Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:28

'...Köşklərdə qəzetdən başqa, nə desən satılır'


Bakıda qəzet köşkü

Ötən həftə, oktyabrın 15-də prezidentin yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısı çıxışında medianın fəaliyyətinə də toxunub. Dövlət başçısı media qurumlarının məmurlar arasındakı kompromat savaşında alətə çevrildiyini və bunun dözülməz olduğunu vurğulayıb.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı hesab edir ki, media sahəsində indiki durumun yaranması ona olan münasibətdən irəli gəlir. O deyir ki, müstəqilliyin ilk illərində Azərbaycanda azad söz deyən, azad fikir çap edən mətbuat əmələ gəlib, amma sonradan mediada partiyalaşma dövrü başlayıb.

«İnhisar olan yerdə isə reklama yer qalmadı»

Bununla belə, E.Şıxlı hesab edir ki, bu dövrdə professional tələblərə uyğun az saylı müstəqil media qurumları da fəaliyyət göstərib. Onun sözlərinə görə, Azərbaycanda bazar iqtisadiyyatı geniş vüsət ala bilməyib, bir çox hallarda məmur inhisarı mövcud olub:


«İnhisar olan yerdə isə reklama yer qalmadı. Reklama da yer qalmayanda azad, peşəkar, müstəqil mətbuat heç cür dolana bilməzdi. Sonradan qəzet yayım sistemi darmadağın edildi. Qəzet köşkləri var, amma bilirik ki, həmin köşklərdə qəzetdən başqa, nə desən satılır».

E.Şıxlı deyir ki, sonradan xoş niyyətlə medianın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bəzi qurumların yaradılması ideyası ortaya gəldi, amma bu da gözlənilən nəticəni vermədi: «Həmişəki kimi bizdə bu sahəyə baxan adamlar bu qurumların nizamnamələrinə o qədər əl gəzdirdilər ki, sonunda qurumu «dişsiz» bir quruma çevirdilər».

E.Şıxlı
E.Şıxlı

«Tədricən ənənəvi, peşəkar mətbuat ələbaxımlı oldu»

O, daha sonra mediaya ayrılan vəsaitlərdən danışıb: «... Düzgün istifadə olunmadı, lazımsız şeylərə xərclədilər, mətbuatın inkişafına, mətbuata dəstək olmaq əvəzinə mətbuatı ələbaxımlı etdi. Beləliklə, tədricən, ənənəvi, peşəkar mətbuat ələbaxımlı oldu, bir söz deyə bilmədi. Camaat da sosial şəbəkələrə üz tutdu».

E.Şıxlıya görə, vəziyyət o dərəcəyə çatıb ki, artıq jurnalistika ictimai rəy formalaşdırmaq, ona təsir etmək, onu yönləndirmək kimi funksiyalarını Azərbaycanda tamamilə itirib. Onun fikrincə, ölkədə sovet dövründən qalma yanlış siyasət yürüdülür:


«Çünki informasiya ilə işləmək peşəkarlıq, qabiliyyət, məntiq tələb edir. Bunlar olmadığı üçün kütləvi informasiya vasitələrini (KİV) ələ almağa başladılar. Ev verdilər və s. Nəticədə vəziyyət o dərəcəyə çatıb ki, indi dövlətin informasiya təhlükəsizliyi hazırda çox zəif və aşağı səviyyədədir».

E.Şıxlıya görə, ölkədə islahatlara doğru hansısa addımlar atılır: «...Bu nöqteyi-nəzərdən prezident artıq özü də vəziyyətin dözülməz olmasını bu müşavirədə bir neçə dəfə xatırlatdı».

«Kompromat döyüş meydanı»

O hesab edir ki, böyük pullara sahib olan hansısa nazirliyin informasiya strukturu yaratması, hansısa nazirlərə qarşı kompromat toplaması yeni məsələ deyil, qarşı tərəf də həmin addımı atır: «Beləliklə də media kompromat döyüş meydanına çevrilir. Media özünün maarifləndirmə, məlumatlandırıcı funksiyalarını itirir, ictimai rəyə təsir edə bilmir, bu da ümumiyyətlə, hökumət, dövlət üçün çox arzuolunmaz haldır».

A.Quliyev
A.Quliyev

«Medianın islahatlara dəstək verən hissəsi daha böyükdür»

«Bakı Xəbər» qəzetini baş redaktoru Aydın Quliyev isə deyir ki, prezidentin nəzərdə tutduğu həmin orqanlar hazırda Azərbaycan mediasının həlledici və aparıcı hissəsi deyil. Onun fikrincə, medianın islahatlara dəstək verən, dövlətçilik mövqeyində dayanan hissəsi daha böyükdür, daha fəaldır: «Amma az şəkildə də olsa, media orqanlarının sırasında müəyyən qədər şəxsi təsirlərin altına düşən, bəzi məmurların arasında gedən çəkişməyə qarışan media orqanları var. Əlbəttə, əgər prezidentin çıxışında bu fakt səslənirsə, demək, məsələ ciddidir, böyükdür, bununla bağlı, görünür, prezidentin hansısa ciddi ölçü götürmək planı var».

A.Quliyev daha sonrada əlavə edib ki, prezidentin bunu açıq şəkildə deməsi bu istiqamətdə müəyyən islahatlar aparılacağının, dəyişikliklər ediləcəyinin göstəricisidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG