Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

'Məmurların avtomobilləri üçün qiymət həddi olmalıdır'-Media icmalı


Müəllim
Müəllim

Prezident İlham Əliyevin Qarabağ uğurunda döyüşlərdə həlak olan insanların vərəsələri ilə görüşü, xidməti avtomobillərdən istifadə sahəsində vəziyyət, müəllimlərin maaşı və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Müəllimlərin əməkhaqqısı dolanışığa yetərli deyil»

«Yeni Müsavat» qəzetində «Müəllimlərin maaşı və əmək şəraiti: dünyada və bizdə…» sərlövhəli yazı oxumaq olar.

Müəllif bir sıra xarici ölkələrlə müqayisədə Azərbaycanın təhsil sektorunda əmək haqlarının səviyyəsini ekspert Kamran Əsədovla müzakirə edib. K.Əsədov deyib ki, bir çox inkişaf etmiş ölkələrin müəllimləri Azərbaycanla müqayisədə təxminən 10 dəfə çox maaş alırlar: «2014-2017-ci illərdə Təhsil Nazirliyinin diaqnostik qiymətləndirməsindən keçən müəllimlərin orta aylıq əməkhaqqı 465 manatdır. Prezident İlham Əliyev orta təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının 2015-ci ildə iki dəfə, 2018-ci ildə isə 10 faiz artırılması haqqında sərəncam imzalayıb».

Ekspert bildirib ki, ölkə başçısının müvafiq sərəncamından sonra müəllimlərin vəzifə maaşları pedaqoji stajdan asılı olaraq artıb. Onun sözlərinə görə, ali təhsilli müəllim üzrə bu, 320 manatdan 410 manata, orta ixtisas təhsilli müəllimdən ötrü isə 290 manatdan 350 manatadək müəyyən edilib.

K.Əsədov bildirib ki, hazırda müəllimin 1 dərs saatının dəyəri orta hesabla 34 faiz artıb. O habelə vurğulayıb ki, Azərbaycan müəllimlərinin maaşı tək inkişaf etmiş ölkələrin müəllimlərinin maaşlarından geri qalmır. Onun sözlərinə görə, bu ölkədə müəllimin əməkhaqqısı bir sıra sahələrlə müqayisədə də azdır: «Deməli, müəllimlərin aldıqları maaş normal dolanışıq üçün yetərli deyil. Ona görə, öncə düşünürəm ki, müəllimlərin əmək haqları artırılmalıdır».

Xidməti maşınlar
Xidməti maşınlar

Məmurların xidməti avtomobilləri

Modern.az saytında ««Məmurlar hədsiz sayda xidməti maşınlar götürüb» - deputat və ekspertdən maraqlı açıqlamalar» sərlövhəli yazı yer alır.

Müəllif yazının başlığına çıxarılan mövzunu deputat və ekspertlə təhlil edib. Yazıda vurğulanıb ki, dövlət başçısının yanvarın 17-də imzaladığı fərmanla Azərbaycanda bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi nəzərdə tutulur. Müəllifin qeyd etməsinə görə, fərmana əsasən, xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısı prezident ilə razılaşdırılmalıdır. Üstəlik, həmin siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə aid xidməti avtomobillər özəlləşdirmədən ötrü Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməlidir.

Deputat Zahid Oruc hesab edir ki, bununla 2019-cu ildə həmin sahələr üzrə büdcə vəsaitlərinin mühüm hissəsinə qənaət ediləcək: «Bilirsiniz, cansız texnika dil açıb deyə bilmir ki, hansı şöbə müdiri, hansı nazir müavini özünün arsenalında nə qədər maşın saxlayıb, məsrəfləri nədən ibarət olub. Odur ki, bu məsələ ilə bağlı birdəfəlik çözüm tapılmalıdır».

İqtisadçı-ekspert Rövşən Ağayev də bu addımı doğru sayır: «Hətta mən təklif etmişdim ki, xidməti avtomobillərlə yanaşı, şəxsi avtomobillər də nəzarətə götürülsün. Bu məsələ 2005-ci ildə qəbul olunmuş «Məmurların gəlir deklarasiyası haqqında» Qanunda da öz əksini tapıb».

R.Ağayev hesab edir ki, indi əsas təkliflərdən biri məmurların avtomobillərindən ötrü yuxarı qiymət həddinin müəyyən olunmasıdır: «2008-2009-cu illərdə satınalmaların şəffaflığı ilə bağlı layihə çərçivəsində məmur maşınlarının monitorinqini aparmışdıq. Təəssüf ki, informasiya qapalı olduğu üçün faktlar açıqlanmadı».

R.Ağayevə görə, daha vacib bir məsələ dövlət qurumlarının hər ilin sonunda xidməti avtomobil parkını açıqlamasıdır.

Prezident vərəsələrə 11 min manat ödənilməsi ilə bağlı fərmana dəyişiklik etdi
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

«Xalqa xidmət»

«Azərbaycan» qəzetində «Xalqa layiqli xidmətin İlham Əliyev nümunəsi» sərlövhəli yazıda dövlət başçısı İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olan insanların bəzilərinin ailə üzvləri ilə görüşü dəyərləndirilir. Belə bir görüş yanvarın 28-də gerçəkləşib.

Yazıda vurğulanıb ki, Qarabağ uğurunda döyüşlərdə həlak olan hərbi qulluqçuların vərəsələrinə 11 min manat müavinət ödənilməsi ilə bağlı dövlət başçısının 2018-ci ilin aprelində imzaladığı fərman bu kateqoriyadan olan insanların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə verilib. Müəllif bildirir ki, həmin vaxtdan indiyədək 3100 hərbi qulluqçunun vərəsələrinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait təqdim edilib. Hazırda 6444 hərbi qulluqçunun vərəsələrinə ödənişlər davam etməkdədir.

Yazıda habelə bildirilib ki, dünən, yanvarın 28-də prezident növbəti bir fərman verərək müavinət alacaq vərəsələrin siyahısını genişləndirib. Müəllif vurğulayıb ki, bu fərmandan ölkənin ərazi bütövlüyü uğurunda həlak olan daha 2725 şəxsin vərəsəsi yararlana biləcək. Onlardan 2264 nəfər hərbi qulluqçu olub. Amma onlara görə, az sığorta alınıb. Daha 461 mərhum isə Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olan polislərdir...

XS
SM
MD
LG