Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:17

Jurnalistin ölüm işi: 'O görüntülərə baxanlar qoyun idi?'


Rasim Əliyev
Rasim Əliyev

Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökm dəyişdirilmədən qüvvəsində saxlanılıb.

Aprelin 26-da Bakı Apellyasiya Məhkəməsində Qədim Babayevin sədrlik etdiyi hakimlər kollegiyası bu haqda qərar çıxarıb.

Amma qərardan öncə təqsirləndirilən şəxslər və onların vəkilləri çıxış edib.

Buna da bax:​ Jurnalistin ölüm işində unikal hadisə

“ONLARA DAHA AĞIR MADDƏLƏR VERİLİB”

Beş təqsirləndiriləndən dördünün hüquqlarını müdafiə edən Şəmsəddin Quliyev deyir ki, birinci instansiya məhkəməsində bu işə baxılanda ədalət prinsipi pozulub. Onun sözlərinə görə, təqsirləndirilənlərə törətdikləri əmələ uyğun cəza verilməyib, Samir Mustafayevin isə ümumiyyətlə, hadisədə günahı olmayıb.

Jurnalistin ölümündə əsas amilin həkim səhlənkarlığı olduğunu deyən vəkil bu məsələnin də araşdırılmadığını vurğulayıb. Ş.Quliyev iddia edib ki, məhkəmə ittiham tərəfinin əsassız ittihamlarını araşdırmamaqla onlara kömək edib:

“Əlbəttə, günahkar cəzasını çəkməlidir. Kiminsə günahı yoxdursa, ona da bəraət verilməlidir. Hesab edirəm ki, bu adamlara daha ağır maddələr verilib. Samir Mustafayevin hansısa cinayət əməli törətməsi isə nə istintaqda, nə də məhkəmədə sübuta yetirilib. Əgər hadisə yerinin videogörüntüləri və Rasim Əliyev xəstəxanada olarkən jurnalistlərə verdiyi videomüsahibələr olmasaydı, bəlkə də ittihama inanmaq olardı. Əgər o görüntülər araşdırılsaydı, ən azı, kimin kimi vurması, kimin kömək etməsi aydın olardı. Həkimlər dindirilsəydi, ölümün əsl səbəbi ortaya çıxacaqdı”.

Buna da bax:​ Jurnalistin ölümündə təqsirli bilinənlər apelyasiya şikayəti verib

“GÖRMÜRDÜLƏR NƏ BAŞ VERİB?”

Məhkəmədə təqsirləndirilən şəxslərdən Samir Mustafayev haqqında akt tərtib olunub. Buna səbəb isə onunla hakim arasındakı sərt dialoq olub. Samir videogörüntülərə düzgün qiymət verilmədiyini deyib:

"O görüntülərə baxanlar qoyun idi? Görmürdülər nə baş verib?"

Hakim:

– Kimə deyirsən?

– Elə kim baxıbsa, düzgün qiymət verməyibsə, hamısına...

Buna da bax:​ Rasim Əliyevin anası: 'Bəs bu işi prezident nəzarətdə saxlayırdı?'

– Otur, tərbiyəsizlik eləmə...

– Siz niyə özünüzə götürürsünüz, mən müstəntiqə və Bakı Ağır Cinayətlər Məhkəməsində baxanlara deyirəm. Azərbaycanda qanun, məhkəmələrdə haqq-ədalət yoxdur. Əgər olsaydı, mən burda olmazdım. Özünüz də bilirsiniz ki, mən günahsızam. Hər şeyi sizin vicdanınıza buraxıram.

“YAPIŞMISIZ BİR DƏNƏ DAVADAN”

Ardınca prokuror çıxış edib və apellyasiya şikayətlərinin təmin olunmamasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanmasını istəyib. Bu da təqsirləndirilən şəxslərdən Camal Məmmədovun etirazına səbəb olub: “Adamın kişiliyi olar, yapışmısınız bir dənə davadan, deyirsiniz adam öldürmüsünüz...”

Hakim ona da bu cür davranışına görə xəbərdarlıq edib.

Buna da bax:​ Jurnalistin ölüm işi: ‘Bir təpiyə görə mənə 11 il iş verilib’

Bundan sonra hakimlər müşavirəyə gedib və bir neçə dəqiqədən sonra geri qayıdaraq, hökmün dəyişdirilmədən qüvvədə saxlanıldığını elan ediblər.

Xatırlatma

Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb, ayın 9-na keçən gecə Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Bu hadisə ilə əlaqədar Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. İstintaqın sonunda Cavid Hüseynov haqqında cinayət işi ayrılıb.

Cinayəti bilib xəbər verməməkdə suçlanan Cavid Hüseynov 2016-cı il mayın 31-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ötən il oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və o, azadlığa buraxılıb.

Buna da bax:​ UNESCO: 'Son 10 ildə Azərbaycanda 3 jurnalist öldürülüb'

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il azadlıqdan məhrum ediliblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG