Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 04:25

CPJ jurnalistlərə yeni təhlükələrdən danışır


Sərhədsiz Reportyorların Parisdə aksiyası - 2012

Jurnalistlərin yeni təhlükələrlə üzləşməsi onların təhlükəsizliyini qorumaqdan ötrü yeni yanaşma tələb edir. Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) bu gün – fevralın 21-də yaydığı hesabatda belə deyilir.

Hesabat müəllifləri zorakılığın artmasının, qanunun aliliyinin təmin olunmamasının, dirçələn avtoritarizmin, həmçinin azad fəaliyyət göstərən reportyorlara ehtiyacın və etimadın artmasının jurnalistlərin həyatına çox böyük təsir göstərdiyini qeyd edirlər. Bütün bunların fonunda jurnalistlərin təhlükəsizliyinin təminatından ötrü daha çox iş görməyə ehtiyac olduğu vurğulanır.

AVTORİTAR REJİMLƏR QANUNLARINI POZURLAR

«Texnoloji dəyişikliklər daha çox adamın jurnalistikayla məşğul olmasına imkan verir, amma bu dəyişikliklər eyni zamanda yeni təhlükələr yaradır, jurnalistlərin nəzarətdə saxlanmasına, asanlıqla izlənməsinə şərait yaradır. Buna cavab olaraq böyük qurumlar və beynəlxalq təşkilatların işçiləri əlavə təhlükəsizlik tədbirləri görürlər. Ancaq azad fəaliyyət göstərən, yerli jurnalistlər təhlükəsizliklə bağlı mənbələrdən, o cümlədən avadanlıqdan, təlimlərdən məhrumdurlar», – hesabatda deyilir.

CPJ-nin hesabatında həmçinin, avtoritar rejimlərin öz qanunlarını pozduğu, araşdırma aparanları, hökuməti tənqid edənləri senzuraya məruz qoyduğu, ya da həbsə atdığı deyilir. Bunun jurnalistlərdə qorxu, özünüsenzura hissini artırdığı, onların azadlığını əlindən aldığı, repressiyaların jurnalistlərin həyatını təhlükə altında qoyduğu vurğulanır.

Jurnalistlərə təhlükələrin mənbələri fərqlidir. Yaxın Şərqdə münaqişələr jurnalistlərin fəaliyyətini məhdudlaşdırır, onların qaynar nöqtələrdən çəkinməsinə səbəb olur. Komitə Suriyada müharibə başlanandan bəri 100 jurnalistin girov götürüldüyünü, Meksikada cinayətlərdən yazan 26 jurnalistin qətlə yetirildiyini, müxtəlif ölkələrdə 259 jurnalistin öz peşəsinə görə barmaqlıqlar arasında qaldığını müəyyən edib. CPJ həbsə atılan jurnalistlərin sayının təşkilat fəaliyyətə başlayandan – 1990-cı ildən bəri ən yüksək həddə çatdığını vurğulayır.

BU İL TÜRKİYƏDƏ AZI 80 JURNALİST TUTULUB

Həbs olunan jurnalistlərin sayına görə Türkiyə diqqəti özəlliklə çəkir, bu il ölkədə 80-dən çox jurnalist tutulub.

CPJ bildirir ki, sağlam demokratiya idarəolunan deyil, müstəqil xəbər və fikirdən asılıdır. Jurnalistlər isə bu azad fikir axınını təmin edən əsas qüvvələrdir. Ona görə də, onlara qarşı hədə- qorxularla, qəddarlıqla əvvəlki kimi deyil, daha ciddi mübarizə aparmaq zərurəti yaranıb.

Təşkilat jurnalistləri təhlükə mənbələriylə tanışlığa, məlumatlanmağa can atmağa, zorakılıq və qəddarlıqla birlikdə mübarizə aparmağa çağırır. Mətbuatın azadlığı uğrunda mübarizə aparan təşkilatları isə yanaşmalarını dəyişməyə, jurnalistlərə daha əhatəli – həm fiziki, həm psixoloji, həm də texniki yardım etməyə səsləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG