerli medianın əsas müzakirə mövzusna çevrilir. Dəfələrlə prezident də məmurlara xarici avtomobil almaqdansa, yerli istehsal olan maşınlara üstünlük verməyi tapşırır. Bəs, niyə məmurlar hələ də bahalı avtomobil sürməyə can atırlar?

1992-93-cü illərdə Azərbaycan Xalq Cəhbəsinin hakimiyyəti dövründə bir il Salyan rayonunun icra başçısı işləmiş Əladət Yusub deyir ki, əvvəllər xalq bu məsələyə indiki kimi biganə deyildi. Keçmiş icra başçısı öz başına gələn bir hadisəni bizimlə bölüşür:

“Mən icra başçısı təyin olunmamışdan bir neçə ay əvvəl rayon icra hakimiyyəti üçün yeni bir avtomobil sifariş olunmuşdu. Elə oldu ki, bu avtomobil rayona mən vəzifəyə keçəndən 4-5 ay sonra gətirildi. Cəmi o vaxtkı pulla 29 min rubl idi. Bu o vaxt rayonda bir səs-küy yaratdı. Xalq üçün gözlənilməz bir hal idi ki, yeni gələn icra başçısı gələn kimi də özünə yeni avtomobil aldı. Amma indi kim daha çox bahalı maşında gəzə bilirsə, o icra başçıları arasında nüfuzlu şəxs kimi seçilir”.

Ədalət Yusub deyir ki, xalq sanki məmurların büdcə pullarını talamasına, səmərəsiz xərclənməsinə alışıb.

Son günlər sosial şəbəkələrin əsas müzakirə mövzularından biri Kəlbəcər rayon İcra Hakimiyyəti üçün “Mercedes Benz S350″ model minik avtomobili almaq üçün elan verməsidir.

Mercedes Benz-in rəsmi saytında bu avtomobilin yeni modelinin baza qiyməti 95 min avro, hardasa 200 min manata yaxındır.

Sosial mediada tənqidlərdən sonra Kəlbəcər rayon İcra hakimiyyəti və Maliyyə Nazirliyinin rəsmiləri belə bahalı maşın almaq planını təkzib etdilər, icra hakimiyyətinin rəsmisi əslində yeni deyil, işlənmiş maşın almaq istədiklərini söylədi. Amma bildirib ki, tenderdə 55 min manata Azərbaycan və İranın birgə İstehsalı olan Xəzər avtomobili alıblar.

Ədalət Yusub isə ehtimal edir ki, bəlkə də icra hakimiyyətinin belə bir avtomobil almaq planı olub, sadəcə cəmiyyətin narazılığından sonra bu qərardan çəkiliblər.

Amma “Güzəran” Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli deyir ki, bahalı avtomobillərdə gəzən məmurların sayı kifayət qədərdir.

Məmurlar Naxçıvan avtomobillərində gəzməlidirlər

Bu məsələyə tək ictimai fəallar yox, elə prezident İlham Əliyevin özü də bir neçə dəfə bu mövzuya toxunub, məmurları təvazökar olmağa çağırıb.

O, 2016-cı ildəki çıxışında məmurların öz kabinetlərinə xarici ölkə istehsalı olan mebellər almasını, xarici xidməti maşınları sifariş etməsini israfçılıq adladınırıb:

“Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir. Beləliklə, biz israfçılığa yol verməyəcəyik, xərclər azalacaq, valyuta xaricə getməyəcək, yerli istehsal güclənəcək. Ona görə mənim göstərişim hamıya aiddir. Bundan sonra belə də olmalıdır. İndi o vəziyyət deyil ki, kimsə özü üçün xüsusi bir avtomobil alsın, özü də dövlət hesabına”.

Yeri gəlmişkən, prezidentin özü də yerli istehsal olan avtomobillərdən deyil, Almaniya istehsalı olan Mercedes-dən istifadə edir.

Keçmiş icra başçısı Ədalət Yusub da düşünür ki, İlham Əliyev tapşırıqlarının nəticə verməsini istəyirsə, tövsiyyələrinə özündən və yaxın çevrəsindən başlamalıdır.

O yada salır ki, nəinki prezidentin özünü və nazirləri, digər ikinci dərəcəli məmurları belə bir neçə maşın müşayət edir. Bütün bunlar isə büdcə pullarının israfıdır.

Nazirlər, komitə sədrləri, agentlik rəhbərləri, icra başçıları, üstəlik onların müavinləri və digər vəzifəli şəxslər dövlət büdcəsi hesabına xidməti avtomobillərlə təmin olunurlar. Azərbaycanda dövlət qurumlarının xidməti avtomobil parkı haqda məlumatlar ictimaiyyətə açıqlanmadığından ekspertlər bu sahəyə ayrılan xərcləri hesablaya bilmirlər.

Güzəran Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli hesab edir ki, bu sahədə ciddi islahatlara ehtiyac var və xərclər azaldılmalıdır:

“Standart olaraq, xidməti avtomobillər çox ucuz qiymətə alınmalıdır. Çünki bunun təmir və digər xərcləri də var. Bu xərclər azaldılmalı, büdcə üçün yükə çevrilməməlidir. Bütün dünya ölkələrinə baxın, məmurların xidməti avtomobilləri orta təbəqədən olan vətəndaşın maşını ilə eynidir. Biz də ciddi şəkildə bu sahədə xərclərin optimalaşdırılmasına ehtiyac var”.

Prezident fərmanlarının icrası şəffaf deyil

Prezident İlham Əliyev bu ilin yanvarında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı fərman izmalayıb.

Həmin fərmanda qeyd olunur ki, xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısı prezident ilə razılaşdırılmalıdır. Üstəlik, həmin siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə aid xidməti avtomobillər özəlləşdirmədən ötrü Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməlidir.

Hökumətin bu fərmanın icrası ilə bağlı hansı işləri gördüyünü, məmurların hələ də bahalı maşınlarda gəzməsi haqda tənqidlərə Maliyyə Nazirliyindən cavab ala bilmədik.

Lakin Nazirliyin sözçüsü Mais Piriyev bu günlərdə yerli mediaya deyib ki, dövlət büdcəsində yerli icra hakimiyyəti orqanlarına hər hansı bahalı, dəbdəbəli nəqliyyat vasitəsinin alınması üçün vəsait nəzərdə tutulmur. Amma o bu müsahibəsinin Kəlbəcər rayon İcra hakimiyyətinin elan etdiyi tenderlə bağlı olmadığnı deyib. Belə bir tələbin nazirlər və digər yüksək vəzifəli şəxslər qarşında da olub-olmadığını aydınlaşdıra bilmədik.

AzadlıqRadiosu Bakı sakinlərinin də fikirlərini öyrənib:

Bakı sakinləri bahalı məmur maşınları haqda
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Prezident özü də başda olmaqla, müstəqil ekspertlər də xidməti avtomobillərə ayrılan xərclərin azaldılmasının zəruriliyini vurğulayırlar.

İqtisadçı Rövşən Ağayev bu sahədə konkret nəticələrin əldə olunması üçün məmurların avtomobillərindən ötrü yuxarı qiymət həddinin müəyyən olunması təklif edir.

Hələlik, müstəqil ekspertlərin bu təkliflərinə dövlət rəsmilərindən bir reaksiya yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG