Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:32

Jurnalistin ölüm işində unikal hadisə


Rasim Əliyev vəfat edən gün.
Rasim Əliyev vəfat edən gün.

Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsinə görə həbs olunan beş nəfərdən dördünün vəkili olan Şəmsəddin Quliyev bu ölümü doğuran xəsarətlərin xəstəxanada yetirildiyini iddia edib.

Onun fikrincə, məhz bu səbəbdən Rasim Əliyev xəstəxanaya daxil olanda çəkilən rentgen şəkli ortaya çıxarılmır. Vəkil bu iddianı martın 29-da Bakı Apellyasiya Məhkəməsində dilə gətirib.

Buna da bax:​ Jurnalistin ölüm işi: ‘Bir təpiyə görə mənə 11 il iş verilib’

Vəkil: “Onu xəstəxanada bu vəziyyətə salıb öldürüblər”

Ötən məhkəmədə Şəmsəddin Quliyev rentgen şəklinin alınması və həkimlərin əlavə şahid qismində dindirilməsi barədə vəsatətlər qaldırmışdı. Bu dəfə zərərçəkmiş tərəfin – mərhum jurnalistin anası Teyfurə Əliyevanın nümayəndəsi Fariz Namazlı həmin vəsatətlərə münasibət bildirib. O, vəkil həmkarının vəsatətlərinin təmin olunmasını istəyib: “Bu nadir işlərdən biridir ki, müəyyən məsələlərdə təqsirləndirilən tərəflə zərərçəkmiş tərəfin mövqeyi üst-üstə düşür. O şahidlərin bir neçəsinin dindirilməsi haqda birinci instansiya məhkəməsində biz də vəsatətlər vermişdik. Təəssüf ki, təmin olunmadı. İş materiallarında, rəylərdə rentgen şəkillərinə istinad edilib, amma o şəkillər ortada yoxdur. Bu işin obyektiv, hərtərəfli araşdırılması üçün vəsatətlər təmin olunmalıdır”.

“Xəsarətlər ağır idisə, niyə dərhal əməliyyat eləməyiblər?”

Qaldırdığı vəsatəti müdafiə edən Şəmsəddin Quliyev deyib ki, xəstəxanaya gələrkən, Rasim Əliyevin xəsarətləri ağır olmayıb. Müdafiəçinin sözlərinə görə, bu, rentgen çəkilişində də əksini tapdığından, şəkilləri gizlədirlər: “Rasim Əliyevin əməliyyat olunması haqda deyilənlər yalandır, onu əməliyyat eləməyiblər. Xəstəxanada onun qabırğalarını sındırıblar, dalağını, mədəaltı vəzini cırıblar. Rasim Əliyevin ölümü qəsdən törədilmiş cinayətdir. Xəstəxanada onu bu vəziyyətə salıb, öldürüblər. Xəstəxanaya gələrkən, onda ölümə səbəb xəsarətlər olsaydı, rentgen çəkilişində öz əksini tapardı. Ona görə də o çəkilişləri gizlədirlər. Əgər xəsarətləri ağır idisə, rəydə yazdıqları kimi, dalağı cırılmışdısa, niyə xəstəxanaya gələn kimi əməliyyat eləməyiblər? Hətta öz yazdıqlarına inansaq, səkkiz saat gözləyiblər”.

Buna da bax:​ Jurnalistin ölümündə təqsirli bilinənlər apelyasiya şikayəti verib

Qədim Babayevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. Bu da jurnalisti döyüb öldürməkdə suçlanan şəxslərin etirazını doğurub.

“Yoldan keçənləri gətirib şahid kimi dindirdilər, amma həkimləri yox. İndiyə qədər məhkəmədə 50 vəsatət verilib, heç biri də təmin olunmayıb. Budur məhkəmə?!”, - təqsirləndirilən Camal Məmmədov etirazını bu sözlərlə dilə gətirib.

Jurnalistin döyülməsinə və ölümünə heç bir aidiyyəti olmadığını deyən Samir Mustafayev məhkəmənin ədalətsizliyindən gileylənib: “Mənim günahım nədir? Məndən nə istəyirsiniz? Çəkələklə davaya gedərlər? Mən Ağır Cinayətlər Məhkəməsindən bəri susuram ki, görüm, bir vicdanlı adam çıxıb bu işə obyektiv baxacaqmı? Yoxdur...”.

Buna da bax: Jurnalistin ölümü ilə əlaqədar Avropa Məhkəməsinə şikayət olundu

“Oğlumun ölümündə həkimlərin də bunlar qədər günahı var”

Çıxışlar mərhələsində zərərçəkmişin nümayəndəsi Fariz Namazlı Rasim Əliyevin ölümü ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv olunub, işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını istəyib. Vəkil çıxarılan hökmün qanunsuz olduğunu vurğulayıb: “Hökmü bir hissədə qüvvədə saxlayıb, digər hissəsini geri qaytarmaq mümkün deyil. Bizim əsas narazılığımız həkimlərin məsuliyyətə cəlb olunmaması ilə bağlıdır. Məhkəmə qanunsuz ittiham aktı əsasında qanunsuz hökm çıxarıb. O hökmün ləğv olunmasını xahiş edirik”.

Zərərçəkmiş Teyfurə Əliyeva da düşünür ki, övladının ölümündə təqsirləndirilən şəxslər qədər həkimlərin də suçu var: “Əlbəttə, Cavid Hüseynovun (“Qəbələ” klubunun və Azərbaycan yığmasının futbolçusu-red.) öyrədib göndərdiyi bu azğınlaşmış adamların hərəkətləri belə bir nəticəyə gətirib çıxarıb. Cavid qarışıq, bunlar təhlükəli adamlardır. Belələri Azərbaycan futbolunda olduğundandır ki, futbolumuz inkişaf eləmir də. Hesab edirəm ki, bu adamlara verilən cəza azdır. Amma həkimlər də vaxtında lazımi tədbir görməyiblər. Biz xəstəxanaya gedib çatana qədər Rasimi iki saata yaxın dəhlizdə saxlayıblar. Hətta buna görə Rasimin Babək həkimlə mübahisəsi də olub. Rasimin ölümündə həkimlərin rolu elə bunlar qədərdir. Ona görə həkimlərin də cinayət məsuliyyətinə cəlb olunmasını istəyirik”.

Buna da bax:​ Rasim Əliyevin anası: 'Bəs bu işi prezident nəzarətdə saxlayırdı?'

Vəkil Şəmsəddin Quliyev çıxışında deyib ki, hüquqlarını müdafiə etdiyi dörd nəfərdən Samir Mustafayevə bəraət verilməlidir, çünki onun heç bir günahı yoxdur. Elşən İsmayılov, Camal Məmmədov və Arif Əliyevsə öz əməllərinə uyğun maddə ilə cəzalandırılmalıdır. Müdafiəçinin fikrincə, onlara verilən ittiham əməllərinə adekvat deyil, ağırdır.

Təqsirləndirilən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli isə çıxışa hazırlaşmağa vaxt istəyib. Məhkəmə ona aprelin 12-dək vaxt verib.

Xatırlatma

Rasim Əliyevi 2015-ci il avqustun 8-də bir qrup şəx döyüb. O, avqustun 9-na keçən gecə Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Bu olayla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. İstintaqın sonunda Cavid Hüseynov haqqında cinayət işi ayrılıb.

Buna da bax:​ UNESCO: 'Son 10 ildə Azərbaycanda 3 jurnalist öldürülüb'

Cinayəti bilib xəbər verməməkdə suçlanan Cavid Hüseynov ötən il mayın 31-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi yenə ötən il oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və cəza müddəti başa çatdığından futbolçu azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hərəsinə 9 il həbs cəzası kəsilib. Camal Məmmədov - 11 il , Arif Əliyev - 12 il 6 ay, Elşən İsmayılov - 13 il azadlıqdan məhrum ediliblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG